15 Aprel 2024 18:11
398
Mədəniyyət
A- A+

Naxçıvan fotolarda

 

 “Şərq qapısı”ndan muxtar respublikanın
100 illiyinə töhfə

 

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi qeyd edilir. Aprelin 15-də Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən “Naxçıvan fotolarda” adlı fotosərgi də Naxçıvan muxtariyyətinin 100 illiyi ilə əlaqədar keçirilən növbəti tədbir oldu. Azərbaycan Mədəniyyət Nazirliyi, “Şərq qapısı” qəzetinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə keçirilən tədbirdə ictimai-siyasi xadimlər, mədəniyyət və media nümayəndələri iştirak ediblər. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının 100 illiyinin keçirilməsi ilə bağlı tədbirlər respublikamızla yanaşı, xarici ölkələrdə də qeyd edilir. Artıq Türkiyənin İğdır şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Naxçıvan fotolarda” adlı fotosərgi keçirilib. 

 

Naxçıvan xalqımızın qəlbində xüsusi yerə sahibdir

 

“Naxçıvan hər zaman xalqımızın qəlbində xüsusi bir yerə sahibdir. Çünki Naxçıvan illərdir ana torpaqdan ayrı, öz varlığını insanları, təbiəti, yetişdirdiyi və Azərbaycan xalqına bəxş etdiyi dahiləri ilə davam etdirir”, - söyləyən F.Nəcəfli 15 aprel tarixinin Azərbaycanın dahi şəxsiyyətlərindən olan və elmimizə böyük töhfə verən Zərifə xanım Əliyevanın anım günü olduğunu qeyd edib: “Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Bəhruz Kəngərli kimi dahilərimizi Naxçıvan yetişdirib, mədəniyyətimizə, ədəbiyyatımıza bəxş edib. Eyni zamanda Ümummilli Liderimizi xatırlamamaq mümkün deyil. Naxçıvan torpağının övladı olan dahi şəxsiyyət Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvana rəhbərlik edib. Baxmayaraq ki, SSRİ-nin ən ali vəzifələrindən birini tutmuşdu. Heydər Əliyev öz xalqı ilə bərabər olmaq, onu qorumaq, öz torpağını əldən verməmək üçün bütün səriştəsini, biliyini, təcrübəsini ortaya qoymuş və həmin ağır illərdə Naxçıvanı qorumuşdur”. 
Prezidentin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, Naxçıvanın inkişafında bu gün əsas hərəkətverici qüvvə Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”dır. Aqrar, “yaşıl enerji”, nəqliyyat, logistika və digər innovasiyalar tələb edən sektorlarda inkişaf və nailiyyətlər qazanmaq qarşıda dayanan hədəflərdir. 
F.Nəcəfli fotosərginin Naxçıvanın turizm potensialının üzə çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik İsa Həbibbəyli sərgi ilə bağlı təəssüratlarını bölüşərək, “Bu sərgi bir çox cəhətdən yeni, fərqli və əlamətdar mədəni hadisədir” söyləyib və bu fotosərginin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-ni bütün yönləri ilə - tarixi, abidələri, ecazkar, bənzərsiz təbiəti, zəngin sərvətləri, eyni zamanda bugünkü inkişaf səviyyəsi ilə bir yerdə təqdim etdiyini bildirib. 

 

Sərgidə 60-dan çox foto nümayiş etdirilir

 

 “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova qəzetin təşkil etdiyi “Naxçıvan fotolarda” sərgisinin muxtar respublikanın 100 illik yubileyinə töhfə olduğunu bildirib. 
Baş redaktor məlumat verib ki, “Şərq qapısı” qəzeti 1921-ci ildən nəşr olunur və Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində çalışarkən verdiyi qərarlar da məhz bu qəzetdə dərc olunub: “103 yaşlı “Şərq qapısı” qəzeti Ulu Öndər Heydər Əliyevin ənənələrini davam etdirən, öz fəaliyyətində dövlətçilik və milli maraqları rəhbər tutan mətbu orqandır”. 
Redaktor bildirib ki, sərgidə nümayiş olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib. Onlar burada komanda olaraq əsas iki istiqaməti götürüblər - Naxçıvanın təbiətini və zəhmətkeş insanlarını: “Ümid edirəm ki, hər kəs fotoları çox bəyənəcək. Biz Naxçıvanı Bakıya gətirmişik. Arzu edirik ki, bir gün yollarımız açılsın, vətəndən vətənə qovuşaq. Bu bizim ən böyük arzumuzdur. Biz Naxçıvanda çox çətinliklər görmüşük. Qazsız, işıqsız... Bu gün biz qürurla Naxçıvanımızın təbiətini, zəhmətkeş insanlarını təqdim edirik”. 
S.Əzimova bildirib ki, “Şərq qapısı” qəzetinin təşkilatçılığı ilə “Naxçıvan fotolarda” adlı sərgi təkcə Azərbaycanda deyil, xarici dövlətlərdə də keçiriləcək. 
Tədbir bədii hissə ilə davam edib. 
“Naxçıvan fotolarda” sərgisində qədim diyarın abidələrini, təbiətini, zəhmətkeş insanlarını özündə əks etdirən 60-dan çox foto nümayiş etdirilir. 

Yasəmən MUSAYEVA, 
İlham BABAYEV (foto),
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video