17 Aprel 2024 09:40
152
CƏMİYYƏT
A- A+

Xalqımız qəhrəman oğulları ilə qürur duyur

 

Vətən Müharibəsi Qəhrəmanı, kapitan Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayon Prişib (indiki Göytəpə) qəsəbəsində dünyaya gəldi. Üç bacının yeganə qardaşı idi. 
Hərbçi olmaq arzusu qəlbində boy verəndə o, hələ uşaq idi. Böyüdükcə qərarı nəinki dəyişmədi, daha da qətiləşdi. Xəyallarını reallaşdırmaq üçün 2003-cü ildən təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirdi. 2006-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Öyrəndiyi hərbi bilikləri burada daha da təkmilləşdirdi. Hərb sənətinin sirlərinə dərindən yiyələndi. 2010-cu ildə ali məktəbi "Motoatıcı" ixtisası üzrə başa vurdu. Müdafiə Nazirliyinin həmin ilin 23 iyun tarixli əmrinə əsasən, ona leytenant hərbi rütbəsi verildi. 
Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərildi. Rəşad Abdullayev kursu bitirdikdən sonra müdafiə nazirinin əmrinə əsasən, 2010-cu il iyunun 24-dən 2011-ci ilin 12 dekabrınadək Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində motoatıcı taborun tankəleyhinə tağım komandiri vəzifəsində xidmət etdi. 
Hərbi bacarığı, peşəkarlığı ilə qısa müddətdə komandanlığın diqqətini cəlb edən gənc hərbçi 2011-ci il dekabrın 12-də Xüsusi Təyinatlı Qrup (XTQ) kursu keçmək üçün "N" hərbi hissəsinə ezam olundu. Kursu tamamladıqdan sonra müdafiə nazirinin 2012-ci il 8 iyul tarixli əmri ilə "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olundu.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixdə Aprel döyüşləri adı ilə qalan Azərbaycan Ordusunun əks-hücum əməliyyatında Rəşad Abdullayev düşmənə qan udduran oğullardan biri oldu. 
Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, həmçinin Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Rəşad Abdullayev Ermənistan ordusunun "yenilməz Ohanyan səddi"nin darmadağın olunmasında yüksək döyüş bacarığı göstərdi.
Aprel döyüşlərinin qəhrəmanlarından olan baş leytenant Rəşad Abdullayev Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamına əsasən, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə "Hərbi xidmətlərə görə"  medalı ilə təltif olundu.
O, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" (2008), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" (2013), "Azərbaycan Ordusunun 100 illiyi" (2018), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" (2019) yubiley medalları ilə təltif edildi. 2017-ci ildə isə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalına layiq görüldü.
2014-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə xarici ölkələrdə xüsusi xidmət keçərək peşəkarlığını daha da yüksəltdi.
İgid hərbçimiz Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında da böyük şücaət göstərdi. 2020-ci il sentyabrın 29-da Kəlbəcər istiqamətində qəhrəmancasına döyüşərək şəhid oldu.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal altındakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərək göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kapitan Rəşad Arif oğlu Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən (ölümündən sonra), "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü. Qəhrəman hərbçimiz "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.
Xalqımız belə qəhrəman oğulları ilə qürur duyur.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video