Bu ilin 3 rübündə ölkənin əmtəə ticarəti illik müqayisədə 18,8 faiz artaraq 39,94 trilyon yuan (təxminən 5,96 trilyon dollar) təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu, son 5 il üçün ən yüksək artım tempi olub.
Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, sentyabrda aylıq ticarət həcmi ilk dəfə olaraq 5 trilyon yuan həddini keçib. Baş Gömrük İdarəsinin rəsmiləri bildiriblər ki, ticarətdəki bu genişlənmə əsas iqtisadiyyatlar arasında ən güclü göstəricilərdən biridir və Çin dünyanın ən böyük əmtəə ticarəti ölkəsi mövqeyini qoruyur.
Gömrük məlumatları göstərir ki, ilk 3 rübdə Çinin ümumi ixracı illik müqayisədə 16,4 faiz artaraq 23,2 trilyon yuana, idxalı isə 22,3 faiz artaraq 16,74 trilyon yuana çatıb. İxrac daha "ağıllı" və ekoloji cəhətdən təmiz məhsullara doğru istiqamətlənir. Hesabat dövründə inteqral sxemlərin ixracı 99,1 faiz artıb.
Bundan başqa, elektrik nəqliyyat vasitələri, litium batareyalar, külək turbinləri və müvafiq komponentlər daxil olmaqla, “yaşıl məhsul”ların tədarükü müvafiq olaraq 72,3, 36,4 və 22,4 faiz artıb.
Baş Gömrük İdarəsinin sədr müavini Van Cun bildirib ki, Çinin xarici ticarəti xarici şoklara və çətinliklərə uğurla sinə gərib və 3 rübdə sabit artım dinamikasını qoruyub. Yeni yaranan risklərin artması fonunda qlobal mənzərə qeyri-sabit qalsa da, Çinin xarici ticarəti daha yüksək sürət və canlılıq qazanaraq əhəmiyyətli dərəcədə davamlılıq nümayiş etdirib.
Qeyd edək ki, ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin qlobal iqtisadi-ticari əlaqələrə təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişafı və onun xarici ticarət proqnozlarına əsaslanır.