23 Sentyabr 2026 09:30
172
İQTİSADİYYAT
A- A+
Azərbaycanın aqrar ixracı: artımdan keyfiyyətə

Azərbaycanın aqrar ixracı: artımdan keyfiyyətə


Azərbaycan iqtisadiyyatında qeyri-neft ixracının genişləndirilməsində aqrar və ərzaq məhsulları mühüm yer tutur. Son illərin göstəriciləri kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndiyini təsdiqləyir. Lakin müasir mərhələdə aqrar ixracın inkişafını yalnız onun ümumi dəyərinin artması ilə qiymətləndirmək kifayət deyil. Nə ixrac edirik, ixrac olunan məhsullar nə qədər əlavə dəyər yaradır və satışımız neçə xarici bazar arasında bölüşdürülür? Bu suallar getdikcə daha böyük əhəmiyyət kəsb edir. Aqrar ixracın növbəti inkişaf mərhələsində məhsul strukturunun təkmilləşdirilməsi, əlavə dəyərin artırılması və ixrac bazarlarının şaxələndirilməsi əsas məsələlər sırasındadır. Bu isə daha yüksək əlavə dəyər yaradan məhsulların ixracının genişləndirilməsini və mövcud bazarlarla yanaşı, alternativ satış istiqamətlərinin formalaşdırılmasını tələb edir.


İxrac artır, bəs strukturu və coğrafiyası necə dəyişir?


2016-2024-cü illər üzrə apardığımız hesablamalar aqrar və ərzaq məhsullarının ixracında əhəmiyyətli artım olduğunu göstərir. Kənd təsərrüfatı və ərzaq məhsullarını əhatə edən HS 01-24 mal qrupları üzrə Azərbaycanın ixracı 2016-cı ildə təxminən 525,5 milyon dollar olduğu halda 2024-cü ildə 1 milyard 105,5 milyon dollara çatıb. Nəticədə 8 ildə artım 110,4 faiz təşkil edib. Bu dinamika aqrar sektorun ixrac imkanlarının genişləndiyini göstərir. Lakin uzunmüddətli perspektivdə ixracın dayanıqlılığı yalnız satışın ümumi məbləğindən deyil, məhsulların çeşidindən, emal səviyyəsindən, yaratdığı əlavə dəyərdən və ixrac bazarlarının müxtəlifliyindən də asılıdır.

İxracın xarici bazarlar arasında nə dərəcədə bölüşdürüldüyünü qiymətləndirmək üçün iqtisadi təhlildə Herfindahl-Hirschman indeksindən (HHI) istifadə olunur. Sadə desək, indeks yüksəldikcə ixrac daha məhdud sayda bazarda cəmləşir, azaldıqca isə ixrac coğrafiyası genişlənir. Təhlilin nəticələrinə görə, HHI 2016-cı ildə 0,394 olduğu halda, 2019-cu ildə 0,556-ya yüksəlib, 2024-cü ildə isə 0,496-ya enib. 2019-cu ildən sonra müəyyən azalma baş versə də, mövcud səviyyə aqrar və ərzaq ixracında coğrafi konsentrasiyanın hələ də yüksək olduğunu göstərir. 2016-2024-cü illərdə aqrar və ərzaq ixracının 110,4 faiz artmasına baxmayaraq, ixrac coğrafiyasında eyni miqyasda şaxələnmə baş verməyib. Deməli, ixracın artması heç də bazarların şaxələnməsi demək deyil.

2024-cü ildə Rusiya Azərbaycanın aqrar və ərzaq məhsulları ixracında 69,9 faiz payla əsas xarici bazar olaraq qalıb. Gürcüstanın payı 6,35 faiz, Türkiyənin 2,44 faiz, Türkmənistanın 2,17 faiz, Almaniyanın 2,10 faiz, Ukraynanın isə 2,04 faiz olub. Digər bazarların ümumi payı 15 faiz təşkil edib. Bu göstəricilər Rusiya bazarının Azərbaycan istehsalçıları üçün mühüm əhəmiyyət daşıdığını göstərir. Ona görə də ixracın şaxələndirilməsi mövcud bazardakı mövqelərin zəiflədilməsi hesabına aparılmamalıdır. Əsas məqsəd Rusiya bazarında formalaşmış mövqeləri qorumaqla yanaşı, digər istiqamətlərə ixracı artırmaq və ixrac coğrafiyasını mərhələli şəkildə genişləndirmək olmalıdır.


Dövlət proqramı yeni imkanlar açır


Aqrar sektorda istehsal və emalın genişləndirilməsi, daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması dövlətin iqtisadi siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Proqramda diqqət yalnız istehsalın artırılmasına yönəlmir. Daha yüksək əlavə dəyərin yaradılması, rəqabət qabiliyyətinin yüksəldilməsi və dəyər zəncirlərinin inkişafı da əsas hədəflər sırasındadır. İstehsaldan ixraca qədər bütün mərhələləri birləşdirən ixracyönümlü aqrobiznesin inkişafına da xüsusi diqqət yetirilir.

2026-cı ildə qeyri-neft-qaz ixracının təşviqi ilə bağlı qəbul edilən digər qərarlar da bu istiqamətdə yeni dəstək mexanizmləri yaradır. Prezident İlham Əliyevin 9 iyun 2026-cı il tarixli fərmanı ilə qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və ixrac daşımalarının dəstəklənməsi ilə bağlı yeni mexanizmlər müəyyən edilib. 16 iyun 2026-cı il tarixli digər fərman isə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların müəyyən ixrac gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiyasını nəzərdə tutur. Bu tədbirlər yeni və daha uzaq bazarlara çıxış zamanı ixracatçıların logistika və ixrac əməliyyatları ilə bağlı xərclərini azaltmağa kömək edə bilər.

İxrac coğrafiyasının genişləndirilməsi üçün isə ümumi "yeni bazar" yanaşmasından konkret məhsul-bazar yanaşmasına keçmək vacibdir. Çünki eyni məhsulun müxtəlif ölkələrdə bazar perspektivi eyni olmaya bilər. İxracın şaxələndirilməsi üçün əsas məhsullar üzrə konkret məhsul-bazar xəritələrinin hazırlanmasına ehtiyac var. Potensial bazarın həcmi, idxal dinamikası, mövsümi tələb, mümkün satış qiyməti, logistika məsafəsi və xərcləri, fitosanitar tələblər, sertifikatlaşdırma və qablaşdırma standartları birlikdə qiymətləndirilməlidir. Belə yanaşma "hansı ölkəyə ixrac etmək olar?" sualından daha konkret olan "hansı məhsulu hansı bazara və hansı şərtlərlə ixrac etmək daha səmərəlidir?" sualına cavab verməyə imkan yaradar.

Körfəz ölkələri, Türkiyə, Avropa və Asiyanın ayrı-ayrı bazarları bu baxımdan məhsullar üzrə qiymətləndirilə bilər. Beynəlxalq sərgilərdən və ixrac missiyalarından isə yalnız məhsulların nümayişi üçün deyil, konkret alıcıların müəyyənləşdirilməsi və uzunmüddətli kommersiya əlaqələrinin qurulması üçün istifadə olunması daha məqsədəuyğundur. Digər vacib məsələ məhsulun hədəf bazarın tələblərinə uyğunlaşdırılmasıdır. Bir bazarda uğurla satılan məhsulun eyni formada başqa bazarda da eyni nəticəni verəcəyini düşünmək düzgün olmazdı. Məhsulun çeşidi, ölçüsü, qablaşdırılması, etiketlənməsi, sertifikatlaşdırılması, fitosanitar tələblər və istehlakçı üstünlükləri bazardan bazara dəyişir. Buna görə şaxələndirmə məhsul istehsal edildikdən sonra ona bazar axtarmaq deyil, perspektiv bazarın tələblərini əvvəlcədən öyrənərək istehsal-satış zəncirini həmin tələblərə uyğun qurmaqdır.

Daha geniş ixrac coğrafiyası logistika və saxlama imkanlarına da yeni tələblər qoyur. Xüsusilə təzə meyvə və tərəvəzin uzaq bazarlara çıxarılması üçün soyuq zəncir, çeşidləmə, qablaşdırma və daşınma müddəti həlledici əhəmiyyət daşıyır. Bu imkanların inkişafı Azərbaycan məhsullarının yalnız yaxın ənənəvi bazarlarda deyil, daha geniş coğrafiyada rəqabət aparmasına şərait yarada bilər. 


Əsas hədəflərdən biri əlavə dəyərdir


Lakin coğrafi şaxələndirmə məsələnin yalnız bir tərəfidir. Aqrar ixracın keyfiyyətcə yeni mərhələyə keçməsi məhsul tərkibində və yaradılan əlavə dəyərdə də dəyişiklik tələb edir. Azərbaycanın meyvə sektoruna dair apardığımız ayrıca tədqiqat göstərir ki, 2024-cü ildə təzə meyvə ixracının dəyəri təxminən 485 milyon dollara çatıb. Bu, meyvəçiliyin ölkənin aqrar ixrac potensialında mühüm yer tutduğunu göstərir. Bununla yanaşı, ixrac artımı məhsul və bazar müxtəlifliyinin eyni sürətlə genişlənməsi ilə müşayiət olunmayıb.

Ayrı-ayrı məhsulların dinamikası da fərqlidir. Alma və nar daha yüksək və nisbətən sabit istehsal göstəriciləri nümayiş etdirdiyi halda, 2024-cü ildə ərik istehsalında azalma müşahidə olunub. Bu da bütün aqrar məhsullar üçün vahid ixrac yanaşmasının səmərəli olmadığını göstərir. Ayrı-ayrı məhsulların istehsal potensialı, saxlanma xüsusiyyətləri, logistika imkanları və xarici bazarlardakı rəqabət üstünlükləri ayrıca nəzərə alınmalıdır. Təzə meyvə və tərəvəz ixracının genişlənməsi Azərbaycanın mövcud istehsal üstünlüklərindən səmərəli istifadə baxımından mühüm nəticədir. Lakin həmin istehsal bazası əsasında çeşidləmə, müasir qablaşdırma, saxlama, emal və brendləşdirmə imkanlarının genişləndirilməsi ixracın hər vahidindən daha yüksək əlavə dəyər əldə etməyə şərait yarada bilər. Bu, uğurla ixrac olunan təzə məhsulların ixracını azaltmaq demək deyil. Məqsəd mövcud istehsal və ixrac potensialından istifadə etməklə dəyər zəncirinin daha yüksək mərhələlərinə keçidi sürətləndirməkdir. 

2025-ci ilin yekun rəsmi göstəriciləri də məsələyə bu aspektdən yanaşmağın vacibliyini göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, həmin il Azərbaycanın qeyri-neft-qaz məhsulları ixracının dəyəri 3 milyard 628,2 milyon  dollara çataraq əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 8,1 faiz artıb. Aqrar və ərzaq məhsullarının ayrı-ayrı qruplarında artım daha yüksək olub. 2024-cü illə müqayisədə 2025-ci ildə təzə meyvə ixracı 21,4, təzə tərəvəz ixracı 18, kartof ixracı 47,8, bitki yağları ixracı 25, şəkər ixracı isə 67,6 faiz artıb. Eyni zamanda meyvə və tərəvəz şirələrinin ixracı 1,2, meyvə və tərəvəz konservlərinin ixracı 16,4, çay ixracı 2,9, təbii üzüm şərabları və üzüm suslosunun ixracı 14,8 faiz azalıb.

Bu rəqəmləri yalnız ayrı-ayrı məhsullar üzrə artım və azalma kimi qəbul etmək doğru olmazdı. Təzə meyvə və tərəvəz ixracının yüksək templə artdığı bir şəraitdə bəzi emal olunmuş məhsul qruplarında azalmanın müşahidə edilməsi əlavə dəyər məsələsinə daha çox diqqət yetirilməsinin vacibliyini göstərir. Ancaq bu göstəricilər emal olunmuş aqrar məhsulların ixracının bütövlükdə zəiflədiyi qənaətinə gəlməyə əsas vermir. Eyni ildə bitki yağlarının ixracının 25, şəkərin isə 67,6 faiz artması bunu təsdiqləyir. Deməli, əsas məsələ təzə və emal olunmuş məhsullar arasında seçim etmək deyil, hər bir məhsul qrupu üzrə rəqabət üstünlüklərini və əlavə dəyər yaratmaq imkanlarını düzgün qiymətləndirməkdir.


İstehsaldan ixraca vahid zəncir


Xarici bazarda uğur yalnız məhsulun istehsal həcmi və ilkin qiyməti ilə müəyyən olunmur. Məhsul yığımından sonrakı mərhələlər də son nəticəyə birbaşa təsir göstərir. Meyvə sektoru üzrə təhlil göstərir ki, ixrac potensialının reallaşdırılmasında dəyər zəncirinin düzgün təşkili mühüm rol oynayır. Məhsul yığımından sonrakı infrastruktur, soyuq saxlama imkanları, səmərəli logistika və bazarla əlaqələr də bu prosesə təsir edən əsas amillərdəndir. Yüksəkkeyfiyyətli məhsul istehsal etmək onun uzaq xarici bazara eyni keyfiyyətdə çatdırılmasına hələ təminat vermir. Məhsulun vaxtında yığılması, çeşidlənməsi, uyğun temperaturda saxlanması, standartlara uyğun qablaşdırılması və optimal logistika marşrutu ilə daşınması son satış imkanlarına təsir edir.

Ona görə də soyuducu anbarlar, çeşidləmə və qablaşdırma müəssisələri, emal infrastrukturu və müasir logistika sistemləri kənd təsərrüfatına xidmət edən sadəcə yardımçı sahələr kimi qiymətləndirilməməlidir. Bunlar aqrar ixracın rəqabət qabiliyyətini formalaşdıran dəyər zəncirinin əsas elementləridir. İstehsalçı, emalçı, logistika şirkəti və ixracatçı arasında koordinasiyanın gücləndirilməsi də vacibdir. Kiçik və orta kənd təsərrüfatı istehsalçılarının ayrılıqda xarici bazarın tələb etdiyi həcm, keyfiyyət və standartları təmin etməsi həmişə mümkün olmur. Kooperasiya isə məhsul partiyalarının formalaşdırılmasına, vahid keyfiyyət standartlarının tətbiqinə və ixrac müqavilələrinin daha davamlı icrasına imkan yarada bilər.

Dövlət proqramında ixracyönümlü aqrobiznesin inkişafına xüsusi yer verilməsi istehsalla ixrac arasında əlaqələrin gücləndirilməsi üçün mühüm addımdır. İstehsal, saxlama, emal, logistika, sertifikatlaşdırma və ixrac bir-birindən ayrı deyil, vahid iqtisadi zəncirin mərhələləri kimi nəzərdən keçirilməlidir. Aqrar ixracın nəticələrini qiymətləndirərkən yalnız ümumi ixrac dəyərinə baxmaq kifayət deyil. Əsas bazarların payı, ixrac coğrafiyasının şaxələnməsi, məhsul strukturu və əlavə dəyər yaradan məhsulların ixracdakı mövqeyi də mütəmadi izlənilməlidir.


Həcmdən keyfiyyətə


2016-2024-cü illərdə aqrar və ərzaq məhsulları ixracına aid rəqəmlər sektorda əhəmiyyətli artımı, coğrafi konsentrasiyanın yüksək qalması isə bazar şaxələnməsinin eyni sürətlə getmədiyini göstərir. 2025-ci ilin nəticələri məsələnin digər tərəfini - məhsul strukturunu önə çıxarır. Təzə meyvə və tərəvəz ixracındakı yüksək artım Azərbaycanın bu məhsullar üzrə mövcud potensialını təsdiqləyir, ayrı-ayrı emal məhsullarındakı fərqli dinamika isə əlavə dəyəri artırmaq imkanlarının hər məhsul qrupu üzrə ayrıca qiymətləndirilməsini zəruri edir.

Aqrar ixracın gələcək inkişafında üç istiqamət xüsusi əhəmiyyət daşıyır. Ənənəvi bazarlardakı mövqelər qorunmaqla məhsul-bazar prinsipi əsasında alternativ ixrac istiqamətləri genişləndirilməlidir. Təzə məhsullar üzrə mövcud rəqabət üstünlükləri emal, qablaşdırma, saxlama və brendləşdirmə hesabına daha yüksək əlavə dəyərlə tamamlanmalıdır. İxracın uğuru isə yalnız satışın ümumi məbləği ilə deyil, məhsul strukturu və coğrafi şaxələnmə göstəriciləri ilə birlikdə qiymətləndirilməlidir.

Azərbaycanın aqrar ixracının növbəti inkişaf mərhələsində əsas məsələ yalnız daha çox ixrac etmək deyil, ixrac artımının keyfiyyətini yüksəltməkdir. Həcm artımının struktur transformasiyası və coğrafi şaxələndirmə ilə tamamlanması aqrar ixracdan əldə olunan əlavə dəyərin yüksəldilməsinə, istehsalçıların satış imkanlarının genişlənməsinə və Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici bazarlardakı mövqelərinin daha da möhkəmlənməsinə xidmət edə bilər.


Rəmzi ABDULLAYEV,                                             

iqtisad üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər  

10:21
23 Sentyabr

E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib

10:20
23 Sentyabr

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

10:17
23 Sentyabr

Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  

10:16
23 Sentyabr

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

10:10
23 Sentyabr

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

10:00
23 Sentyabr

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycanın aqrar ixracı: artımdan keyfiyyətə

09:30
23 Sentyabr

Erməni saxtakarlığı dünyada ifşa olunur

09:20
23 Sentyabr

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər  

09:19
23 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:10
23 Sentyabr

Dəyişən dünyanın ritmində Dördüncü Sənaye İnqilabı

09:00
23 Sentyabr

Yeni dünya nizamında Bakının güclənən mövqeyi

08:50
23 Sentyabr

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb  

08:26
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

23:57
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!