20 Noyabr 2025 20:59
2559
PARLAMENT
A- A+
2026-cı ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib

2026-cı ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib


Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda hökumət üzvləri və nümayəndələri də iştirak ediblər. 

Müzakirələrdə parlamentin komitə sədrləri Sadiq Qurbanov, Hicran Hüseynova, Siyavuş Novruzov, Arzu Nağıyev, Şahin İsmayılov, Əli Hüseynli, komissiya sədri Eldar İbrahimov, deputatlar Müşfiq Cəfərov, Razi Nurullayev, Aydın  Hüseynov, Vasif Qafarov, Æalə Əliyeva, Elman Nəsirov, Rizvan Nəbiyev, Məlahət İbrahimqızı, Ülviyyə Həmzəyeva, Elnarə Akimova, Vüqar İskəndərov, Sahib Alıyev, Elşən Musayev, Müşfiq Məmmədli, Bəhruz Məhərrəmov, Fatma Yıldırım və Səyyad Aran çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, hazırkı mürəkkəb beynəlxalq mühitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış milli inkişaf modeli ölkəmizin təhlükəsizliyini və sosial-iqtisadi inkişafını təmin edən əsas dayağa çevrilib. Azərbaycanın nəqliyyat-logistika sahəsində artan rolu regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Dövlətimizin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənib. Ölkəmizin investisiya axınlarını strateji istiqamətlərə yönəldən, innovasiya və modernləşməni stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini yaradan güclü dövlətə çevrildiyi söylənilib. Son illərdə əldə olunan nəticələrə əsaslanaraq qeyd olunub ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edib, eyni zamanda güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaradıb. Ölkədə Böyük qayıdış proqramı uğurla həyata keçirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı islahatlar davam etdirilir.

Bildirilib ki, 2026-cı ilin dövlət büdcəsi layihəsi ölkəmizin qarşıdakı dövrdə iqtisadi inkişaf kursunu müəyyənləşdirən mühüm sənəddir. Layihədə əsas prioritet istiqamətlərdən olan dayanıqlı iqtisadiyyatın, sosial rifahın, milli təhlükəsizliyin, çevik idarəetmənin maliyyə təminatı öz əksini tapıb. Eyni zamanda bu sənəddə ehtiva edilən makroiqtisadi sabitliyin qorunması, qeyri-neft-qaz sektorunun gücləndirilməsi, investisiya fəaliyyətinin davam etdirilməsi, sosial öhdəliklərin təmin olunması ilə bağlı məsələlərin vacibliyi qeyd olunub.

Növbəti ilin dövlət büdcəsində neft amilindən asılılığın azaldılması, qeyri-neft-qaz sektorunun dayanıqlı inkişafının maliyyə əsaslarının formalaşdırılması təqdirəlayiq hesab edilib.

Qanun layihəsinin dövlət büdcəsi xərclərinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğu, pensiya təminatı sisteminin formalaşdırılması, mövcud demoqrafik proseslər, iqlim dəyişikliklərinin təsiri ilə bağlı məsələləri, habelə qarşıda duran vəzifələri əhatə etdiyi vurğulanıb. Bildirilib ki, son illərdə ölkəmizin hərbi, müdafiə sənayesi və diplomatiya sahələrində gücü daha da artıb və büdcə layihəsində bu istiqamətlərin maliyyə təminatı ilə bağlı müvafiq vəsaitin ayrılması nəzərdə tutulub. Növbəti ilin büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin artırıldığı, həmin orqanların maddi-texniki təminatlarının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkili ilə bağlı tələb olunan vəsaitin əks olunduğu qeyd edilib.

Deputatlar regionların inkişafının önəmini qeyd edərək kənd təsərrüfatının modernləşdirilməsinin, sənayeləşmənin, ixrac potensialının artırılmasının, sənaye parklarının yaradılmasının, innovasiya və texnologiyaların daha geniş tətbiqinin əhəmiyyətindən bəhs ediblər. Sahibkarlığın daha da inkişaf etdirilməsi üçün vergi güzəştlərinin və subsidiyaların tətbiqi, infrastruktur dəstəyi, investisiya təşviqinin gücləndirilməsi məsələlərinə toxunublar.

Millət vəkilləri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun daha da gücləndiyini deyərək, bərpaolunan enerjiyə keçidin sürətləndirilməsinin vacibliyini, qlobal iqlim çağırışları fonunda ölkəmizdə "yaşıl enerji"yə transformasiyanın əsas prioritetlərdən olduğunu qeyd ediblər. Habelə bildirilib ki, hazırkı geosiyasi proseslər fonunda təhlükəsizlik, o cümlədən kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, süni intellektin tətbiqi ilə bağlı məsələlər daha da aktuallaşıb.

Deputatlar büdcə layihəsinin parlamentin komitə və plenar iclaslarında geniş müzakirələrinin hökumətlə parlament arasında səmərəli əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndiriblər. 2026-cı ilin dövlət büdcəsinin ölkəmizin yeni inkişaf mərhələsinə uyğun olduğunu deyiblər.

Çıxışlarda həmçinin regionların inkişafı, məşğulluq siyasəti, sahibkarlığın dəstəklənməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı və bir sıra digər təkliflər səsləndirilib. Habelə seçiciləri narahat edən bəzi məsələlər hökumət üzvlərinin diqqətinə çatdırılıb.

Müzakirələrin yekununda "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qısa fasilədən sonra Milli Məclisin iclası davam etdirilib.

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" (birinci oxunuş) və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" (birinci oxunuş) qanun layihələri olduğunu bildirib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hər iki qanun layihəsi barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət təşkil edib və ənənəvi olaraq, dövlət büdcəmizin 40 faizdən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir. Ümumilikdə, 2019-cu ildən başlayaraq ölkəmizdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfinin qəbul edildiyini nəzərə çatdırıb. Komitə sədri ölkəmizin 2025-ci ildə əldə etdiyi iqtisadi uğurların 2026-cı ilin büdcə siyasətinin pozitiv və sosialyönlü istiqamətdə formalaşmasını, DSMF-nin büdcəsinin dayanıqlılığını  təmin etdiyini söyləyib. Dövlətimizin daxili siyasətinin ən mühüm istiqamətlərindən biri olan sosial müdafiə və sosial təminat sahəsində aparılan dərin islahatların vətəndaşlarımızın sosial rifah halının qorunmasına və yüksəldilməsinə etibarlı təminatlar yaratdığını vurğulayıb. 

Musa Quliyev bildirib ki, 2019-cu ildən başlayaraq, əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələmiş və bu meyil gələn ildə də davam edəcək. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün müvafiq vəsait ayrılıb. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizini əhaliyə ödənişlər təşkil edəcək.

Komitə sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49,05 faiz və 50,41 faiz olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək. O habelə növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri barədə də məlumat verib.

Musa Quliyev vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb.  Hazırda ölkə üzrə 7 DOST mərkəzi, o cümlədən Şuşa filialı və Ağalı "Smart DOST" xidmət məntəqəsi fəaliyyət göstərir. O qeyd edib ki, bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayıblar. 

Komitə sədri, habelə 2026-cı ilin dövlət büdcəsi layihəsində məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsi üçün müvafiq vəsaitin nəzərdə tutulduğunu deyib. O, Prezident İlham Əliyev tərəfindən təqdim edilmiş qanun layihəsinin ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlandığını, sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiq olduğunu və gələn il şəhid ailələrinin, qazilərin pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı təminat yaradacağını vurğulayıb.

Sonra Musa Quliyev "İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsində əks olunan fondun gəlirləri, fondun  2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi, işsizlikdən sığorta haqları üzrə yığımların proqnozları barədə fikirlərini açıqlayıb. Komitə sədri sığorta haqları üzrə yığımın 78 faizinin qeyri-büdcə sektorunun payına düşəcəyini, fondun xərclərinin 13 istiqaməti əhatə edəcəyini söyləyib. 2026-cı ildə işsizliyə görə sığorta ödənişlərinin həcminin artırıldığını, bu artımın "İşsizlikdən Sığorta haqqında" Qanunun 13.1-ci maddəsinə edilən mütərəqqi dəyişikliklə bağlı olduğunu deyib. Qeyd edib ki, İSF-nin  xərclərinin 28,9 faizi özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. 

Musa Quliyev İşsizlikdən Sığorta Fondunun büdcə layihəsinin 2026-cı ildə sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsi, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcəyini vurğulayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edilən hər iki qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin rəylərini diqqətə çatdırıb. O bildirib ki, hər iki fondun büdcəsi icmal büdcənin tərkib hissəsidir və bütövlükdə dövlət maliyyə sisteminin əsas elementlərini təşkil edir. Büdcə sistemi ilə bağlı əsas götürülən prinsiplər hər iki fondun büdcəsinə münasibətdə də qüvvədə qalır. Azər Əmiraslanov rəhbərlik etdiyi komitənin qanun layihələrini dəstəklədiyini qeyd edib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev cari ildə əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlərdən danışıb və Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi barədə məlumat verib.

Nazir bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz göstəricilərindən 705,7 milyon manat və ya 9,3 faiz çoxdur. Fondun 2026-cı il üçün gəlirlərinin 79,2 faizinin və ya 6,6 milyard manatının məcburi dövlət sosial sığorta daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10 faiz çoxdur. 

Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68 faizini təşkil edir.

Ümumilikdə, 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6 faiz və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1 faiz və ya 520,3 milyon manat artımla proqnozlaşdırılır.

Nazir vurğulayıb ki, növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi məqsədilə DSMF-nin 2026-cı il üçün büdcə layihəsində fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə vəsait növbəti ilin xərclərinə yönəldilir. Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6 faizi və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.

Bildirilib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulur. Bunun 81,2 faizi və ya 635,6 milyon manatı əmək pensiyalarının indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür.

Nazir qeyd edib ki, proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2 faiz səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2 faiz artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulur.

Sonra İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, büdcə layihəsinə əsasən, İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 236,6 milyon manatı, yaxud 99,3 faizi işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və ya 15 faiz çoxdur. 

Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 51,9 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 184,7 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 78 faizi qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 28,1 milyon manat çoxdur. 

Ümumilikdə, 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 4,3 faiz, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 18 faiz artımla proqnoz edilir.

Fondun maliyyə mənbəyinin 28,1 milyon manatlıq və ya 10,5 faizlik hissəsini əvvəlki illərdə yaradılmış ehtiyatdan 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edəcəkdir. 

Fondun 2026-cı il üzrə xərclərinin 266,4 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5,7 milyon manat və ya 2,2 faiz  çoxdur. 

Ümumilikdə, 2026-cı ildə İSF-nin vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.

Nazir qeyd edib ki, 2025-ci ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. Bildirilib ki, əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin xərclərinin 29 faizini təşkil edəcəkdir. 

Növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min olmaqla, ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərflərin tətbiqinə başlanılacaqdır.

2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kurslarının təşkili həyata keçirilir. Eyni zamanda, 2026-cı ildə 100 yeni peşə və kvalifikasiya standartının hazırlanması və 135 peşə və kvalifikasiya standartının yenilənməsi həyata keçiriləcəkdir. 

İşsiz və işaxtaran şəxslərin əmək bazarına daxil olmasını dəstəkləmək üçün işəgötürənlərlə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi genişləndiriləcək və 2026-cı ildə bu istiqamətdə əmək bazarına mindən artıq iştirakçının proqram çərçivəsində cəlb olunması nəzərdə tutulur.

İşədüzəlmə prosesinin təşkili və əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində 2026-cı ildə ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur. 

Qanun layihələri ətrafında gedən müzakirələrdə Milli Məclisin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Əli Məsimli, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Səyyad Aran, Æalə Əliyeva, Günay Ağamalı, Vüqar Rəhimzadə, Rövşən Muradov, Elçin Mirzəbəyli, Ceyhun Məmmədov, Bəxtiyar Əliyev, Rəşad Mahmudov və Aydın Mirzəzadə çıxış ediblər.

Millət vəkilləri əhalinin məşğulluğunun təşkili, sosial təminatının gücləndirilməsi, vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlər barədə fikirlərini səsləndiriblər. Çıxış edənlər, habelə çoxuşaqlı anaların pensiya təminatına güzəştlərin verilməsi, pensiya kapitalı məbləğinin bəzi peşələr üzrə optimallaşdırılması və digər bu kimi məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Müzakirələrin yekununda "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələri  birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, layihədə əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği artırılır. Belə ki, 2026-cı il üçün yaşayış minimumunun məbləği ölkə üzrə 285 manatdan 300 manata, əmək qabiliyyətli əhali üçün 305 manatdan 317 manata, pensiyaçılar üçün 232 manatdan 245 manata, uşaqlar üçün 246 manatdan 260 manata yüksəldilir. Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il üçün proqnozlaşdırılan inflyasiyanın səviyyəsini üstələyir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Deputat Vüqar Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən olunan  ehtiyac meyarının həddinin 5,3 faiz artırılaraq 300 manata çatdırıldığını bildirib. Komitə sədri qeyd edib ki, ünvanlı sosial yardımın təyin olunması üçün ehtiyac meyarının artırılması gələn il aztəminatlı ailələrin daha etibarlı sosial müdafiəsi üçün əsaslar yaradacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasa yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki məsələlərin müzakirəsi noyabrın 21-də davam etdiriləcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!