19 Avqust 2026 10:10
745
İDMAN
A- A+
Azərbaycan idman ölkəsidir 

Azərbaycan idman ölkəsidir 


Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu sahədə beynəlxalq yarışların mərkəzinə çevrilib 


Uğurlu gələcəyi hədəfləyən hər bir dövlət üçün idmanın inkişafı fiziki sağlamlıq məsələsi olmaqla yanaşı, həm də milli genofondun qorunması, gənclərin vətənpərvər ruhda tərbiyəsi və beynəlxalq aləmdə ölkənin nüfuzunun təsdiq olunması deməkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər göstərdi ki, Azərbaycan gəncliyinin qəlbindəki qalibiyyət ruhu və sarsılmaz iradə məhz illərlə formalaşan bu uzaqgörən siyasətin, fiziki və mənəvi baxımdan möhkəm yetişən gənc nəslin bəhrəsidir. Lakin bu şanlı zirvəyə gedən yol heç də hamar olmayıb.

Müstəqilliyimizin ilk illərində - 1990-cı illərin əvvəllərində yaşanan dərin siyasi və sosial-iqtisadi böhran digər sahələr kimi idmana da dağıdıcı təsir göstərmiş, idman infrastrukturu sıradan çıxmış, idmançılarımız dövlət qayğısından tamamilə kənarda qalmışdı. 

1993-cü ildə xalqımızın istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu sahə də dövlətin prioritet inkişaf istiqamətlərindən birinə çevrildi. Ulu Öndər gözəl bilirdi ki, parlaq gələcək gənclər və idman siyasətinin düzgün təməllər üzərində qurulmasından asılıdır. Məhz bu düzgün baxışın nəticəsi olaraq 1994-cü ildə Gənclər və İdman Nazirliyi, 1995-ci ildə isə Prezident yanında İdman Fondu yaradıldı. Bu addımlar müasir idman tariximizin ilkin təməl daşları oldu. 

Bununla belə, Azərbaycan idmanının həqiqi intibah dönəmi, sözün əsl mənasında, cənab İlham Əliyevin adı ilə bağlıdır.


Azərbaycan idmanında tarixi dönüş nöqtəsi


1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradılsa da, fəaliyyətinin ilk illərində görünən nəticələr qənaətbəxş olmadı. O dövrün yeganə mühüm hadisəsi 1996-cı ildə Atlanta Olimpiadasında müstəqil dövlət kimi ilk dəfə 23 idmançı ilə təmsil olunmağımız və sərbəst güləşçimiz Namiq Abdullayevin (52 kq) qazandığı tək gümüş medal idi.

İdmanda həqiqi dönüş nöqtəsi 1997-ci il iyulun 31-də gerçəkləşdi. Milli Olimpiya Komitəsinin növbəti baş məclisində cənab İlham Əliyevin komitənin prezidenti seçilməsi ölkəmizdə müasir Olimpiya hərəkatının başlanğıcını qoydu. Onun MOK-a rəhbərlik etməyə başlaması ilə idman sahəsi sürətli inkişaf yoluna qədəm qoydu, ölkəmizdə bədən tərbiyəsi geniş vüsət aldı, beynəlxalq əlaqələr sistemli şəkildə quruldu, qarşıya çıxan problemlər bacarıqla həll edildi, hərəkatın dəqiq məqsəd və vəzifələri müəyyənləşdirildi.

Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi illərdən başlayaraq, eyni zamanda 2003-cü ildə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçildiyi tarixdən bu günədək cənab İlham Əliyev idmanı dövlət siyasətinin ana xətlərindən birinə çevirib. 

Onun rəhbərliyi altında ötən illərdə MOK-un təşkilati və quruculuq işləri bir an belə səngiməyib. 2000-ci ildən indiyədək ölkə üzrə 50-yə yaxın Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud obyektlər əsaslı bərpa olunub. Bu gün paytaxt Bakı və ölkənin ən ucqar rayonları belə müasir idman infrastrukturu ilə təmin olunub. 70 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu,  Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, İdman Şəhərciyi bu qəbildəndir. 

Bölgələrdə istifadəyə verilən idman kompleksləri gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq kütləvi şəkildə idmana cəlb olunmasında, vətənpərvər və sağlam nəsil kimi yetişməsində müstəsna rol oynayır. Bununla yanaşı, idmançıların və məşqçi heyətinin sosial müdafiəsinin gücləndirilməsi, beynəlxalq arenalarda fərqlənən atletlərin yüksək dövlət mükafatları və ordenlərlə təltif edilməsi idmana marağı kütləvi müstəviyə daşıyıb. 

Yaradılan bu nəhəng baza gənclərin idmana kütləvi axınını təmin etməklə yanaşı, Azərbaycanı dünyanın idman mərkəzlərindən birinə çevirib.


Şanlı idman səhifələri


Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı çox keçmədən Olimpiya Oyunlarında öz möhtəşəm bəhrəsini verməyə başladı. Bütün dünyanı heyrətə gətirən bu inkişaf dinamikasının xronologiyası bir-birindən uğurlu oldu.

2000-ci ilin 16-30 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında 31 idmançı ilə təmsil olunan ölkəmiz 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan 199 ölkə arasında 34-cü, Avropada 23-cü oldu.

2004-cü ildə Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında 12 idman növündə 38 atletlə təmsil olunan milli komandamız 1 qızıl, 4 bürünc medal qazandı. 2008-ci ildə  Pekində keçirilən Yay Olimpiya Oyunlarına 12 idman növündə 44 atletlə qatıldıq. Pekin turnirində ilk dəfə hər üç əyarda - 1 qızıl, 1 gümüş, 4 bürünc (cəmi 6 medal) qazanıldı. Azərbaycan 204 ölkə arasında medal sayına görə 27-ci yeri tutdu.

Yığmamız 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) əldə etməklə 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Yay Olimpiya Oyunlarını başa vurdu. Komandamız Avropada 15-ci, MDB-də 5-ci pilləyə yüksəldi.

 56 idmançı ilə qatıldığımız və 2016-cı ildə Rio-de-Janeyroda keçirilən  XXXI Yay Olimpiya Oyunları rekord göstəricilərlə yadda qaldı. Turnirdə 1 qızıl, 7 gümüş, 10 bürünc - cəmi 18 medal qazandıq. Radik İsayev (taekvondo) qızıl medala sahib çıxdı. Azərbaycan 207 ölkə arasında 15-ci yeri tutdu. İslam, türk və Qafqaz ölkələri arasında mütləq lider oldu.

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunan komandamız turniri 3 gümüş, 4 bürünc medalla başa vurdu. 

XXXIII Yay Olimpiya Oyunları 2024-cü ildə Parisdə keçirildi. Oyunlara 48 idmançı ilə qatılan komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandı.

Olimpiya hərəkatı ilə yanaşı, ölkəmizdə Paralimpiya hərəkatına göstərilən ali dövlət diqqəti də tarixi nailiyyətlərlə nəticələnib. Fiziki imkanları məhdud idmançılarımızın beynəlxalq yarışlarda, xüsusən də Paralimpiya Oyunlarında qazandıqları onlarca qızıl və gümüş medal Azərbaycanın idman sahəsindəki inklüziv və hərtərəfli dövlət siyasətinin bariz təzahürüdür.


Bayrağımız qalibiyyət zirvələrində hələ çox ucalacaq


Həyata keçirilən məqsədyönlü siyasət Bakını dünyanın aparıcı idman mərkəzlərindən birinə çevirdi. "Bakı-2015" I Avropa Oyunları, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" Qran-priləri, Futbol üzrə Avropa Çempionatının (Avro-2020) 4 qarşılaşması və yüzlərlə dünya-qitə çempionatının ölkəmizdə keçirilməsi bu etimadın bariz nümunəsidir.

Ölkəmiz "Bakı-2015" I Avropa Oyunlarını keçirmə hüququnu 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında 48 səsdən 38-ini toplayaraq qazandı. Prezident İlham Əliyevin 2013-cü il 17 yanvar sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı. Bu miqyaslı yarışlar üçün, adətən, 7-8 il vaxt verilsə də, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə cəmi 2 il yarım ərzində heç bir metodiki təlimat və təcrübə olmadan misilsiz təşkilatçılıq nümayiş etdirildi. 5 yeni idman kompleksi - Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı və Velopark sıfırdan tikildi, digərləri tam yenidən quruldu. Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının qatıldığı bu möhtəşəm idman bayramındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva "Heydər Əliyev" ordeni ilə təltif edildi.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları zamanı da tarix yazıldı. Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr sərəncamı ilə yaradılan və yenə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi 2 il ərzində 16 idman arenasını tam hazır vəziyyətə gətirdi. Müsəlman dünyasının idman mərkəzinə çevrilən Bakı öz qonaqpərvərliyi və yüksək təşkilatçılığı ilə islam aləminin idman tarixinə yeni parlaq səhifə yazdı.

Azərbaycanın idman siyasəti bu gün də eyni dinamika və ardıcıllıqla davam etməkdədir. Ölkəmizin beynəlxalq idman qurumları ilə qurduğu yüksək əməkdaşlıq münasibətləri mütəmadi olaraq ən ali səviyyədə təsdiqini tapır.

Bu il iyulun 29-da Prezident İlham Əliyevin Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul etməsi bunun növbəti əyani sübutudur. Görüş zamanı Nenad Laloviç Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatının yüksək səviyyədə təşkilinə və ümumilikdə idmanın güləş növünə göstərilən dövlət dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçımızın gənc və yeniyetmə idmançıların yetişməsinə verdiyi bu böyük əhəmiyyət əlbəttə ki, gələcək Olimpiya zəfərlərimizin təməlini indidən möhkəmləndirir.

Beynəlxalq idman təşkilatlarının Azərbaycana olan sonsuz etimadının növbəti göstəricisi kimi, ölkəmiz daha bir möhtəşəm mundiala evsahibliyi etmək hüququ qazanıb. Bu il avqustun 16-da Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimində Dünya Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, oradan isə növbəti ev sahibi olan Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Bu simvolik mərasimlə bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci il tarixlərində Azərbaycanda keçiriləcəyi rəsmiləşib.

Milli gimnastikamızın qazandığı bu tarixi uğurlar və beynəlxalq arenadakı yüksək nüfuzu Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin, bu idman növünün inkişafına göstərdiyi diqqət və qayğının bariz bəhrəsidir. Məhz onun rəhbərliyi ilə Azərbaycan dünyada gimnastika mərkəzlərindən birinə çevrilib, idmançılarımız ardıcıl qələbələrlə ölkəmizin şərəfini uca tutublar. 

Azərbaycan idmanının keçdiyi inkişaf yolu təkcə medallarla deyil, həm də milli ruhun yüksəlişi ilə ölçülür. Torpaqlarımızın işğal altında olduğu illərdə idmançılarımız beynəlxalq arenalarda bayrağımızı ucaldıb himnimizi səsləndirməklə, xalqımıza böyük Qələbənin mənəvi qürurunu və ümidini yaşadanlar olurdular. Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı sayəsində idman zallarında fiziki və mənəvi baxımdan möhkəmlənən, vətənpərvərlik ruhunda yetişən həmin gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərimizi yazan qəhrəmanlara çevrildilər.

Bu gün idmançılarımız beynəlxalq yarışlarda artıq qalib xalqın, müzəffər dövlətin nümayəndələri kimi çıxış edirlər. İşğaldan azad edilmiş torpaqlarımızda - Şuşada, Xankəndidə və digər bölgələrimizdə idman yarışlarının təşkili, yeni infrastrukturların qurulması Prezident İlham Əliyevin idman siyasətinin Zəfərlə taclanan ən qürurverici mərhələsidir.

Hazırda Azərbaycan idmanı özünün ən şərəfli, qürurverici və intibah dövrünü yaşayır. 1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsi ilə başlayan bu şanlı yol ölkəmizi dünyada tanınan idman dövlətinə çevirib.

Gənclərimizin idmana olan həvəsi, yeni nəsil idmançıların üzə çıxarılan potensialı və dövlətimizin idmançılara göstərdiyi sonsuz qayğı göstərir ki, Azərbaycan bayrağı beynəlxalq arenalarda, Olimpiya zirvələrində hələ çox ucalacaq, dövlətimizin idman salnaməsinə yeni-yeni zəfər səhifələri yazılacaq.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ 

15:25
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!