Qazaxıstanda müasir prezident idarəetmə modelinin kökləri Qızıl Orda dövründə yaradılmış siyasi sistemə gedib çıxır.
AZƏRTAC Qazaxıstan Prezidentinin ofisinə istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev bu barədə Astanada keçirilən Dövlət Bayrağının qaldırılması mərasimində çıxışı zamanı bildirib.
“Yeni Konstitusiya qazax xalqının keçmişi ilə Böyük Çölün minillik tarixi arasındakı ayrılmaz əlaqəni aydın şəkildə müəyyən edir”, - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Qızıl Orda öz idarəetmə institutları, diplomatik xidməti, rabitə və gömrük sistemləri, beynəlxalq səviyyədə tanınmış valyutası, həmin dövr üçün qabaqcıl texnologiyaları ilə orta əsrlərin böyük dövləti kimi çıxış edib.
“Qızıl Ordanın ən böyük mirası onun sarsılmaz dəyərləridir ki, bu da ümumi qaydalar məcmusu daxilində müxtəlif dinlərə, dillərə, mədəniyyətlərə və ənənələrə mənsub insanları geniş dövlət daxilində ahəngdar şəkildə birləşdirir”, -deyə Tokayev vurğulayıb.
Prezident, həmçinin Astanada Böyük Çöl sivilizasiyasının nailiyyətlərini şərəfləndirən möhtəşəm bir tikilinin inşasına tezliklə başlanacağını və bu yaxınlarda UNESCO-nun dəstəyi ilə Qızıl Orda irsinin öyrənilməsinə həsr olunmuş beynəlxalq simpoziumun keçirildiyini açıqlayıb.
“Qızıl Ordanın nailiyyətləri Avrasiyanın bir çox müasir xalqlarının ortaq irsidir. Buna görə də onun irsinə müraciət edərək, bütün ölkələrin sülh içində yaşadığı və xalqlarının rifahı üçün yaratdığı vahid və çiçəklənən Avrasiyanın tərəfdarıyıq”, - deyə Qazaxıstan lideri qeyd edib.