Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallıqlar fonunda Ermənistanın daxilində baş verən siyasi proseslər getdikcə daha mürəkkəb və ziddiyyətli xarakter alır. Xüsusilə ölkənin keçmiş prezidenti Robert Koçaryanın yenidən hakimiyyətə qayıtmaq iddiası ilə siyasi səhnədə fəallaşması təkcə daxili mübarizəni kəskinləşdirmir, eyni zamanda region üçün potensial risklər yaradır.
R.Koçaryanın siyasi bioqrafiyası və keçmiş fəaliyyəti onun yenidən hakimiyyətə gəlməsi ehtimalını ciddi narahatlıq doğuran amilə çevirir. Qarabağ münaqişəsinin ən qanlı mərhələlərində fəallıq göstərmiş, separatçı silahlı dəstələrə rəhbərlik etmiş bu siyasi cəllad minlərlə günahsız insanın həyatına son qoyan hadisələrlə assosiasiya olunur. Xüsusilə Xocalı soyqırımı kimi faciələrin fonunda onun adı region xalqlarının yaddaşında ağır iz buraxmış simvola çevrilib.
Digər tərəfdən, 1999-cu ildə Ermənistan parlamentində baş verən və ölkənin siyasi elitasını hədəf alan qanlı terror aktı, eləcə də 2008-ci ilin mart hadisələri R.Koçaryanın hakimiyyət dövrünün ən qaranlıq səhifələrindəndir. Həmin dövrdə seçki nəticələrinə etiraz edən dinc nümayişçilərə qarşı güc tətbiqi, onlarca insanın həyatını itirməsi və sonradan bu hadisələrlə bağlı onun məsuliyyətə cəlb olunması cəmiyyət daxilində ciddi etimadsızlıq yaradıb.
Koçaryanın son çıxışlarında sülh ritorikasına üstünlük verməsi isə bir çox ekspert tərəfindən daha çox taktiki addım kimi qiymətləndirilir. O, seçkiqabağı mərhələdə radikal və reallıqdan uzaq şüarlardan kənarda qalmağa çalışaraq cəmiyyətin daha geniş təbəqəsini cəlb etməyə cəhd göstərir. Lakin onun əvvəlki siyasəti və ritorikası göstərir ki, bu mövqe uzunmüddətli və sabit xarakter daşımaya bilər.
Onun hakimiyyəti dövründə Ermənistanın iqtisadi modelinin dayanıqlı inkişaf üzərində deyil, daha çox qapalı və asılı strukturlar üzərində qurulması bu gün də ölkənin qarşısında ciddi problemlər yaradır. Strateji müəssisələrin xarici borclar müqabilində Rusiyaya verilməsi iqtisadi müstəqilliyi zəiflətməklə yanaşı, ölkənin siyasi qərarvermə imkanlarını da məhdudlaşdırmışdı. Bu reallıq fonunda R.Koçaryanın yenidən "etibarlı müttəfiq" tezisini ön plana çıxarması əslində Ermənistanın yenidən eyni asılılıq modelinə sürüklənməsi riskini artırır.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində ciddi siyasi və psixoloji transformasiya baş verdi. Müharibənin nəticələri ölkədə köhnə siyasi kursun iflasa uğradığını açıq şəkildə göstərdi. Buna baxmayaraq, Koçaryan kimi fiqurların yenidən fəallaşması göstərir ki, keçmiş siyasi elita mövcud reallıqlarla barışmaq niyyətində deyil.
Müharibədən sonrakı dövrdə Koçaryanın fəaliyyətinə diqqət yetirsək, görərik ki, o, bir tərəfdən siyasi ritorikasını yumşaldaraq sülh tərəfdarı kimi çıxış etməyə çalışsa da, digər tərəfdən ölkə daxilində gərginliyi artıran proseslərdə dolayı iştirak edən əsas fiqurlardan biri kimi qiymətləndirilir. Ermənistan daxilində bəzi dini qrupların və keşişlərin küçə aksiyalarında fəallaşması, siyasi tələblərlə çıxış etmələri və hakimiyyətə qarşı sərt mövqe tutmaları heç də təsadüfi xarakter daşımır. Bu proseslərin arxasında dayanan qüvvələr arasında R.Koçaryanın adı daha çox hallanır.
Bir məqama xüsusi diqqət yetirək: dövlət idarəçiliyində dünyəvi prinsiplərin zəiflədilməsi və dini institutların siyasi alətə çevrilməsi cəmiyyət daxilində parçalanmanı daha da dərinləşdirə bilər. Koçaryanın bu cür proseslərə dəstək verməsi isə onun hakimiyyətə qayıdış strategiyasının yalnız siyasi deyil, eyni zamanda ideoloji və psixoloji təsir elementlərini də əhatə etdiyini göstərir.
Digər mühüm məqam isə "Qarabağ kartı"ndan istifadə məsələsidir. Ermənistanın keçmiş siyasi elitası uzun illər bu mövzunu yalnız milli ideologiya kimi deyil, həm də daxili siyasi təsir vasitəsi və iqtisadi resursların bölüşdürülməsi aləti kimi istifadə edib. Bu kontekstdə Nikol Paşinyan hökuməti tərəfindən səsləndirilən ittihamlar, yəni keçmiş hakimiyyət nümayəndələrinin Qarabağ məsələsindən şəxsi maraqlar, var-dövlət toplamaq və siyasi mövqelərini qorumaq üçün istifadə etmələri, sözsüz ki, müəyyən ictimai əsaslara malikdir.
Bu yanaşma Ermənistan cəmiyyətində artıq ciddi tənqid olunur. Çünki müharibədən sonra yaranmış yeni reallıqlar göstərdi ki, emosional və revanşist siyasət ölkəni uçuruma aparır və bununla daha böyük risklər yaradır. R.Koçaryanın son çıxışlarında səsləndirdiyi fikirlər də bu ziddiyyətli xəttin davamı kimi qiymətləndirilə bilər. O, təhlükəsizliyin əsas prioritet olduğunu vurğulayaraq "döyüşə hazır ordu, güclü lider və etibarlı müttəfiq" modelini təklif edir. Lakin bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində artıq effektiv hesab olunmur.
Onun hər il 45 min yeni iş yeri yaradılması ilə bağlı vədi də iqtisadi reallıqlardan uzaq görünür. Ermənistanın mövcud iqtisadi vəziyyəti - zəif sənaye bazası, investisiya çatışmazlığı və regional layihələrdən kənarda qalması belə ambisiyalı planların həyata keçirilməsini demək olar ki, mümkünsüz edir. Real inkişaf yolu isə regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçir. Bu istiqamətdə atılan addımlar Ermənistan üçün yeni iqtisadi imkanlar yarada bilər.
R.Koçaryanın sülhlə bağlı mövqeyi isə açıq şəkildə ziddiyyətlidir. Bir tərəfdən sülhə üstünlük verdiyini bəyan etməsi, digər tərəfdən bunu qeyri-müəyyən "təhlükəsizlik zəmanətləri" ilə şərtləndirməsi danışıqların uzadılmasına xidmət edən taktiki yanaşma kimi görünür. Halbuki sülhün əsas prinsipi beynəlxalq hüquq, xüsusilə ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır.
Müasir təhlükəsizlik anlayışı artıq yalnız hərbi gücə əsaslanmır. Bu anlayış siyasi dialoq, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq üzərində qurulur. Koçaryanın təklif etdiyi model isə daha çox keçmişin uğursuz təcrübələrinə əsaslanır.
Nəticə etibarilə Robert Koçaryanın yenidən hakimiyyətə qayıtması Ermənistan üçün yeni inkişaf mərhələsi deyil, əksinə, köhnə problemlərin və risklərin geri dönüşü anlamına gələ bilər. Bu isə yalnız ölkədaxili sabitliyə deyil, bütövlükdə regionda formalaşmaqda olan həssas sülh prosesinə də ciddi təhdid yaradır.
Elşən QƏNİYEV,
"Azərbaycan"