Prezident İlham Əliyev və
Prezident Şavkat Mirziyoyevin mətbuat qarşısında çıxışlarında səsləndirdiyi
fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin artıq ənənəvi ikitərəfli əməkdaşlıq
çərçivəsindən kənara çıxaraq daha geniş geosiyasi, geoiqtisadi
formalaşdırdığını və türk sivilizasiya məkanının inkişafına əhəmiyyətli töhfə
verdiyini göstərir. İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı
münasibətlər “çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub”.
Prezidentin qeyd etdiyi “bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir”
fikri xüsusi əhəmiyyət daşıyır. Çünki bir çox dövlətlərarası tərəfdaşlıq yalnız
ortaq siyasi və iqtisadi maraqlara əsaslanır. Azərbaycan və Özbəkistan münasibətlərində
isə strateji maraqlar xalqların ortaq tarixi, dili, mədəniyyəti, mənəvi dəyərləri
və sivilizasiya yaxınlığı ilə tamamlanır. Məhz bu xüsusiyyət münasibətləri daha
dayanıqlı və uzunmüddətli edir.
Bu baxımdan Prezident
Mirziyoyevin “Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və
qardaş dövlətdir” sözləri münasibətlərin siyasi mahiyyətini çox dəqiq ifadə
edir. Onun fikrincə, münasibətlərin təməlində “vahid sivilizasiya kodu, ümumi
tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və
ənənələr” dayanır. Prezident Mirziyoyevin xüsusilə vurğuladığı “bu dərin
bağlılıq münasibətlərimizi monolit və xarici konyunkturun təsirinə qarşı
dayanıqlı edir” fikri Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm geosiyasi
xüsusiyyətini ortaya qoyur: bu münasibətlər situativ maraqlardan deyil,
fundamental strateji və mənəvi əsaslardan qaynaqlanır.
Yeni geosiyasi məkan: Mərkəzi
Asiya və Azərbaycan
Prezident İlham Əliyevin “Mərkəzi
Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf
imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur” fikri xüsusilə diqqətəlayiq
strateji yanaşmadır.
Bu yanaşma faktiki olaraq Mərkəzi
Asiya ilə Cənubi Qafqaz arasında əvvəlki coğrafi və siyasi ayrı-seçkiliyin
aradan qalxdığını göstərir. Azərbaycan Xəzərin qərb sahilində, Özbəkistan isə Mərkəzi
Asiyanın mərkəzində yerləşərək, Şərq-Qərb istiqamətlərində formalaşan yeni
bağlantılar sistemində bir-birini tamamlayan mövqelərə malikdir.
Prezident Əliyevin “yenidən
yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş region” ifadəsi də təsadüfi
deyil. Burada söhbət sadəcə coğrafi yaxınlıqdan getmir. Yeni region anlayışı:
siyasi dialoqun;
nəqliyyat və logistika əlaqələrinin;
enerji və iqtisadi əməkdaşlığın;
ortaq təhlükəsizlik
maraqlarının;
mədəni və sivilizasiya
yaxınlığının
vahid sistemdə birləşməsini nəzərdə
tutur.
Bu mənada Azərbaycan və Özbəkistan
arasındakı sıx əməkdaşlıq yalnız iki ölkənin milli maraqlarına deyil, daha
geniş regionun inteqrasiyasına xidmət edən əsas sütunlardan birinə çevrilir.
Trans-Xəzər dəhlizi: yeni
iqtisadi inteqrasiyanın əsası
Prezident Mirziyoyevin çıxışında
nəqliyyat-tranzit əməkdaşlığı xüsusi yer tutur. Onun “Trans-Xəzər dəhlizinin
potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini
artıracaq, daşımaları stimullaşdıracağıq” sözləri gələcək əməkdaşlığın ən mühüm
istiqamətlərindən birini müəyyənləşdirir.
Bu, Azərbaycan və Özbəkistanın
iqtisadi tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan Xəzər
vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən
mühüm tranzit qovşağıdır. Özbəkistan isə böyük iqtisadi, sənaye və demoqrafik
potensiala malik Mərkəzi Asiya dövlətidir. Bu potensialların birləşdirilməsi
daha geniş Avrasiya məkanında yeni iqtisadi imkanlar yaradır.
Xüsusilə “Xəzər dənizində birgə
donanmanın yaradılması üzrə işi fəallaşdıracağıq” fikri diqqət çəkir. Bu, nəqliyyat-logistika
əməkdaşlığının artıq ümumi niyyətlərdən konkret infrastruktur və institusional
layihələr mərhələsinə keçdiyini göstərir.
Prezident Əliyevin siyasi
kursu: suverenliyin bərpası, Qarabağın dirçəlişi və qardaşlıq həmrəyliyi
Prezident Mirziyoyevin Azərbaycanın
ərazi bütövlüyünün bərpası və postmünaqişə quruculuğu ilə bağlı fikirləri də
xüsusi siyasi məna daşıyır. O bildirib ki, “İlham Heydər oğlunun siyasi
kursunun məqsədyönlülüyünü xüsusilə qeyd etmək istərdim. Bu kurs sayəsində ölkənin
bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülhə və sabitliyə nail olmaq mümkün
olub.”
Bu, Özbəkistanın Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinin və Azərbaycanın
postmünaqişə inkişaf modelinə verdiyi yüksək qiymətin ifadəsidir. Mirziyoyevin
“qədim Qarabağ torpağı yenidən dirçəlir” sözləri isə artıq diqqətin münaqişədən
sonrakı mərhələyə – bərpa, yenidənqurma, iqtisadi inkişaf və insanların öz
doğma yurdlarına qayıdışına yönəldiyini göstərir. Onun sözləri ilə desək,
“insanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir”. Burada Özbəkistanın
Qarabağın bərpasında iştirakının da xüsusi siyasi və mənəvi əhəmiyyəti var. Bu,
qardaşlığın yalnız bəyanatlarda deyil, praktiki fəaliyyət və konkret layihələrdə
də özünü göstərdiyini nümayiş etdirir.
İkitərəfli münasibətlərdən
regional tərəfdaşlığa
Prezident Mirziyoyevin ən mühüm
mesajlarından biri də budur ki, “Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq
artıq ikitərəfli gündəlik çərçivəsindən xeyli kənara çıxıb.” Bu fikir Prezident
Əliyevin vahid geosiyasi və geoiqtisadi region konsepsiyası ilə tam səsləşir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına
qoşulması ilə bağlı qərarı Mirziyoyev haqlı olaraq “tarixi qərar” adlandırır.
Bu addım Mərkəzi Asiya ilə Cənubi
Qafqaz arasında “vahid etimad, mehriban qonşuluq və qarşılıqlı bağlılıq məkanının
formalaşdırılması” baxımından yeni siyasi mərhələ açır. Nəticə etibarilə,
Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin çıxışları göstərir ki,
Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsi üç əsas sütun üzərində
yüksəlir: ortaq sivilizasiya və mənəvi yaxınlıq, strateji tərəfdaşlıq, siyasi
müttəfiqlik və əbədi dostluq, ikitərəfli və geniş regional geoiqtisadi
inteqrasiya. “Əbədi dostluq” anlayışının əsl mahiyyəti də məhz burada özünü
göstərir: keçmişdən gələn qardaşlıq gələcəyin konkret siyasi, iqtisadi, nəqliyyat
və humanitar layihələri ilə birləşir. Beləliklə, Azərbaycan və Özbəkistan təkcə
iki qardaş dövlət arasında münasibətlərin nümunəsini yaratmır, eyni zamanda, Mərkəzi
Asiya-Azərbaycan məkanında yeni regional inteqrasiya modelinin əsasını
formalaşdırırlar.
“Əbədi dostluq haqqında”müqavilənin
mahiyyəti, əhəmiyyəti və perspektivləri
Azərbaycan Respublikası ilə
Özbəkistan Respublikası arasında imzalanmış “Əbədi dostluq haqqında” Müqavilə
iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və gələcək inkişaf
istiqamətlərini çox aydın şəkildə ortaya qoyur. Sənədin əsasını dostluq,
qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik
təşkil edir. Tərəflər bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi
bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qətiyyətli
dəstəyi bir daha təsdiqləyirlər. Bu, iki dövlət arasında münasibətlərin yüksək
qarşılıqlı etimad üzərində qurulduğunu göstərən mühüm hüquqi təsbitdir.
Müqavilənin əhəmiyyətini ümumən
beş əsas istiqamətdə qiymətləndirmək olar:
Siyasi-strateji tərəfdaşlıq və
müttəfiqlik;
Təhlükəsizlik və qarşılıqlı
etimad;
İqtisadi və texnoloji tərəfdaşlıq;
Nəqliyyat və regional
bağlantılılıq;
Xalqlararası əlaqələri və birgə
dəyərlər,
Humanitar və mədəni inteqrasiya
– dil, təhsil, elm, mədəniyyət, gənclər, turizm və şəhərlərarası əlaqələrin
inkişafı.
Tərəflər çoxşaxəli əməkdaşlığın
dərinləşdirilməsində Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının
Ali Dövlətlərarası Şurasının əsas əlaqələndirici və stimullaşdırıcı rolundan səmərəli
istifadə etmək və bu mexanizm çərçivəsində fəal qarşılıqlı fəaliyyəti davam
etdirmək barədə razılığa gəldilər.
Əbədi dostluq haqqında müqavilə
Azərbaycan və Özbəkistan münasibətlərini yalnız dostluq ifadələri ilə deyil,
çoxsaylı konkret əməkdaşlıq istiqamətləri və qarşılıqlı öhdəliklərlə möhkəmləndirən
geniş hüquqi çərçivədir. Burada siyasi etimad təhlükəsizlik əməkdaşlığı ilə,
iqtisadi tərəfdaşlıq nəqliyyat və logistika imkanları ilə, humanitar yaxınlıq
isə elm, təhsil, dil, mədəniyyət və turizmlə tamamlanır. Müqavilənin mətnindən
aydın görünür ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər hərtərəfli,
uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinə söykənir. “Əbədi
dostluq” anlayışının sənəddə konkret hüquqi və praktiki məzmunla ifadə olunması
da bu münasibətlərin möhkəm əsaslara malik olduğunu göstərən ən mühüm məqamlardan
biridir.
Müqavilənin mühüm xüsusiyyətlərindən
biri qarşılıqlı təhlükəsizlik və etimad məsələlərinin konkret şəkildə əks
olunmasıdır. Tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi
bütövlüyünə zərər vura biləcək fəaliyyətlərdə iştirak etməməyi, öz ərazilərindən
digər tərəfə qarşı belə fəaliyyət üçün istifadə olunmasına yol verməməyi öhdələrinə
götürürlər. Bununla yanaşı, müqavilənin üçüncü dövlətlərə qarşı yönəlmədiyi
xüsusi olaraq qeyd olunur. Beləliklə, sənədin mahiyyəti Azərbaycan və Özbəkistan
arasında etibarlı, sabit və qarşılıqlı faydalı münasibətləri möhkəmləndirməkdir.
Sənəd siyasi əməkdaşlığın daimi
və sistemli xarakter daşımasını nəzərdə tutur. Parlamentlərarası əlaqələrin
genişləndirilməsi, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, dövlət
başçıları səviyyəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi və xarici
işlər nazirlikləri xətti ilə daimi məsləhətləşmələrin aparılması üçün mexanizmlər
müəyyən edilir. Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müntəzəm
fikir mübadiləsinin aparılması da iki ölkə arasında siyasi dialoqun
davamlılığını təmin edən mühüm istiqamətdir.
Müqavilənin iqtisadi məzmunu
xüsusilə genişdir. Tərəflər ticarət-iqtisadi və investisiya əməkdaşlığını
inkişaf etdirməyi, sənaye kooperasiyasını dərinləşdirməyi və energetika, nəqliyyat
və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal
iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik
texnologiyalar kimi müasir və strateji sahələrdə birgə layihələrin həyata
keçirilməsinə kömək göstərməyi razılaşdırırlar. Yüklərin və sərnişinlərin
qarşılıqlı faydalı daşınmasının təmin edilməsi, nəqliyyat dəhlizlərinin tranzit
potensialının artırılması və qarşılıqlı əlaqəli nəqliyyat sisteminin möhkəmləndirilməsi
də sənəddə xüsusi yer tutur. Bu müddəalar iqtisadi münasibətlərin yalnız mövcud
sahələrlə məhdudlaşmadığını, yeni texnologiyalar və gələcəyin iqtisadiyyatına
aid istiqamətləri də əhatə etdiyini göstərir.
Müqavilə iki xalq arasındakı mənəvi
və humanitar yaxınlığa da böyük əhəmiyyət verir. Elm, təhsil, tibb, mədəniyyət,
mədəni irs, gənclər, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi
nəzərdə tutulur. Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinin dəstəklənməsi,
elmi və təhsil müəssisələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, birgə
layihələrin həyata keçirilməsi, müasir təhsil texnologiyalarının tətbiqi və
innovativ layihələr üçün şərait yaradılması iki xalq arasındakı yaxınlığın gələcək
nəsillərə ötürülməsinə xidmət edən konkret istiqamətlərdir. Şəhərlər və
regionlar arasında tərəfdaşlıq əlaqələrinin təşviqi də bu münasibətlərin yalnız
mərkəzi dövlət qurumları səviyyəsində deyil, regionlar və insanlar arasında da
genişlənməsini nəzərdə tutur.
Əsas nəticə ondan ibarətdir ki,
“Əbədi dostluq haqqında” Müqavilə Azərbaycan ilə Özbəkistan arasında mövcud
olan tarixi qardaşlıq münasibətlərini institusional və hüquqi müstəviyə keçirərək,
uzunmüddətli strateji əməkdaşlığın hərtərəfli yol xəritəsini müəyyən edir.
Rizvan Nəbiyev,
Milli Məclisin deputatı,
siyasi elmlər doktoru