2027-ci ilin sonunadək ümumi gücü təxminən 2 giqavat olan 11 stansiyanın istismara verilməsi başa çatacaq. Bu layihələrə özəl investisiyaların 2 milyard, dövlət investisiyalarının isə 600 milyon ABŞ dollarını ötəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov III Milli Rəqabət Forumunda “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda çıxışında deyib.
Nazir energetika sektorunda rəqabət mühitinin inkişafı, investisiyaların təşviqi və özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə sağlam rəqabət mühitinin formalaşdırılması və investisiya fəallığının artırılması mühüm yer tutur. Energetika sektorunda rəqabətin inkişafı isə enerji təhlükəsizliyi, təchizatın etibarlılığı və istehlakçı maraqları ilə uzlaşdırılır.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının və sonrakı illərdə həyata keçirilən irimiqyaslı enerji layihələrinin Azərbaycanın beynəlxalq enerji bazarlarına inteqrasiyasında, etibarlı investisiya tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsində müstəsna rol oynadığı qeyd edilib. Bildirilib ki, bu strateji kurs çərçivəsində ənənəvi enerji potensialının inkişafı ilə yanaşı, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası və özəl sektorun iştirakı genişləndirilir”.
Nazir son illərdə energetika sahəsində altı yeni qanunun qəbul edildiyini, bunun bazar münasibətlərinin inkişafı, fəaliyyət növlərinin ayrılması, şəffaflığın artırılması və investisiyalar üçün əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət etdiyini vurğulayıb. Rəqabətin mümkün olduğu sahələrdə bərabər imkanların yaradılmasının, təbii inhisar fəaliyyətlərində isə effektiv dövlət tənzimlənməsinin vacibliyi diqqətə çatdırılıb.
Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrə toxunan nazir bildirib ki, hazırda “Masdar”, “ACWA Power”, bp, eləcə də Çin və digər ölkələrin şirkətləri ilə irimiqyaslı günəş və külək enerjisi layihələri reallaşdırılır. Yerli investorların iştirakı ilə Cəbrayıl və Naxçıvanda ümumi gücü 150 MVt olan dörd stansiyanın yaradılması da nəzərdə tutulur.
Pərviz Şahbazov enerji səmərəliliyi və sahibkarların enerji infrastrukturuna çıxışının asanlaşdırılması istiqamətində görülən işləri də qeyd edib. “Bir Pəncərə” prinsipinin tətbiqi nəticəsində elektrik şəbəkəsinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, müddəti isə 41 gündən 20 günə endirilib. O, energetika sektorunun dayanıqlı və rəqabətqabiliyyətli inkişafının bundan sonra da dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq əsas prioritetlərdən biri olaraq qalacağı vurğulayıb.