Azərbaycan-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda sülh və tərəqqinin qarantıdır
Azərbaycan və Gürcüstan münasibətləri dövrün çağırışlarına uyğun inkişaf edir. Hazırda Bakı və Tbilisi öz milli hədəfləri çərçivəsində səmərəli işbirliyi qurublar. Xüsusən iqtisadi və logistik müstəvidə Azərbaycan və Gürcüstan arasında çoxşaxəli və sağlam qonşuluq münasibətləri mövcuddur.
Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər, səsləndirilən bəyanatlar Bakı və Tbilisinin regional çağırışlara, qlobal iqtisadi fürsətlərə vahid və qətiyyətli mövqedən yanaşdığını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Gürcüstanın dövlət başçısı Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlərində ikitərəfli əlaqələrin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi. Əməkdaşlığın müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, o cümlədən energetika, "yaşıl enerji", nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində roluna toxunuldu. Ardınca liderlər mətbuata bəyanatla çıxış etdilər.
Prezident İlham Əliyev bəyanatında Gürcüstan və Azərbaycanın hər zaman bir yerdə olduğunu vurğuladı. Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq mərkəzinə çevrildiyini bildirən dövlətimizin başçısı Gürcüstanın rolunu xüsusi qeyd etdi. Prezident diqqətə çatdırdı ki, Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası münasibətlər üçün möhkəm zəmindir: "Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir, bu, bizim üçün əsas nəqliyyat dəhlizidir. Bu gün yeni layihələr də irəli sürülür. Bizim münasibətlər digər qonşu ölkələr üçün nümunə ola bilər. Əminəm ki, bu yolla bundan sonra da uğurla gedəcəyik". Prezidentimiz əminliklə vurğuladı ki, Gürcüstana səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək: "Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi bir yerdədir".
Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin regional təhlükəsizlik və qlobal logistika üçün model xarakterli ittifaq olduğunu təsdiqlədi. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasındakı ticarət əməliyyatlarının Gürcüstan üzərindən həyata keçirildiyini qeyd etməklə Tbilisinin regiondakı konstruktiv və birləşdirici rolunu minnətdarlıqla vurğuladı. Bu, regionun gələcəyinin kənar güclər tərəfindən yox, məhz yerli dövlətlərin qarşılıqlı etimadı ilə qurulacağına dair işarə idi.
Dövlətimizin başçısının Azərbaycan-Gürcüstan münasibətlərini digər ölkələr üçün nümunə göstərməsi də təsadüfi deyil. Azərbaycan Prezidenti bildirdi ki, hər iki ölkə qlobal ticarətin mərkəzi oyunçusuna çevrilir və bu uğurun təməlində rəsmi Bakı və Tbilisinin eyni hədəflərə istiqamətlənmiş siyasəti, bir-birini tamamlayan infrastruktur layihələri dayanır. Bu, münaqişələrdən əziyyət çəkən digər regionlar üçün əsl əməkdaşlıq modelidir. Eyni zamanda tarixi bağlar, mədəni əlaqələr dövlətlərarası rəsmi əlaqələrin onurğa sütunu kimi təqdim olunur. Bunu xalqlar arasındakı birliyin və strateji kursun dəyişməz qalacağına dair bir təminat mesajı kimi də dəyərləndirmək olar.
Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatında Prezident İlham Əliyevi Gürcüstanın dəyərli dostu adlandıraraq dövlət başçısının səfərinin hər zaman böyük şərəf olduğunu söylədi. Kobaxidzenin açıqlaması bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri yüksəksəviyyəli şəxsi etimada və qarşılıqlı hörmətə söykənir. Baş nazirin Azərbaycan Prezidentini "Gürcüstanın dəyərli dostu" adlandırması və bu səfəri böyük şərəf kimi qiymətləndirməsi cənab İlham Əliyevin şəxsiyyətinə, nüfuzuna və apardığı uğurlu regional siyasətə verilən yüksək qiymətdir. Gürcüstan tərəfi dövlətimizin başçısı İlham Əliyevi etibarlı və strateji tərəfdaş kimi görür. Çünki Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən layihələrin heç biri kağız üzərində qalmır və sürətlə reallaşır. Prezident İlham Əliyev Gürcüstan üçün, sadəcə, qonşu ölkənin rəhbəri yox, eyni zamanda regionun iqtisadi təhlükəsizliyini təmin edən, çətin anlarda dəstəyini əsirgəməyən, strateji gələcəyi birlikdə inşa edən müttəfiqdir.
Bakı və Tbilisi istənilən çətinlikdə bir-birinin yanında olub. 44 günlük Vətən müharibəsi zamanı Gürcüstanın mövqeyi diplomatik və strateji baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Tbilisi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Gürcüstanda yaşayan soydaşlarımız müharibə dövründə Azərbaycan ordusuna böyük mənəvi dəstək nümayiş etdirdilər, humanitar yardımlar topladılar və Azərbaycanın haqlı davasını yerli ictimaiyyətə çatdırdılar. Müharibədən sonrakı dövrdə Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında humanitar məsələlərin həllində mühüm irəliləyişlər əldə olundu.
Azərbaycan-Gürcüstan münasibətlərinə təkcə iki dövlətin əməkdaşlığı prizmasından yanaşmaq doğru olmaz. İkitərəfli əlaqələr Cənubi Qafqazın taleyini və Avrasiyanın enerji-nəqliyyat xəritəsini müəyyən edən strateji xətdir. Bakı və Tbilisi arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan və Gürcüstan arasındakı strateji işbirliyi beynəlxalq arenalarda da uğurla davam etdirilir. Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu qurumlarda sıx təmasdadırlar. Bu koordinasiya müxtəlif qlobal və regional təşkilatlarda özünü büruzə verir və hər iki tərəfin milli maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. SOCAR-ın Gürcüstandakı geniş fəaliyyəti buna bariz nümunədir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və "Cənub qaz dəhlizi" regionun iqtisadi onurğasını təşkil edir. Gürcüstan Azərbaycan qazının Avropaya çatdırılmasında əvəzolunmaz tranzit ölkədir. Bu tərəfdaşlıq Gürcüstanın enerji təminatında da həlledici amildir. Rəsmi göstəricilərə görə, qonşu ölkənin qaz ehtiyacının 80 faizdən çoxu məhz Azərbaycan tərəfindən ödənilir. Bununla yanaşı, tərəflər "yaşıl enerji" sahəsində də müştərək addımlar atırlar. Alternativ enerji mənbələrinin mənimsənilməsi hər iki hökumətin bu sahədəki məsuliyyətini və gələcək inkişaf hədəflərini təsdiqləyir. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan) tərəfdaşlığı bərpaolunan enerji sahəsinə daşıyır.
Qlobal geosiyasi vəziyyət Azərbaycan və Gürcüstan üzərindən keçən qlobal nəqliyyat yollarının əhəmiyyətini daha da artırıb. Hər iki dövlətin nəqliyyat şəbəkələrini uzlaşdırılmış şəkildə modernləşdirməsi və rəqəmsal innovasiyaları tətbiq etməsi bu sahədə daha yüksək səmərəliliyə yol açır.
Nəticə etibarilə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, mütəmadi təmasları siyasi və iqtisadi əlaqələri daha da dərinləşdirir. Şübhəsiz, Azərbaycan Prezidentinin Gürcüstana növbəti dövlət səfəri də tərəflər arasındakı əməkdaşlığın dərinləşməsinə, münasibətlərin müsbət istiqamətdə irəliləməsinə xidmət edəcək.
İsmayıl QOCAYEV,
"Azərbaycan"