Naxçıvan Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir. Bu gün keçirilən forum dövlət başçılarının müəyyən etdiyi kursun ardıcıl davamıdır və iki ölkə arasında siyasi birliyi və iqtisadi tərəfdaşlığı daha da gücləndirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov deyib.
O qeyd edib ki, Naxçıvanın son illərdə əldə etdiyi mühüm nailiyyətlərin əsasında Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” dayanır.
Sənədin Naxçıvanın innovasiyaya əsaslanan, rəqabətqabiliyyətli və müasir infrastruktur üzərində qurulan iqtisadi modelə keçidini təmin etdiyini vurğulayan səlahiyyətli nümayəndə sənaye parkları, logistika imkanları, gömrük-vergi mexanizmləri və bərpaolunan enerji layihələrinin prioritet istiqamətlər olduğunu qeyd edib.
O bildirib ki, 2025-ci ilin yanvar–oktyabr ayları üzrə iqtisadi göstəricilər regionda inkişaf tempinin sürətləndiyini göstərir.
Ceyhun Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu bildirib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək. “Zəngəzur dəhlizi Türk dövlətləri arasında inteqrasiyanı yeni mərhələyə daşıyacaq,” – deyə səlahiyyətli nümayəndə vurğulayıb.