2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az çəkən və respublikamızı öz suverenliyinə qovuşduran antiterror əməliyyatından bir il keçir. Təəssüf ki, heç bir zəfər qansız ötüşmür. Bu tarixi zəfərimiz də öz canını Vətən uğrunda qurban verməyə hazır olan bir çox oğullarımızın qəhrəmanlığı sayəsində həyata keçmiş, qansız-qadasız başa gəlməmişdir. Antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də polkovnik-leytenant Rəşad Rəhim oğlu Hüseynov olmuşdur.
İgid Rəşad 1980-ci il mart ayının 10-da Şirvan şəhərində dünyaya göz açmış, buradakı 21 saylı tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, təhsilini bitirdikdən sonra respublikamızın Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdir.
Xidmət illərində pillə-pillə yüksələn R.Hüseynov nümunəvi xidmətlərinə görə “Qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi ilə təltif olunub, “Usta dərəcəli”, “Hərbinin 90 və 95 illik yubiley medal”larına, “Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcə” medalına layiq görülüb.
Bir il əvvəl keçirilən antiterror əməliyyatında Kəlbəcər-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətənə xidmətə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
R.Hüseynov 22 sentyabr 2023-cü il tarixdə Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Cəmi 43 il şərəfli ömür sürən R.Hüseynov əsgərlərinə elə ilk gündən tələbkarlıqla yanaşı, həm də böyük sevgi və qayğı ilə yanaşardı, gənclərə bir böyük qardaş, ata qayğısı göstərərdi. Ona görə də sinəsini qabağa verərək döyüşün ən çətin mövqelərində dayanmağı həmişə öz öhdəsinə götürərdi.
Özündən sonra iki qız övladını bizlərə əmanət qoyub. Onun əziz xatirəsi həmişə qədirbilən xalqımızın xatirəsində yaşayacaqdır. Qəhrəmanın şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötdü və bu münasibətlə Şirvan ŞİH-in başçısı İlqar Abbasov, rayon ictimaiyyətinin nümayəndələrini, şəhidin ailə üzvləri, yaxınları Şirvan şəhər Şəhidlər xiyabanında R.Hüseynovun məzarını ziyarət etmiş, ailə üzvlərinə başsağlığı vermişdir.
O, canından da artıq sevdiyi Vətənin yolunda canını qurban verdi. Qısa ömrü ilə nəsillərə nümunə olan Rəşad Hüseynov kimi igidlər heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Bu yerdə yadıma illər öncə yazdığım aşağıdakı misralar düşdü:
Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə amal seçib,
Ömrün bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar!
Yaşayan hər ömürdə qanınız, canınız var!
...Bir ata övladından el oğluna döndünüz,
Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir ününüz.
Siz bu gün də, sabah da – əsrlərlə varsınız!
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulub min çiçəyə, min gülə.
Tərsiniz çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!
Seyran CAVADOV,
“Azərbaycan”