16 Aprel 2024 08:20
212
SİYASƏT
A- A+

Təxribatlar davam etsə, Azərbaycanın cavabı sərt olacaq

 

Fransanın Cənubi Qafqazda atdığı addımlar sülhə xidmət etmir. Bu da gözləniləndir. Çünki bu addımlar sülh məqsədilə atılmır. Azərbaycan üçün uğurla başa çatan İkinci Qarabağ müharibəsindən sonra Fransa Cənubi Qafqazda münaqişəni yenidən alovlandırmaq üçün olub-qalan imkanlarını səfərbər edir. 
Bu dövlət məqsədinə çatmaq üçün bütün vasitələrini işə salır. Həm siyasi, həm iqtisadi, həm də diplomatik sahədə təxribatlar törətməyə çalışır. Hadisələrin gedişindən aydın görünür ki, Yelisey sarayındakılar Ermənistana dəstək vermək üçün beynəlxalq hüququn bütün norma və prinsiplərinin əleyhinə gedirlər. 
 Fransa dayanmaq bilmədən Ermənistanı silahlandırır. Bu da azmış kimi fransalı mütəxəssislər erməni hərbçilərə təlimlər keçir, döyüş vərdişlərini yüksəldirlər. Ermənistanı yeni müharibəyə hazırlayırlar. Təbiidir ki, bu müharibədə ölən fransızlar deyil, ermənilər olacaq. Bu köməklə kifayətlənməyən rəsmi Paris özünün və Avropa İttifaqının Ermənistandakı "missiya"sının sayını da günbəgün artırır. Əvvəllər 5-10 nəfər olan "müşahidəçi missiya" hazırda 500 nəfərə yaxınlaşmaqdadır. Fransanın bu cür təxribatlarının nəticəsidir ki, son günlər təmas xəttində atəş səsləri eşidilməkdədir.
Fransanın verdiyi şirin vədlərə aldanan Ermənistan təxribat törətməklə sülh sazişinin bağlanmasını ləngidir. Ermənistana gələn "müşahidəçilər" tez-tez təmas xəttində peyda olur, buradan müşahidələr aparırlar. Qərb, xüsusən də Fransa Avropa İttifaqının (Aİ) Ermənistandakı "missiyasını" mülki missiya kimi təqdim etsə də, belə deyil. Artıq heç kimə sirr deyil ki, "mülki missiya"nın tərkibində kifayət qədər fransa hərbçiləri var. Fransanı təmsil edən missiya nümayəndələrinin arasında hətta generalların olması da öz təsdiqini tapıb.
Fransanın son addımları onun regionda sülhün bərqərar olmasını istəmədiyini, vəziyyəti getdikcə gərginləşdirdiyini və Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışdığını göstərir. Burada məqsəd Ermənistandakı Rusiyanın 102 saylı hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Baş nazir Nikol Paşinyanın İrəvan hava limanından rusiyalı hərbçilərin çıxarılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətlərini dondurduqlarını vurğulaması Parisin çirkin məqsədlərinə xidmət edir.
Ermənistan hökumətinin son günlər atdığı addımlar heç öz ölkəsində də birmənalı qarşılanmır. Xüsusilə, Paşinyanın NATO ölkəsi olan Fransa ilə hədsiz yaxınlaşma kursu götürməsi, Münxendə Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadıqlarını növbəti dəfə bəyan etməsi, İranın maraqlarına məhəl qoyulmaması haylar arasında ciddi təhlükəsizlik qayğılarının yaranmasına səbəb olub.
Fransanın Cənubi Qafqazda sülhə mane olduğunu, çirkin məqsəd güddüyünü bütün dünya görür və bilir. İtaliya mətbuatında bu mövzuda dərc olunmuş yazı siyasi icmalçıların diqqətindən yayınmayıb. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edərək bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır.
İtaliyanın "Giornale Diplomatico" nəşri fransalı nazirin dediklərini şərh edən E.Çiriellinin fikirlərini dərc edib. Çirielli qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa digər qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər: "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər nazirinin ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurnenin sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı".
Amma bu çağırışlara baxmayan Fransa Ermənistanı silahlandırmağından qalmır.
Fransa silahlarla yanaşı, Ermənistana zirehli transpartyorlar da verir. Bəzi ekspertlər isə bu döyüş maşınlarının elə də böyük gücə malik olmadığını bildirirlər. Onların dediklərinə görə, Fransanın Ermənistana verdiyi transpartyorlar  piyadaların qruplar halında məntəqələr arasında daşınması üçün nəzərdə tutulub. Müxtəlif məqsədlərlə istifadə olunur, 5 nəfərlik tutumu və üzərində 12,7 millimetrlik pulemyotu var. Sərhədlərdə, polis məntəqələrində nəzarət, kəşfiyyat, patrul fəaliyyəti üçün əlverişlidir. Zirehli, lakin nisbətən yüngül maşındır. Fransa bu zirehli maşın və silahlarla Ermənistanın başını aldatmağa çalışır. Əgər Ermənistan silahlanma yerinə, normallaşma üçün çalışsa, cibindəki pulları xalqına xərcləsə, daha yaxşı olar. Çünki onların Azərbaycan Ordusunun əlində olan silahların, texnikaların qarşısında şansları olduqca azdır. Ermənistan isə Fransadan aldığı bu döyüş maşınları ilə Azərbaycana qalib gəlməyin xəyallarını qurur. Bilmirlər ki, xəyallar heç də həmişə reallığa çevrilmir. 
Bütün bunlar bir daha onu göstərir ki, Fransa bütün vasitələrlə Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə ruhlandırır. Paris Ermənistanda yeni kəşfiyyat xidməti yaradıb. Bu "xidmət" Aİ-nin dəstəyi ilə Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığı ilə bağlı davamlı hesabatlar hazırlayır. Fransanın Ermənistan üçün yeni hücum planı hazırladığı barədə də məlumatlar ortaya çıxır. Bu onu göstərir ki,  Fransa açıq şəkildə Azərbaycana qarşı hücuma hazırlaşır. Amma Paris unudur ki, buna cəhd göstərilərsə, Azərbaycanın cavabı çox qətiyyətli və amansız olacaq. Yeni müharibə cəhdi demək olar ki, İrəvanın sonunu gətirəcək. Çünki Ermənistanın qüdrətli Azərbaycan Ordusunun qarşısında dayanmağa gücü yoxdu. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video