22 İyul 2026 08:05
37441
CƏMİYYƏT
A- A+
"AZƏRBAYCAN"ın "Zəfər" imzası

"AZƏRBAYCAN"ın "Zəfər" imzası


Tarixin təkrarolunmaz bir hikməti var ki, bəzi nəşrlər, sadəcə, xəbər daşıyıcısı kimi doğulur, bəziləri isə millətin taleyi və zəfərləri ilə eyni gündə dünyaya göz açır. 1918-ci ilin 15 sentyabrında Bakı düşmən işğalından azad edilib bayrağımız paytaxtda dalğalandırılanda, həmin tarixi günün al şəfəqləri içində bir mətbuat möcüzəsi də həyata vəsiqə qazandı: "Azərbaycan" qəzeti! 

Həmin tarixi gündə mətbuatımızın fədakar mühərrir və publisistlərinin qələmindən süzülən ilk nüsxələr azadlığın, hürriyyətin və istiqlalın carçısına çevrildi. Cəmi iki il sürən fəaliyyət dövründə qələmini istibdadı yıxan külüngə çevirən "Azərbaycan", 70 illik sovet qadağasından sonra yenidən dirçələrək müstəqil dövlətimizin, suverenliyimizin və bütövlüyümüzün rəsmi atributu kimi adını tarixə yazdırdı.


Vətənpərvərlik, milli idrak və dövlətçilik


Ərazilərimizin işğala məruz qaldığı, bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün düşdüyü, daxili xaosun ölkəni sarsıtdığı o ağır illərdə "Azərbaycan" qəzeti xalqın faciəsini səhifələrinə həkk edən canlı şahid oldu. 

"Azərbaycan" qəzetinin fəaliyyətinin ana xəttini hər zaman vətənpərvərlik, milli idrak və dövlətçilik təşkil edib. Birinci Qarabağ savaşından Aprel və Günnüt zəfərlərinə qədər xalqımızın və ordumuzun şücaətləri mütəmadi olaraq qəzetin səhifələrində geniş əksini tapıb. Torpaqlarımız işğal altında olduğu illərdə "Azərbaycan" qəzeti öz publisist yazıları, reportaj və şərhləri ilə Qarabağsız və Şərqi Zəngəzursuz böyüyən yeni nəslin milli şüurunu, vətənpərvərlik ruhunu daim diri tutub, bütöv Azərbaycan ideyasına xidmət edib.

 O çətin illərdə qəzetin hər bir səhifəsi təkcə informasiya daşıyıcısı deyil, həm də itirilmiş yurd yerlərimizin canlı ensiklopediyası, unutmağa imkan verməyən mənəvi irs idi. Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin... tarixi, mədəniyyəti, təbiəti və tanınmış şəxsiyyətləri haqqında dərc olunan silsilə məqalələr, xatirələr doğma torpaqları görməyən gənc nəslin təxəyyülündə həmin coğrafiyanı qarış-qarış canlandırırdı. Qəzetin qələm sahibləri oxucuya, sadəcə, həsrəti yox, həm də mütləq qayıdış inamını aşılayırdılar.

"Azərbaycan" qəzeti illərlə səbir və təmkinlə Böyük qayıdışın mənəvi-ideoloji bünövrəsini qoydu, cəmiyyətdə Vətən sevgisini və mübarizə əzmini daim alovlandırdı.

İşğal illərində sözlə, qələmlə qorunan o vətənpərvərlik ruhu illər sonra səngərdə real qəhrəmanlığa, Zəfər salnaməsinə çevrildi və "Azərbaycan"ın illərlə xidmət etdiyi bütöv Vətən amalı reallığa qovuşdu.

2020-ci ilin 44 günlük Vətən müharibəsində "Azərbaycan" qəzetinin əməkdaşları, sözün həqiqi mənasında, qələmlərini süngüyə çevirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" nidasını, dövlət başçısının sosial şəbəkələr üzərindən verdiyi Qələbə müjdələrini xalqın böyük coşqusu ilə bir ahəngdə oxuculara çatdıran redaksiya heyəti tarixi zəfərin fəal salnaməçisinə çevrildi.

Həmin günlərdə redaksiya əməkdaşlarının qələmə aldıqları məqalələrdə, reportajlarda İkinci Qarabağ savaşının mənzərəsi dəqiqliyi ilə tarixə həkk edildi. Arxa cəbhədə düşmənin raket atəşinə tutduğu dinc şəhər və kəndlərimizdən hazırlanan materiallar isə düşmən terrorunu ifşa edən sənədli yaddaşa çevrildi. Bu baxımdan, "Azərbaycan" qəzeti gələcək nəsillər üçün Zəfər tariximizin əvəzsiz mənbəyidir.

2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal antiterror əməliyyatı ilə Azərbaycan öz suverenliyini ölkənin hər bir qarışında tam təmin etdi, Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə üçrəngli bayrağımız qürurla dalğalandı. Bu unudulmaz hadisə "Azərbaycan" qəzetinin səhifələrində Zəfər salnaməsinin ən zirvə nöqtəsi kimi tarixləşdi. Müzəffər Ali Baş Komandanın Xankəndi şəhərində bayrağımızı ucaltması, tarixi ədalətin bərpa olunması xəbərlərini böyük coşqu ilə oxuculara çatdıran qəzetimiz bir əsr öncə cümhuriyyət qurucularının qəlbində tutuşan tam və bütöv Azərbaycan idealının reallığa qovuşmasını bütün təfərrüatı ilə gələcək nəsillərin yaddaşına ötürdü.


Qürurverici səhifələr


İşğaldan azad edilmiş torpaqlara həyatın qayıdışını əks etdirən rubrikalar qəzetin ən kövrək və qürurverici guşələridir. "Biz qayıtdıq, Vətən!", "Şəhidlər ölməz, vətən bölünməz", "Tarix yazan oğullar", "Zəfər zirvəsini fəth edənlər", "Biz daha köçkün deyilik", "Qarabağ söhbətləri", "Yurdu yaşadan qəhrəmanlar" kimi silsilə rubrikalar altında yüzlərlə yazı dərc olunub. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin rəşadəti və Böyük qayıdışın möhtəşəm mənzərələri bu səhifələrdə canlanır.

Xüsusilə redaksiyanın keçmiş məcburi köçkün olan jurnalistlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpası, doğma yurd yerlərinə dönən insanların sevinci haqqında hazırladıqları reportajlar ayrıca diqqət çəkir. Onilliklərlə həsrətini çəkdikləri ata-baba torpaqlarına qədəm basan jurnalistlərin duyğuları, göz yaşları və qürur hissi birbaşa oxucuya keçir, insanı həm qüssələndirir, həm də sonsuz bəxtəvərliklə qürurlandırır. Bu gün 108 yaşlı "Azərbaycan" qəzeti cənnətə çevrilən Qarabağ və Şərqi Zəngəzurun yeni növrağını parlaq təcəssüm etdirir. 

Mənəvi varislik və ehtiram ənənəsi redaksiyada hər zaman uca tutulur. Qəzetin əməkdaşı olmuş şəhid Elgün İsmayılovun xatirəsi redaksiyada həmişə dərin ehtiramla yad olunur. Hər il onun doğum günündə İkinci Şəhidlər xiyabanında başlayan anım mərasimi redaksiyada keçirilən vətənpərvərlik mövzusundakı yaradıcılıq müsabiqəsinin yekunları ilə davam edir. Bu, qələmlə silahın, mətbuatla vətənpərvərliyin qırılmaz bağının əyani göstəricisidir.

22 İyul - Milli Mətbuat və Jurnalistika Gününü qeyd etdiyimiz bu təntənəli gündə bir daha əminliklə demək olar ki, əsrlər boyu söz sarayında mübarizə aparan mətbuat fədailərimizin ən böyük arzusu Azərbaycanı bütöv və suveren görmək olub. Biz müasir mətbuatın nümayəndələri olaraq bu ali arzunun gerçəkləşdiyi, Zəfər günəşinin işıqlandırdığı müstəqil Azərbaycanda yaşamaq və yaratmaq xoşbəxtliyinə nail olmuşuq.

108 yaşlı "Azərbaycan" qəzeti bu gün də bütöv Vətənin səsi, müasir dövrün salnaməçisi kimi öz müqəddəs missiyasını ləyaqətlə davam etdirir və "Zəfər" möhürlü yazıları ilə qürurverici tariximizi gələcək nəsillərə çatdırır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:51
15 Avqust

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:49
15 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli və "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:47
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:45
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:43
15 Avqust

"Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında 

00:41
15 Avqust

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:39
15 Avqust

"Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə

00:37
15 Avqust

Quba rayonunda zəlzələ baş verib

21:24
14 Avqust

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

21:22
14 Avqust

Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib

21:15
14 Avqust

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

18:47
14 Avqust

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

18:05
14 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:00
14 Avqust

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

17:55
14 Avqust

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

17:50
14 Avqust

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

17:45
14 Avqust

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara

17:40
14 Avqust

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

17:35
14 Avqust

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

17:30
14 Avqust

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi  

17:25
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!