04 Dekabr 2025 08:35
256
İQTİSADİYYAT
A- A+
Yeni təşəbbüslər, yeni marşrutlar

Yeni təşəbbüslər, yeni marşrutlar


Azərbaycanın logistik imkanları genişlənəcək


Azərbaycan bu gün hətta dünya logistikasında vacib ölkəyə çevrilib. Biz artıq Orta dəhlizdə və "Şimal-Cənub" marşrutunda iştirakçı deyil, qərarverici ölkəyik. Azərbaycan hər iki qlobal marşrutda yükdaşıma dinamikasının daha yüksək olması üçün vaxtaşırı səmərəli təkliflərlə çıxış edir.

Ölkəmizin bu istiqamətdə apardığı məqsədyönlü siyasət partnyorlarımız tərəfindən də yüksək qiymətləndirilir. O səbəbdən bir çox məsələdə koordinator kimi Azərbaycanı gördüklərini etiraf edirlər. Yeri gəlmişkən qeyd edək ki, belə qurumlardan biri olan və mənzil-qərargahı Bakıda yerləşən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qeydiyyata alınması üzrə hüquqi prosedurlar tamamlanıb və qurum Azərbaycan qanunvericiliyinə uyğun şəkildə rəsmən qeydiyyatdan keçib. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bununla bağlı bildirib ki, Çin-Avropa istiqamətində yükdaşımaların artdığı bir vaxtda marşrutların şaxələndirilməsi xüsusi əhəmiyyət kəsb edir və Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsi bu baxımdan strateji əhəmiyyət daşıyır.

Orta dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən mühüm nəqliyyat arteriyasıdır. Noyabr ayından Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb. Onu da nəzərə çatdıraq ki, yeni Özbəkistan-Qırğızıstan-Çin dəmir yolunun tikintisi marşrutun əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, Avrasiya Nəqliyyat Marşrutu Orta dəhlizlə Trans-Əfqan dəhlizi arasında bağlantı yaradaraq Əfqanıstan və Pakistan üçün yeni logistik imkanlar açacaq. Bunlardan əlavə, Orta dəhlizin cənub qanadının inkişafı Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında əsas nəqliyyat körpüsü kimi rolunu da gücləndirəcək, tranzit həcmlərinin artmasına imkan verəcək, həmçinin Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm infrastrukturun səmərəli istifadəsini təmin edəcək. Zəngəzur dəhlizinin (TRIPP) gələcəkdə fəaliyyətə başlaması isə bu imkanları daha da genişləndirəcək.

Bu günlər assosiasiyanın üzvləri olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmir yolu administrasiyalarının rəhbər heyətləri bu qurumun fəaliyyətə başlaması üçün zəruri tədbirləri müzakirə edib və korporativ struktur, katiblik, işçi orqanların formalaşdırılması, eləcə də fəaliyyət planı təsdiq ediblər. Həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı üçün komitə və dispetçerləşdirmə, infrastruktur, kommersiya, rəqəmsallaşma, marketinq, kommunikasiya və hüquqi məsələlər üzrə işçi qruplarının əsasnamələrinin, eləcə də 2026-cı il üçün marketinq planlarının hazırlanması qərara alınıb. Razılaşdırılıb ki, assosiasiyanın fəaliyyətinin təşkili çərçivəsində marşrut üzrə intermodal daşımaların mövcud vəziyyəti təhlil olunmalı, darboğazlar müəyyən edilməli, İT həllər və rəqəmsal platformalar tətbiq olunmalı, məhdudiyyətlərin aradan qaldırılması üçün plan-qrafik hazırlanmalı və marşrutun davamlı inkişafı təmin edilməlidir. Bununla yanaşı, assosiasiyanın Avrasiya regionunda maraqlı tərəflərlə, o cümlədən Mərkəzi Avropa ölkələri, Çin və Pakistanla əməkdaşlıq əlaqələrinin qurulması, marşrutun beynəlxalq nəqliyyat sahəsində tanıdılması və rəqabət mövqeyinin gücləndirilməsi üçün təşviq tədbirləri zəruri hesab olunub.

Xatırladaq ki, "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə yaradılıb. Təşkilatın məqsədi tranzit yüklərin cəlbi, inteqrasiya olunmuş logistika xidmətlərinin inkişafı, vahid texnologiya əsasında daşıma proseslərinin koordinasiyası və səmərəli tarif siyasətinin formalaşdırılmasıdır.

Assosiasiyanın Azərbaycana həvalə olunmuş sədrliyi ADY-nin regionda aparıcı operator kimi mövqeyini daha da gücləndirir və Azərbaycanı Orta dəhlizin cənub qolunun bütün marşrutu üzrə tranzitin idarə olunduğu strateji dispetçer mərkəzinə çevirir. Bu isə tarif siyasətinin formalaşdırılması, logistika prosedurlarının standartlaşdırılması, rəqəmsal platformaların inkişafı və beynəlxalq sərmayələrin cəlb olunmasına geniş imkan yaradır.

Regionumuzla bağlı digər mühüm informasiya ölkəmizin təşəbbüsçüsü olduğu Gürcüstan, Azərbaycan, Türkmənistan və Rumıniya beynəlxalq nəqliyyat marşrutu (Xəzər-Qara dəniz dəhlizi) yaratmaq üçün bu ay müqavilə imzalanmasının gözlənilməsidir. Sənədin imzalanması Xəzər və Qara dənizləri birləşdirən yeni beynəlxalq nəqliyyat marşrutunda mühüm irəliləyişə səbəb olacaq. Yeni marşrut Xəzər regionundan Avropa İttifaqına multimodal dəhliz yaradacaq, nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, marşrutları şaxələndirəcək və regional nəqliyyatın dayanıqlığını daha da yaxşılaşdıracaq. Bunun üçün Gürcüstan gələn il Anakliya dərin su limanının tikintisini başa çatdırmaq, lokomotiv və yük donanmasını modernləşdirmək, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təkmilləşdirilməsini yekunlaşdırmaqla yanaşı, dövlət və özəl sektorlar üçün vahid rəqəmsal xidmətlərin tətbiqi üçün lazımi tədbirlər görəcək. 

Onu da vurğulayaq ki, Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu son 15 ildə Asiyadan Avropaya yükdaşımalardan pay almağa çalışan ölkələrin birgə yaratdığı növbəti marşrut layihələrindən biridir. Bu istiqamətdə fəaliyyətə başlamaq üçün qərar 2018-ci ilin oktyabrında ekspertlərin Aşqabadda keçirilmiş görüşündə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya nümayəndələrinin iştirakı ilə qəbul edilib. Marşrut Xəzər dənizinin Türkmənistan sahilindəki Türkmənbaşı limanından Ələt limanına və buradan dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına, oradan isə yenidən dəniz yolu ilə Rumıniyaya gedir.

Azərbaycanın təşəbbüsü ilə "Şimal-Cənub" marşrutunda dinamikanı artırmaq üçün də mühüm danışıqlar aparılır. Bunun nəticəsidir ki, İran artıq Naxçıvandan keçən dəmir yolu ilə yüklərin daşınmasına başlamağa hazırlaşır. Həmin istiqamətdə İranın dəmir yolları şəbəkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirilməsi üzrə müəyyən işlər görülür. 

Xəbər verildiyi kimi, Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və "Şimal-Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addımdır. Memorandumda tarif yanaşmalarının uzlaşdırılması, vahid kompleks tarifin formalaşdırılması, müntəzəm blok-qatarların buraxılması və daşımalar üzrə prosedurların təkmilləşdirilməsi nəzərdə tutulur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında proqnozlaşdırıla bilən sürətli və iqtisadi cəhətdən səmərəli logistika zənciri qurmağa imkan verəcək. Ümumilikdə razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirəcək və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli imkanlar yaradacaq.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!