Humanizm prinsiplərinə sadiqlik
Dünəndən kütləvi informasia vasitələrində və sosial şəbəkələrdə yer alan bu xoş xəbər ölkəmizin şəhər və kəndlərini dolaşmaqdadır. İnsanlar bu böyüklüyü alqışlayırlar. Axı, bağışlamaq çox yüksək insani keyfiyyətdir. Onlar bu xeyirxahlığı göstərərək neçə ailəyə sevinc bəxş edən dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Məlum olduğu kimi, Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında 23 sentyabr tarixli sərəncam imzalayıb.
Humanizm prinsiplərinə əsaslanan sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər isə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Azərbaycan Prezidentinin bu sərəncamı istər-istəməz insanlarda xoş əhval-ruhiyyə yaradıb. İlk olaraq redaksiyamıza telefon açıb, ürək sözlərini bildirən akademik Nizami Cəfərovun dediklərindən: “İlk əvvəl cənab Prezidentə qəbul etdiyi belə bir humanist qərara görə təşəkkürümü bildirir, əfv olunanları və onların ailə üzvlərini təbrik edirəm. Ölkə rəhbərimiz onlara rəhm eləməklə, gözü yolda qalanları sevindirdi, çırağı sönmüş ailələrin evinin işığı yenidən yandı... Mən bunu çox yüksək qiymətləndirirəm. Biz artıq bir neçə ildir ki, cənab Prezident tərəfindən əhalinin bu cür sevindirməsinin şahidi oluruq. Günahı olanın günahı bağışlanır. Bunu mən ölkə başçısının böyüklüyü hesab edirəm”.
Paytaxt Bakıdan, eləcə də respublikamızın ayrı-ayrı bölgələrindən, xüsusən də ziyalılar, ağsaqqal və ağbirçəklər tərəfindən redaksiyamıza daxil olan telefon zənglərində, internet vasitəsilə müraciətlərində onlar əfv sərəncamı ilə əlaqədar cənab Prezidentə öz təşəkkürlərini bildirməklə yanaşı, ölkəmizdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng işlərə görə dövlət başçısına uğurlar arzulayırlar.
Rəhman SALMANLI,
“Azərbaycan”