16 Aprel 2024 08:45
975
Səhiyyə
A- A+

Yaz aylarında sağlamlığımızı necə qorumalı 

 

Bahar təkcə təbiətdə deyil, həm də orqanizmdə oyanış və canlanma dövrüdür. Qış aylarında yediyimiz qidaların tərkibində vitaminlər az olduğu üçün mövsüm dəyişikliyi zamanı xəstəliklərə qarşı müqavimətimiz azalır, allergik və infeksion xəstəliklər baş qaldırır, dermatoloji problemlər yaşanır. Ona görə də ilin bu fəslində düzgün qidalanma xüsusilə önəmlidir.
Qida mütəxəssisləri yaz aylarında yağ istehlakını azaltmamağı məsləhət görürlər. Bununla belə, "fast food", qablaşdırılmış və qızardılmış qidalar kimi doymuş yağları yüksək olan məhsullardan uzaq durmaq lazımdır. Onların əvəzinə qoz, fındıq, avokado və zeytun yağının qida rasionuna əlavə edilməsi tövsiyə edilir. Bu məhsulların düzgün miqdarda qəbulu hətta çəki atmağa kömək edir.
Karbohidrat qəbulu da yağların yandırılmasında böyük əhəmiyyət kəsb edir. Qida rasionumuza bulqur, qarabaşaq, paxlalılar, tam buğdalı makaron və yulaf kimi yüksək lifli sağlam karbohidratlar əlavə etməliyik. Kökəlməyə səbəb olan şirniyyat, şəkər, meyvə şirələri və xəmir məmulatları kimi karbohidratlı qidaları  qida rasionundan çıxarmaq lazımdır.
Yaz fəslində protein qəbulu olduqca önəmlidir. Əks halda maddələr mübadiləsi zəifləyəcək, əzələ sintezini azaldacaq və ödəmin artmasına səbəb olacaq. Xüsusilə yağ itkisi və əzələ artımı üçün edilən məşqlər adekvat protein qəbulu ilə müşayiət olunmalıdır. Dietoloqlar gündəlik protein miqdarını qida rasionuna daha çox balıq, kefir və yumurta əlavə etməklə tənzimləməyi tövsiyə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı həftədə ən azı 150-300 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edir. Hərəkət maddələr mübadiləsini sürətləndirir və hormonal dəyişikliklər vasitəsilə motivasiyanı artırır. Həftədə ən azı üç gün bir saat sürətlə gəzmək lazımdır.
Qida mütəxəssisləri hər yeməyə mütləq tərəvəz əlavə etməyi məsləhət görürlər. Tərəvəzlərdə yüksək lif, vitamin və minerallar var. Xüsusilə tərkibində yüksək kalium olan ispanaq, kahı, cəfəri və yerkökü kimi tərəvəzlər ödəmin azalmasını asanlaşdırır. Bundan əlavə, tərəvəz istehlakı ilə toxluq müddəti də uzanır. Lakin hər bir məhsulda olduğu kimi tərəvəz qəbulunda da bəzi individual xüsusiyyətləri nəzərə almaq lazımdır. Belə ki, böyrək xəstələri tərəvəz qəbul edərkən diqqətli olmalı və həkim ilə məsləhətləşməlidirlər.
Havalar isindikcə dondurma, şəkərli və qazlı içkilər, meyvə şirələri, qaymaqlı qəhvə istehlakı artır və bu da çəki artımına səbəb olur. Bu məhsullar qida rasionundan mümkün qədər çıxarılmalı, su və evdə hazırlanmış şəkərsiz tərəvəz-meyvə içkiləri ilə əvəz edilməlidir. Gündəlik ehtiyacımız olan maye miqdarını qəbul etmək maddələr mübadiləsini sürətləndirir, ödəmi aradan qaldırır və orqanizmi toksinlərdən təmizləyir. Mütəxəssislər bildirirlər ki, bağırsaq sağlamlığı müxtəlif xəstəliklərə qarşı müqaviməti artırmağa təsir edən amillər arasındadır. Bağırsaq sağlamlığını qorumaq və ya yaxşılaşdırmaq üçün gündəlik ehtiyacımız olan 25-35 qram lifi almalı, kefir kimi fermentləşdirilmiş qidalardan istifadə etməli, lazım gəldikdə həkimlə məsləhətləşərək probiotik əlavələrdən faydalanmalıyıq.
Yaz aylarında yuxu rejiminə xüsusi diqqət edilməlidir. Yuxu rejiminin pozulması aclıq və toxluğa təsir edən hormon balanssızlığına səbəb olur. Bundan əlavə, kifayət qədər yuxu ilə kortizol ifrazı artır, yüksək kalorili və karbohidratlı qidalara meyil müşahidə olunur. Qeyri-kafi yuxudan yaranan yorğunluq həm qida qəbuluna təsir edir, həm də fiziki aktivliyi azaldır. Yetkinlik yaşında olanlar üçün sutka əzində minimum 7-8 saat yuxu tövsiyə olunur.
Qida mütəxəssislərini və həkimləri son dövrlər ən çox narahat edən məqamlardan biri sosial şəbəkələrdə də tez-tez rastlaşdığımız şok pəhrizlərdir. Çox aşağı kalorili və ya bir növ qida ehtiva edən bu pəhrizlər əzələ və maye itkisinə səbəb olur. Tərəzidə sürətlə azalan bu rəqəmlər əslində yağ itkisini əks etdirmir. Bundan əlavə, bu məqsədlə nəzarətsiz istifadə edilən qida əlavələri sağlamlığa, xüsusən də qaraciyər və böyrəklərə ciddi ziyan vura, hətta həyati təhlükələrə səbəb ola bilər. Sağlamlığımızı qorumaq öz əlimizdədir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video