Ölkəmizin etibarlı tərəfdaş imici möhkəmlənir, dialoq məkanı və qlobal təşəbbüslərin müəllifi kimi nüfuzu daha da artır
Dünyanın siyasi və iqtisadi nizamı mürəkkəb keçid dövrünü yaşayır. Ənənəvi güc mərkəzləri arasında ziddiyyətlərin kəskinləşməsi, beynəlxalq hüquq normalarının faktiki olaraq işləməməsi, mövcud təhlükəsizlik arxitekturasının zəifləməsi dövlətləri yeni nizamın formalaşması mərhələsinə sövq edir. Təbii ki, belə şəraitdə hər ölkə yeni nizamda öz yerini müəyyənləşdirməyə, strateji maraqlarını qorumağa, daha əlverişli mövqe tutmağa çalışır.
Bu mürəkkəb və çoxvektorlu dəyişikliklər fonunda Azərbaycan özünün daxili sabitliyi, uğurlu xarici siyasət strategiyası və müstəqil qərarqəbuletmə imkanları ilə xüsusi diqqət çəkir. Regional və qlobal reallıqların yenidən formalaşdığı şəraitdə Azərbaycan təkcə baş verən proseslərə uyğunlaşmır, eyni zamanda birbaşa gündəliyin müəyyən olunmasında, regional təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq modelinin formalaşmasında aparıcı rol oynayır.
Suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən ölkəmiz Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar sayəsində beynəlxalq münasibətlər sistemində strateji çəkisini əhəmiyyətli dərəcədə artırıb, özünü regional çərçivədən kənarda təsir imkanlarına malik "orta güc" kimi təsdiqləyib. Son dövrlərdə qazanılan tarixi nailiyyətlərin, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasının, dəyişən dünya nizamında mövqeyinin güclənməsində Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan müdrik siyasəti dayanır.
Dövlətimizin başçısının qlobal geosiyasi proseslərin inkişaf meyillərini vaxtında və düzgün qiymətləndirmək bacarığı və qətiyyətli mövqeyi Azərbaycanı mümkün təhdidlərdən qoruyaraq tarixi inkişaf mərhələsinə çıxarıb. Məhz Prezident İlham Əliyevin liderliyi sayəsində ölkəmiz regional lider statusunu aşaraq qlobal miqyasda söz sahibi olan, geosiyasi təşəbbüsləri dəstəklənən və rəyi nəzərə alınan müstəqil güc mərkəzinə çevrilib. Bu uzaqgörən xətt Azərbaycanın həm hərbi-siyasi müstəvidə, həm də diplomatik və iqtisadi sferada davamlı uğurlar qazanmasını təmin edən əsas hərəkətverici qüvvədir.
Bu gün Bakının dəyişən dünya nizamında mövqeyini şərtləndirən mühüm amillərdən biri ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı əvəzolunmaz roldur. Dünya bazarında karbohidrogen resurslarına və alternativ enerji mənbələrinə tələbatın kəskin dəyişdiyi, enerji xəritələrinin yenidən çəkildiyi bir şəraitdə Azərbaycan Avropanın və qonşu regionların enerji təminatını müəyyənləşdirən əsas tərəfdaş statusundadır. "Cənub qaz dəhlizi" vasitəsilə Avropa qitəsinin enerji təminatının diversifikasiyasına həlledici töhfə verən Bakı bir çox Avropa dövlətinin enerji təhlükəsizliyinin etibarlı zəmanətçisi kimi çıxış edir. Ənənəvi təbii qaz ixracı ilə yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr və "yaşıl enerji" dəhlizlərinin formalaşdırılması istiqamətində atılan addımlar Azərbaycanı gələcəyin qlobal enerji transformasiyasında ön sıralara çıxarır. Beynəlxalq tərəfdaşlar da Azərbaycanın mürəkkəb layihələri vaxtında və müvəffəqiyyətlə icra etməsini yüksək qiymətləndirirlər.
Nəqliyyat və logistika imkanları da Azərbaycanın qlobal əhəmiyyətini artırır. Mərkəzi Avrasiyanın kəsişməsində, geoiqtisadi məkanda yerləşən ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin təhlükəsiz, səmərəli və etibarlı tranzit mərkəzinə çevrilib. Qlobal tədarük zəncirlərində yaranan qırılmalar və siyasi böhranlar fonunda Azərbaycanın təşəbbüskarı olduğu Orta dəhliz Çin ilə Avropa arasında ən qısa və iqtisadi baxımdan əlverişli ticarət marşrutu kimi özünü tam doğruldub. Regionda nəqliyyat kommunikasiyalarının açılması çərçivəsində Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması bütövlükdə Avrasiya məkanının nəqliyyat və ticarət xəritəsini köklü şəkildə dəyişmək gücünə malikdir. Bakı müasir dəniz limanları, dəmir yolları, beynəlxalq hava limanları və avtomobil magistralları şəbəkəsi ilə şərqlə qərb, şimalla cənub arasında dayanıqlı və fasiləsiz körpü rolunu oynayır.
Dünyada müxtəlif güclər arasında qarşıdurmanın dərinləşdiyi zamanda fərqli qütblərin Bakı ilə tərəfdaşlıqda maraqlı olması Azərbaycanın xarici siyasətinin böyük uğurudur. Qərb, şərq, şimal və cənub mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə və maraqlara söykənən dialoq quran ölkəmiz beynəlxalq arenada etibarlı, prinsiplərinə sadiq və proqnozlaşdırılan tərəfdaş imicini möhkəmləndirib. Avropa İttifaqı rəhbərlərinin, aparıcı qitə dövlətlərinin liderlərinin və digər yüksəksəviyyəli rəsmilərin ölkəmizə mütəmadi səfərləri, imzalanan strateji tərəfdaşlıq sazişləri praqmatik siyasətin bariz göstəricisidir. Bakı heç bir blokun təzyiqinə və ya diktəsinə məruz qalmadan öz milli maraqlarını qətiyyətlə müdafiə edir. Eyni zamanda müxtəlif tərəflər arasında mediator, barışdırıcı və birləşdirici mövqe nümayiş etdirir.
Ölkəmizin artan beynəlxalq nüfuzunun və diplomatik gücünün digər mühüm göstəricilərindən biri Azərbaycanın qlobal miqyaslı tədbirlər, mötəbər forumlar və beynəlxalq platformalar üçün əsas məkanlardan birinə çevrilməsidir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə bəşəri maraqları, təşkilatın inkişafını və peyvənd ədalətsizliyi kimi qlobal problemləri müdafiə edən Bakı çoxtərəfliliyin və həmrəyliyin mərkəzi kimi tanınıb. Nüfuzlu beynəlxalq sammitlərə, COP29 kimi qlobal iqlim konfranslarına, Bakı Qlobal Forumu kimi intellektual müzakirə platformalarına evsahibliyi etməsi ölkəmizin yalnız iqtisadi və siyasi deyil, həm də qlobal ideyalar, həll yolları və təşəbbüslər generatoru olduğunu sübut edir. Müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dialoqların kəsişmə nöqtəsi olan Bakı mühüm qərarların müzakirə edildiyi və qəbul olunduğu mərkəz statusunu hər keçən gün daha da möhkəmləndirir.
Azərbaycanın artan geosiyasi çəkisini və milli gücünü şərtləndirən önəmli amillərdən biri də iqtisadi müstəqilliyin tam təmin edilməsi və hərbi potesialın davamlı olaraq modernləşdirilməsidir. Müasir standartlara cavab verən güclü ordu quruculuğu, müdafiə sənayesinin inkişafı və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi Azərbaycanı regionda hərbi-strateji balansın əsas tənzimləyicisinə çevirib. Siyasi iradə, iqtisadi suverenlik və hərbi qüdrət Bakının beynəlxalq arenada irəli sürdüyü təşəbbüslərin arxasında dayanan ən böyük təminatdır.
Bütün bu faktlar, həyata keçirilən genişmiqyaslı strategiya və əldə olunan tarixi uğurlar bir daha göstərir ki, dəyişən dünya nizamında Azərbaycanın tutduğu yüksək mövqe dərin zəkanın və ardıcıl siyasi iradənin qanunauyğun nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq hüququn aliliyini real müstəvidə bərpa edərək regional münaqişələrin həllində yeni presedent yaratdı, öz gücü hesabına tarixi ədaləti təmin etdi. Bu gün ölkəmiz Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və tərəqqinin əsas memarı kimi çıxış edir. Azad edilən torpaqlarımızda sürətlə icra olunan "Böyük qayıdış" proqramı, quruculuq işləri, müasir nəqliyyat-logistika infrastrukturu Azərbaycanın daxili gücünü və gələcəyə hesablanmış inkişaf modelini bütün dünyaya nümayiş etdirir.
Nəticə etibarilə qeyri-müəyyənliklərin, böhranların və ziddiyyətlərin hökm sürdüyü dünyada Bakı özünün prinsipiallığı, sülhməramlı təşəbbüsləri və birləşdirici rolu ilə etibarlı və qüdrətli bir dövlət kimi mövqeyini daha da sarsılmaz edir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"