“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026 -2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq Lənkəranda da rayonun aqrar inkişafını tənzimləyən prioritetlər bu sənəd üzərindən təhlil olunur və həyata keçirilir. Sözügedən sənəddən əsas məqsəd əhalinin günbəgün artan tələbatını ölkəmizin öz məhsulları hesabına ödəmək, qida təhlükəsizliyini təmin etmək, ölkənin idxaldan asılılığını minimuma endirmək, əhalinin məşğulluğunu təmin etməklə rifah halını yüksəltmək, yeni iş yerlərinin açılmasına şərait yaratmaq, sahibkarlığa dəstək olmaq, rəqabət qabiliyyətli və ixracıyönümlü məhsulların istehsalına nail olmaq, kənd təsərrüfatı məhsullarının, o cümlədən qida məmulatlarının ekoloji cəhətdən təhlükəsizliyini təmin etməkdir.
Yalnız planlı, proqramlı, elmə, müasir, innovativ texnika və texnologiyalara əsaslanmaqla kənd təsərrüfatını arzuedilən səviyyəyə gətirmək mümkündür və əməksevər xalqımız, femerlərimiz, torpaq mülkiyyətçilərimiz bu planları, proqramları yerinə yetirməyə qadirdir. Fermerlərimiz, torpaq mülkiyyətçilərimiz Prezident İlham Əliyevin çağırışlarına, tapşırıq və tövsiyələrinə ürəkdən səs verirlər. Dünyanın iqlim dəyişmələrindən əziyyət çəkdiyi, içməli suyun, eləcə də suvarma suyunun çatışmadığı, əhalinin ekoloji təmiz məhsullara tələbatının artdığı bir dönəmdə bu məsələləri həll etmək həm hamının, həm də təklikdə hər bir fermerin vəzifəsidir.
Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası istiqamətində Lənkəran rayonunda kənd təsərrüfatının ənənəvi, strateji və yüksək gəlirli sahələri olan çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Cari təsərrüfat ilində rayon ərazisində məhsuldarlığın artırılması, əkin sahələrinin genişləndirilməsi və aqrar sektorda müasir innovativ üsulların tərbiqi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilmiş və mühüm nəticələr əldə edilmişdir.
Çayçılıq sahəsi rayonun aqrar iqtisadiyyatında mühüm paya sahibidir. Sahənin inkişafı həmişə dövlətin diqqət mərkəzində olmuş, bir sıra dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında konkret vəzifələr irəli sürülmüşdür. O cümlədən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”ında plantasiyaların ümumi sahəsinin 3 min hektara, yaşıl çay yığımının isə 8,5 min tona çatdırılması nəzərdə tutulmuşdur. Bu proqramda, sözsüz ki, Lənkəran rayonunun da öz payı var.
Çayçılığın bərpası və inkişafı istiqamətində cari ildə həm mövcud plantasiyaların qorunması, həm də məhsuldarlığın yüksəldilməsi istiqamətində kompleks işlər görülmüşdür. Belə ki, rayon ərazisində mövcud olan 545,7 hektar çay plantasiyasında aqrotexniki qulluq işləri köklü şəkildə gücləndirilmiş, yemləmə gübrələrinin verilməsi və xəstəliklərə qarşı preventiv tədbirlər vaxtında icra olunmuşdur.
Cari ilin yaşıl çay yarpağı yığımı mövsümündə yüksək fəallıq nümayiş etdirilmiş və 395,8 hektar məhsuldar plantasiyadan bu günə qədər ümumilikdə 406,4 ton keyfiyyətli yaşıl çay yarpağı toplanmışdır. Yığılan məhsul operativ şəkildə rayonda fəaliyyət göstərən yerli emal müəssisələrinə təhvil verilmişdir. Aparılan düzgün aqrotexniki qulluq və intensiv becərmə metodlarının tətbiqi nəticəsində hər hektardan orta məhsuldarlıq 7,9 sentner olub. Yığım davam edir.
Çəltikçilik əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm sahələrdəndir. Yerli istehsalın stimullaşdırılmasında xüsusi çəkisi olan çəltikçilik sahəsində cari ildə həm texnoloji, həm də struktur baxımından əhəmiyyətli addımlar atılmışdır. Belə ki, yaz mövsümündə rayon üzrə 765,07 hektar sahədə çəltik əkini uğurla başa çatdırılıb. İnnovativ yanaşmaların tətbiqi çərçivəsində əkilmiş ümumi sahənin 369,82 hektarı birbaşa toxum səpmə üsulu ilə, 395,25 hektarı isə daha mütərəqqi hesab olunan şitillə əkin üsulu ilə reallaşdırılıb. Gələn ildən ikinci üsuldan daha da çox istifadə edilməsi nəzərdə tutulub. Bazarda rəqabətqabiliyyətliliyin və alıcı potensialının artırılması məqsədilə əkinlərdə yerli iqlimə uyğunluğu ilə seçilən, keyfiyyətli və yüksək məhsuldar “Apollo”, “Haşimi”, “Besta” və digər qabaqcıl düyü sortlarına üstünlük verilib.
Çəltik bitkisinin vegetasiya dövründə su itkisinin qarşısının alınması və sahələrin vaxtında su ilə təmin edilməsi məqsədilə rayondakı magistral və daxili suvarma kanalları lildən təmizlənib, su ehtiyatlarından səmərəli istifadə üçün ciddi növbəlilik prinsipi tətbiq edilib. Eyni zamanda alaq otlarına və spesifik zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb.
Hazırda rayonda çəltik biçini və emalı prosesi planlı və mütəşəkkil şəkildə davam etdirilir. Bu günə kimi ümumilikdə 150 hektar sahədə biçin tam yekunlaşdırılıb. Biçilmiş sahələrdə orta məhsuldarlıq 42,3 sentner təşkil edib və ümumilikdə 634,5 ton çəltik istehsal edilərək anbarlara və emal sexlərinə yönəldilib. Rayonun digər çəltik sahələrində də biçin işləri yüksək templə davam edir.
Sitrusçuluq Lənkəranın vizit kartı hesab olunur. Sitrusçuluq sahəsində intensivləşmə xətti cari ildə də prioritet təşkil etmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon üzrə ümumi sitrus (limon, naringi, portağal, feyxoa, kinkan) bağlarının sahəsi genişləndirilərək 931 hektara çatdırılıb. Sahələrin genişləndirilməsi zamanı müasir aqrar trendlər əsas götürülüb və bağların 417 hektarı tam mütərəqqi damcı suvarma sistemləri ilə təchiz olunmuş intensiv bağlar kateqoriyasında salınıb. Sitrus bağlarında ilboyu aparılan qulluq işləri cari payız mövsümündə bol məhsul əldə ediləcəyinə zəmin yaradır. Bu il rayonun sitrus bağlarından ümumilikdə 12 min 900 tondan artıq yüksək keyfiyyətli məhsulun yığılması proqnozlaşdırılır.
Lənkəran rayonunda çayçılıq, çəltikçilik və sitrusçuluq sahələrində tətbiq edilən bu yeniliklər və əldə olunan müsbət dinamika rayonda məşğulluğun artırılmasına, fermerlərin rifahının yüksəldilməsinə və ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir. Dövlət proqramlarının icrası çərçivəsində işlər növbəti mərhələlərdə də uğurla davam etdiriləcək.
Seyran CAVADOV,
“Azərbaycan”