Təbii fəlakətin nə vaxt və harada baş
verəcəyini dəqiq bilmək mümkün deyil. Lakin texnologiyanın inkişafı riskləri
daha əvvəl görməyə, onları qiymətləndirməyə və mümkün zərəri azaltmağa imkan
verə bilər. İndi bu imkanların genişləndirilməsində süni intellektə də rol
ayrılır.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil
olmaqla bir sıra ölkələrdə dayanıqlı infrastrukturun formalaşdırılması və
iqlimə uyğunlaşma strategiyalarının hazırlanmasında süni intellektdən
istifadəyə yönəlmiş yeni texniki yardım layihəsinə başlayır. “Dayanıqlı
infrastruktur və uyğunlaşma strategiyaları üçün süni intellekt” adlanan
layihənin ümumi dəyəri 800 min dollardır. Layihənin maliyyələşdirilməsi AİB-nin
Texniki Yardım Xüsusi Fondu hesabına həyata keçiriləcək. Hazırda layihə təklif
mərhələsindədir və onun təsdiq tarixi hələ müəyyən edilməyib.
Regional xarakter daşıyan təşəbbüs
Azərbaycanın da daxil olduğu geniş coğrafiyanı əhatə edir. Layihədə Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkiyə, Ermənistan, Gürcüstan, Çin, Hindistan və
digər Asiya-Sakit okean ölkələrinin iştirakı nəzərdə tutulur. Əsas istiqamətlərdən
biri təbii fəlakət risklərinin daha dəqiq müəyyənləşdirilməsi və
qiymətləndirilməsidir. Süni intellektdən istifadə etməklə risklərin təhlili,
mümkün təhlükələrin əvvəlcədən müəyyən edilməsi və onların təsirlərinin
azaldılması üzrə imkanların gücləndirilməsi planlaşdırılır.
Bu yanaşma xüsusilə iqlim dəyişikliklərinin
yaratdığı risklərin artdığı bir vaxtda diqqət çəkir. Çünki daşqın, sel,
sürüşmə, quraqlıq və digər təbii hadisələrin vurduğu zərərin yalnız
infrastrukturla məhdudlaşmadığı, sosial baxımdan daha həssas qruplara da ciddi
təsir etdiyi nəzərə alınır. AİB-nin qiymətləndirməsinə görə, layihə iştirakçı
ölkələrin təbii fəlakətlərlə bağlı riskləri müəyyənləşdirmək, qiymətləndirmək
və azaltmaq imkanlarının gücləndirilməsinə kömək edə bilər. Bununla da təbii
fəlakətlərin, xüsusilə aztəminatlı və həssas əhali qruplarına təsirinin
azaldılmasına dolayı töhfə verilməsi gözlənilir.
Beləliklə, süni intellekt bu layihədə yalnız
rəqəmsal texnologiya kimi deyil, gələcək risklərə daha hazırlıqlı olmaq üçün
bir alət kimi nəzərdən keçirilir. Azərbaycanın da daxil olduğu regional
təşəbbüsün əsas ideyası isə sadədir: fəlakətin qarşısını almaq həmişə mümkün
olmasa da, onun gələcəyini daha əvvəl görmək və nəticələrini azaltmaq
mümkündür.
Züleyxa
ƏLİYEVA,
“Azərbaycan”