Azərbaycan xalqı tarixinin bir çox dönəmində qarşılaşdığı çətin və olduqca mürəkkəb sınaqlardan daim üzüağ çıxmışdır. Son 200 il ərzində qədim türk yurdu olan geniş coğrafiyamızda - Azərbaycanda baş verən böyük tarixi hadisələr, amansız qarşıdurmalar, demoqrafik dəyişikliklər, yadellilər tərəfindən törədilən soyqırımı aktları və işğalla nəticələnən müharibələr bizim müəyyən vaxtlarda fiziki gücümüzü sınaqlara çəksə də, heç zaman əzmkar xalqımızın milli şüurunu və milli iradəsəni zədələyə bilməmişdir.
Həqiqət qaçılmazdır - əgər bir an belə milli kimliyimizi və milli özünüdərki unutsaq, o zaman məhv olmağa məhkum olacağıq. Azərbaycan torpaqlarını "parçala və hökm sür" siyasəti ilə işğala məruz qoyanlar vaxtilə Araz çayını da iki hissəyə ayırmaqla, ulu əcdadlarımızın davamçıları olan soydaşlarımızı yarımcan buraxdılar. Ancaq mənfur düşmən heç vaxt bizim milli iradə və əzmimizi qıra, qəlbimizdəki Vətən və torpaq sevgisini silə bilmədi. Bütün bunların əsasında milli ideologiyaya əsaslanan milli birlik faktoru dayanır. Ata-babalarımızdan bizə miras qalan milli-mənəvi dəyərləri qorumaq və onu nəsildən-nəslə layiqincə ötürmək vətəndaşlıq borcumuzdur.
Sağlam gənclik olmadan xoşbəxt və firavan gələcəyə çatmaq düşüncəsi sadəcə absurd olardı. Ümummilli Lider Heydər Əliyev söyləyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır". Bəli, cəmiyyətimizin aparıcı hissəsi olan gənclər ana dilimizi, tariximizi, ədəbiyyatımızı və milli-mənəvi dəyərlərimizi dərindən öyrənərsə, bax, o zaman Azərbaycan gəncləri əsl vətəndaş kimi formalaşacaq, milli adət-ənənələrimizə və dəyərlərimizə bağlı yetişəcək və peşəsindən asılı olmayaraq, hər sahədə öz fəaliyyətini dövlətimizin və xalqımızın maraqlarına həsr edəcək.
Bunun üçün öncə valideynlərimizin və müəllimlərin üzərinə çox ciddi məsuliyyət düşür. Əgər ailəmiz bizi tərbiyəli övlad kimi böyüdürsə, deməli, məktəb və müəllimlər də bizi yaşadığımız cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırır. Hər iki tərəf - ailə (ata və ana) və müəllim öz üzərinə düşən missiyanı qarşılıqlı hörmət və anlayışlı davranış prinsipləri əsasında həyata keçirsə, mütləq həmin uşaq gələcəkdə sağlam düşüncəli şəxsiyyət kimi cəmiyyətdə öz yerini tutacaq.
Ulu Öndər Heydər Əliyevin müdrik ideyaları əsasında Azərbaycanın maraqlarını layiqincə təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanan Azərbaycan Ordusunun sıralarında döyüşən qəhrəman oğullarımızın mütləq əksəriyyəti gənclər idi. Onlar İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə vətənpərvərlik ruhunda yetişən və cəsarətlə düşməni məğlub edən milli ruhlu gənclər kimi bütün Azərbaycan gəncliyi üçün örnək və nümunədirlər.
Cəsarət, iradə, əzm, fədakarlıq, qəhrəmanlıq və milli ruh Azərbaycan xalqına, gənclərimizə xas əlamətlərdir. O gənclik ki bir tərəfdə Müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətə sadiq şəkildə qədim Şuşanın əzəmətli dağlarına dırmaşıb düşməni əlbəyaxa döyüşlərdə məhv edir, digər tərəfdə informasiya cəbhəsində haqlı mübarizəmizi bütün dünyaya çatdırır, milli mövqeyimizi ictimai və sosial məkanlarda layiqincə təbliğ edirdi. O gənclik ki cəbhəyə yola düşən hərbçi dostlarını, yoldaşlarını böyük ruh yüksəkliyi ilə qələbəyə kökləyir, gücünə güc qatır, eyni zamanda beynəlxalq idman yarışlarında Dövlət bayrağımızı zirvələrdə qürurla dalğalandırır, sağlam gənclik naminə fitri-istedadına güvənib yazdığı əsərlərdə, məzmunlu nitqlərində və xeyirxah əməllərində Azərbaycan gənclərini və yeniyetmələrini maarifləndirir, onların düzgün tərbiyə olunması, elmli, bilikli yetişməsi üçün milli səpkidə çağırışlar edirdi.
Həmin vətənpərvər gənclərin milli missiyası bu gün də davam etməkdədir. Azərbaycanın tarixi şəxsiyyətlərinin, görkəmli ədiblərinin - Babəkin, Cavanşirin, Şəmsəddin Eldənizin, Şah İsmayılın, Heydər Əliyevin, Nizaminin, Nəsiminin, Mirzə Cəlilin, M.F.Axundzadənin, Hüseyn Cavidin, Üzeyir bəy Hacıbəylinin görmək istədiyi gənclik də məhz bu idi. Xalqımızın bu cür gənclərə və gəncliyə hər zaman ehtiyacı var. Sağlam gənclik güclü birlik yaradır ki, elə bu birlikdən də xoşbəxt gələcək doğur. Sağlam əqidəli, düşüncəli, vətənə və dövlətə bağlı yetişmək bir vətəndaşın əsl şəxsiyyətə çevrilməsi üçün mühüm zəmin yaradır. Hər bir fərd öz missiyası ilə özünü dövlət və cəmiyyət üçün faydalı şəxsə çevirdiyi kimi, eyni zamanda faydasız əməlləri ilə özünü adi bir daş parçasından fərqlənməyən lazımsız əşyaya da çevirə bilər. Ona görə də dəyərsiz olmamaq üçün dəyərli yaşamağı, özümüzə və ətrafımızdakılara dəyər verməyi bacarmalıyıq.
Bu gün müasir dünyamızda - elm və texnologiyanın inkişaf etdiyi dövrdə cəmiyyətimizi, xüsusilə gənclərimizi ideoloji və bioloji çərçivədə məhvə aparan səmərəsiz fəaliyyət növləri - sosial şəbəkələrdən səmərəsiz istifadə, mənəvi qidamız olan kitabların həyatımızdan tamamilə çıxardılıb onların smartfon və kompüterlərlə əvəz olunması, qəzet və jurnal oxumaq kimi faydalı vərdişlərimizi faydasız tətbiqlərin üstələməsi, cəmiyyəti ölümə sürükləyən mənasız vərdişlər - narkomaniya, kriminal meyillilik və s. bizim nəinki milli dəyərlərimizi məhv edir, həmçinin gələcəkdə xalqımızın aparıcı təbəqəsi olan gənclərimizin sağlam həyat tərzinin mövcudluğunu ciddi təhlükə qarşısında qoyur. Hər bir gənc özünə, ailəsinə, qonşusuna, ümumilikdə çevrəsində olan bütün insanlara qarşı hörmətlə yanaşmalı, qayğıkeş və vətənpərvər olmalı, böyüklərə və uşaqlara olan münasibətdə nəzakətlə davranmalı, bir sözlə, həm özü, həm cəmiyyəti, həm də dövləti üçün faydalı insantək yaşadığı həyatda örnək sayılan izlər buraxmalıdır.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ ötən əsrin 70-ci illərindən başlayaraq minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilməsi, müstəqilliyin bərpasından sonrakı dönəmdə - 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması dahi şəxsiyyətin Azərbaycan gəncliyinin sağlamlığı və inkişafı naminə verdiyi ən böyük töhfədir. Bu gün Ulu Öndərin siyasətini dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi, istedadlı şəxslərə xüsusi qayğı göstərilməsi, gənclərin sağlamlığı və fiziki inkişafı, gənc ailələrə yardım, gənclərin məşğulluğunun təmin edilməsi və bu sahə ilə əlaqədar fəaliyyət göstərən təşkilatlara dövlət dəstəyinin verilməsi məhz "Gənclər siyasəti haqqında" qanunun icrasının təmin edildiyini göstərir. Hazırda Bakıda və bölgələrdə fəaliyyət göstərən idman olimpiya kompleksləri, gənclər evləri və mərkəzləri, eləcə də digər adiyyəti qurumların hər biri Azərbaycan gəncliyinin sağlam və səmərəli inkişafı naminədir.
Əziz və dəyərli gənclər, gəlin xalqımızın və dövlətimizin sabahını düşünərək bir amal ətrafında birləşək, xoşbəxt gələcək naminə sağlam həyat tərzini seçək. Hər birimiz şüurlu, əxlaqlı, faydalı həyatımızla nümunə olaq. Dövlətimiz öz üzərinə düşən vəzifəni həyata keçirir. Gərək biz də dövlətimizin siyasətinə və Vətənə sadiq şəkildə Azərbaycan gənclərinin doğru yoluna işıq tutmağı bacaraq. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası dünən olduğu kimi, bu gün də gənclərin ictimai siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, həmçinin ayrı-ayrı sahələr üzrə böyük layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir və Azərbaycan gənclərini dünyanın ən böyük azərbaycanlısı olan Heydər Əliyevin milli irsinə sadiq şəkildə milli ideoloji ruhda silahlandırır. Ona görə də tam əminliklə və qürurla söyləmək olar ki, məhz belə bir gənclik Azərbaycanın xoşbəxt gələcəyidir! Bizə əmanət edilən bu böyük və dəyərli mirasa birlikdə sahib çıxmalı, dövlətimizin və xalqımızın birliyini, sarsılmazlığını qorumaq üçün üzərimizə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirməliyik.
Tural İSMAYILOV,
YAP Yevlax rayon təşkilatının sədr müavini