Azərbaycan və Ukrayna arasında tarixən formalaşmış tərəfdaşlıq və dostluq əlaqələri son dövrlərdə həyata keçirilən önəmli təmaslar və mühüm humanitar təşəbbüslərlə məhsuldar dövrlərindən birini yaşayır. İki ölkənin sıx münasibətlərinin təməlində mədəni, iqtisadi və siyasi əlaqələrlə yanaşı, beynəlxalq hüququn əsas təməli olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələlərinə prinsipial yanaşma dayanır.
Bakı və Kiyev arasında illər ərzində möhkəmlənən bu əməkdaşlıq təkcə ikitərəfli müstəvidə qalmayaraq, regional və beynəlxalq təhlükəsizlik məsələlərini də əhatə edir. Regional çağırışlar fonunda rəsmi Bakı konstruktiv dialoqu, humanitar dəstəyi və siyasi-diplomatik həll yollarını ön plana çəkərək Avropa regionunun təhlükəsizliyinə və böhranların aradan qaldırılmasına ardıcıl töhfələr verməkdədir.
Münasibətlərin praktiki müstəvidə genişlənməsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya həyata keçirdiyi rəsmi səfər xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilən və ukraynalı həmkarı Andrey Sibiqa ilə geniş tərkibli görüşlər keçirən nazir Azərbaycanın strateji yanaşmalarını diqqətə çatdırıb. Görüşlər zamanı C.Bayramov Ukrayna rəhbərliyinə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji roluna toxunularaq, Ukraynaya qaz ixracı imkanları hərtərəfli nəzərdən keçirilib.
Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün iki ölkə arasında əməkdaşlıq potensialı son dərəcə yüksək qiymətləndirilir. Vurğulanır ki, Azərbaycan xüsusilə qış dövründə və təchizatda yaranan fasilələr zamanı vacib təminatçıya çevrilə bilər. Ukrayna alıcı olmaqla bərabər, həm də Mərkəzi və Şərqi Avropaya gələcəkdə Azərbaycan qazının saxlanılması və paylanması üçün regional mərkəz kimi çıxış etmək imkanına malikdir. Trans-Balkan Dəhlizi (Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynadan keçən əsas təbii qaz boru kəməri xətti) ölkələri olan Azərbaycan, Ukrayna və Türkiyə arasında uzunmüddətli müqavilələrin bağlanması və marşrutun həcminin genişləndirilməsi hər iki tərəf üçün böyük iqtisadi dividendlər vəd edir. Ukrayna tərəfi Bakının bu çoxvektorlu xarici siyasətini və prioritetlərini Avropanın ümumi təhlükəsizliyinə mühüm investisiya kimi dəyərləndirir.
İkitərəfli münasibətlərin humanitar və mənəvi müstəvidəki dərinliyini nümayiş etdirən növbəti mühüm hadisə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun avqustun 17-də Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi olub. Görüş zamanı tərəflər 20 ildən artıq davam edən dostluq münasibətlərinə nəzər salaraq, Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işləri xatırlayıb və gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində verdiyi bəyanatlarda Viktor Yuşşenko dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının müasir beynəlxalq təhlükəsizlik sisteminin birnömrəli bəndi olduğunu xüsusi vurğulayıb. Sabiq dövlət başçısının fikrincə, İkinci Dünya müharibəsindən sonra yaranan sərhədlərin toxunulmazlığı prinsipi saxlanılmalıdır və bu məsələdə Azərbaycan ilə Ukraynanın təcrübəsi bütün beynəlxalq ictimaiyyət və BMT üçün mühüm nümunə olmalıdır.
Səfərin önəmli məqamlarından biri Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev tərəfindən Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunmasıdır. Səfirin də qeyd etdiyi kimi, bu addım iki ölkə arasındakı güclü tərəfdaşlığın, həmrəyliyin və Azərbaycan dövlətinin İrpen şəhərinin bərpasına göstərdiyi davamlı dəstəyin yüksək qiymətləndirilməsinin bariz təzahürüdür.
Azərbaycan Ukraynanın müharibədən zərər görmüş İrpen şəhərinin yenidən qurulmasında fəal və ardıcıl şəkildə iştirak edir. Şəhərdəki İrpen Humanitar "Linqvist" Liseyi və diaqnostika poliklinikası Azərbaycan tərəfindən artıq tam bərpa olunaraq istifadəyə verilib. Humanitar dəstək proqramının növbəti mərhələsində isə yeni yaşayış binalarının tikintisi, uşaq-gənclər idman məktəbinin, Mərkəzi Mədəniyyət Evinin bərpası və müasir incəsənət mərkəzinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüslər Azərbaycanın sülhsevər və qurucu xarici siyasətinin real əməli nəticələridir.
Mənəvi və ictimai bağların gücləndirilməsi istiqamətində Bakıda "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə Viktor Yuşşenko arasında da mühüm görüş baş tutub. Müzakirələrdə diasporun dəstəklənməsi, xalqlar arasında ənənəvi əlaqələrin möhkəmləndirilməsi, birgə sosial, mədəni, gənclər və təhsil layihələrinin reallaşdırılması xüsusi yer alıb. Viktor Yuşşenko Elmar Məmmədovun iki ölkə arasında dostluğun möhkəmlənməsinə verdiyi çoxillik töhfəni və ictimai diplomatiyanın imkanlarını yüksək qiymətləndirib.
Nəticə etibarı ilə yüksəksəviyyəli diplomatik təmaslar, energetika sahəsindəki strateji planlar, genişmiqyaslı humanitar yardımlar və ictimai diplomatiyanın imkanları Azərbaycan-Ukrayna münasibətlərinin möhkəm əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Rəsmi Bakının nümayiş etdirdiyi konstruktiv mövqe, hüquqi prinsiplərə sədaqət və humanitar dəstək iki ölkə arasındakı dostluq tellərini daha da gücləndirir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"