Son illərdə Özbəkistan və Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu proses, ilk növbədə, dövlət başçılarının müntəzəm yüksəksəviyyəli səfərlərinə, etibarlı dialoqa və iki ölkə liderlərinin siyasi iradəsinə əsaslanır. Xalqlarımızın ortaq tarixi, mədəni yaxınlığı, dil qohumluğu və mənəvi dəyərləri əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün zəmin yaradır. İki ölkə arasındakı tərəfdaşlıq özünü iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, mədəniyyət və təhsil sahələrində iri birgə layihələrin həyata keçirilməsində aydın şəkildə göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan mətbuatına verdiyi açıqlamada Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin rektoru İlhomcon Tuxtasinov deyib.
O bildirib ki, Özbəkistan-Azərbaycan münasibətlərindəki bu yeni mərhələ təhsil sahəsində əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırır. Bu əməkdaşlığın praktik nəticələri özünü iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin yaranmasında, müəllim və tələbə mübadiləsində, birgə tədqiqatlarda, dil və mədəniyyətin öyrənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsində göstərir: “Hazırda Özbəkistan Dövlət Dünya Dilləri Universiteti 40-dan çox ölkədə 200-dən çox aparıcı ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və müvafiq memorandumlar imzalanıb. Ötən il mayın 30-da universitetimizdə Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzini yaratdıq. Bu ilin fevralında əməkdaşlıq haqqında müqavilə imzaladığımız Azərbaycan Dillər Universitetini ziyarət etdik, Özbək Dili və Ədəbiyyatı Mərkəzinin yaradılması barədə razılığa gəldik. Bu, ixtisasartırma təhsili üçün müəllim mübadiləsi imkanı yaradıb”.
“Bu günə qədər universitetimizdən 15 müəllim təcrübə keçmək üçün Azərbaycana səfər edib. Üç doktorant təhsillərini davam etdirmək və müstəqil tədqiqatlar aparmaq üçün Bakıya səfər edib. Öz növbəsində, Azərbaycandan 15 mütəxəssis ixtisasartırma təhsili üçün ölkəmizə göndərilib. 2025/2026-cı tədris ilindən etibarən universitetimizdə Azərbaycan dili üçüncü xarici dil kimi tədris olunacaq. Azərbaycandan 4 professor artıq tədrisə başlayıb. Tələbələr qardaş ölkənin dilinə, mədəniyyətinə, ədəbiyyatına və tarixinə böyük maraq göstərir və onları daha dərindən öyrənməyə can atırlar. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli əməkdaşlığın daha da inkişafı və yeni səviyyəyə yüksəlməsi üçün əhəmiyyətli imkanlar yaradacaq. Bu, təkcə hökumət səviyyəsində imzalanacaq müqavilələrə deyil, həm də ölkələrimiz arasında qarşılıqlı əlaqələrə əlavə təkan verə biləcək ali təhsil sahəsindəki müqavilələrə aiddir”, - deyə rektor qeyd edib.