Prezident İlham ƏLİYEV: “Laos bizim üçün dost ölkədir, 30 ildən çoxdur davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir”
Dünyada dövlətlər arasında iqtisadi əməkdaşlıq coğrafi məsafələrdən daha çox qarşılıqlı maraqlar, yeni bazarlara çıxış imkanları və ortaq inkişaf hədəfləri ilə müəyyən olunur. Cənub-Şərqi Asiya ölkələrindən biri olan Laos ilə də Azərbaycanın iqtisadi münasibətləri, coğrafi məsafəyə baxmayaraq, qarşılıqlı maraqlar və yeni əməkdaşlıq imkanları baxımından diqqət çəkir. Ticarət, investisiya, nəqliyyat-logistika, kənd təsərrüfatı və turizm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında iqtisadi tərəfdaşlığın yeni istiqamətlərini müəyyən edə bilər.
Bu istiqamətdə Azərbaycan - Laos iqtisadi münasibətlərinin inkişaf perspektivləri Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Bakıya səfəri zamanı keçirilən görüşlərdə və dövlət başçılarının mətbuata bəyanatlarında əksini tapıb. İlham Əliyev və Thonqlun Sisulit ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini müzakirə edərək iqtisadi əlaqələrin genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının və qarşılıqlı investisiya imkanlarının araşdırılmasının vacibliyini vurğulayıblar.
Bəyanatda Prezident İlham Əliyev siyasi münasibətlərin inkişaf səviyyəsinin iqtisadi sahədə də əksini tapmasının vacibliyini qeyd edərək, hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını və niyyətlərini əks etdirmədiyini bildirib. O, iqtisadi əməkdaşlığın intensivləşdirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və konkret investisiya layihələrinin nəzərdən keçirilməsinin əhəmiyyətinə diqqət çəkib. Bu mənada Azərbaycan–Laos biznes-forumunun işgüzar dairələr arasında təmasların genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə müsbət təsir edəcəyi gözlənilir.
Dövlətimizin başçısı kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunduğunu da bildirib: “Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq”.
Göründüyü kimi, nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri təbii ki, Azərbaycan-Laos münasibətlərinin iqtisadi məzmununu zənginləşdirən istiqamətlərdəndir.
Azərbaycanın regionda yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu, Orta dəhlizin inkişafındakı rolu və beynəlxalq yükdaşımaların genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət ölkəmizin mühüm tranzit mərkəzi kimi mövqeyini gücləndirir. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişafı gələcəkdə onun Orta dəhlizə çıxış imkanlarını genişləndirə və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin inkişafına impuls verər. Energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi də tərəfdaşlığın geniş iqtisadi potensiala malik olduğunu göstərir. Əsas məsələ bu potensialın konkret layihələr, qarşılıqlı təşəbbüslər və ardıcıl fəaliyyət vasitəsilə reallaşdırılmasıdır.
Milli Məclisin deputatı Vüqar Bayramov iki ölkə arasında ticarət dövriyyəsinin hazırda çox da geniş olmadığını bildirərək yüksək səviyyəli görüşlərin iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib: “Azərbaycan-Laos arasında iqtisadi əlaqələrin genişləndirilməsi prioritet məsələlərdəndir. Hələlik ticarət dövriyyəsi yüksək deyil və onun artırılması istiqamətində işlər aparılır. Hazırda ticarət dövriyyəsi 1 milyon dollardan azdır. Təbii ki, bu, həm də ölkələrin bir-birindən uzaq məsafədə yerləşməsi ilə bağlıdır. Bununla belə, ölkələr arasında qarşılıqlı əməkdaşlıq imkanları mövcuddur”. V.Bayramov qeyd edib ki, hər iki ölkənin məhsullarının qarşılıqlı bazarlarda təqdim olunması ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar yaradır: “Bir tərəfdən Laosda Azərbaycan məhsulları üçün imkanlar var, digər tərəfdən isə Laosun da ixrac etdiyi məhsullar mövcuddur. Bu baxımdan, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi mümkündür”.
Laos dövlət başçısının Azərbaycana səfəri çərçivəsində kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun mübadiləsi də təqdirəlayiq addımlardandır. Sənəd aqrar sahədə təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin inkişafı üçün hərtərəfli imkan yaradır. Tərəflərin iqtisadi əməkdaşlığın konkret layihələr və praktiki təşəbbüslər əsasında genişləndirilməsinə dair mövqeləri isə əldə olunan razılaşmaların gələcəkdə real nəticələrə çevrilməsinin vacibliyini ön plana çıxarır. Təbii ki, imzalanan sənədlərin icrası, birgə təşəbbüslərin həyata keçirilməsi və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi Azərbaycan-Laos iqtisadi münasibətlərinin yeni mərhələyə yüksəlməsini, əməkdaşlığın daha konkret və davamlı məzmun qazanmasını şərtləndirər.
Bütövlükdə əldə edilmiş razılaşmalar ölkəmizin Asiya-Sakit okean regionu ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Bu səfər Azərbaycanın müxtəlif coğrafiyalarda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmək, yeni iqtisadi əlaqələr qurmaq və beynəlxalq əməkdaşlıq imkanlarını artırmaq siyasətinə uyğundur.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”