Yaxın Şərqdə mövcud müharibə fonunda 20 mindən çox dənizçi və təxminən 3200 gəmi Hörmüz boğazının qərbində yerləşən Fars körfəzi bölgəsini tərk edə bilmir. Bu barədə Beynəlxalq Dəniz Təşkilatı (BDT) məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, BMT agentliyi Londonda dünya ticarətinin əsas marşrutlarından birində “tələyə düşmüş” dənizçilər və gəmilərə dəstək tədbirlərini müzakirə etmək üçün fövqəladə iclas keçirir.
Böyük Britaniyanın dəniz təhlükəsizliyi xidmətinin məlumatına görə, fevralın 28-dən martın 17-dək 21 insident qeydə alınıb. Bunlara 16 hücum və beş “şübhəli aktivlik” daxildir. İnsidentlərin arasında BƏƏ və İraq sahilləri yaxınlığında tanker və konteyner gəmilərinə zərbələrin endirilməsi də var ki, bu da yanğınlara və ekipajların təxliyəsinə səbəb olub.
BDT-nin baş katibi Arsenio Dominqes xatırladıb ki, münaqişə başlayandan bəri gəmilərə hücumlar nəticəsində azı yeddi dənizçi həlak olub, bir neçəsi isə yaralanıb. “Hər dəfə münaqişələr zamanı gəmiçilik əlavə zərər kimi qəbul edildikdə, qlobal iqtisadiyyatdan tutmuş ərzaq təhlükəsizliyinə qədər bütün dünya əziyyət çəkir”, – deyə təşkilatın rəhbəri bildirib.
O vurğulayıb ki, təxminən 20 min dənizçi Fars körfəzində qalmaqda davam edir və “yüksək risklərə məruz qalır, ciddi psixoloji stres yaşayır”. “Mən bir daha bütün gəmiçilik şirkətlərini münaqişədən təsirlənmiş regionda fəaliyyət göstərərkən maksimum ehtiyatlı olmağa və imkan daxilində bu ərazidən yayınmağa çağırıram”, – deyə Dominges bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin nümayəndəsi İran tərəfindən endirilən zərbələri “qanunsuz” adlandırıb, onların beynəlxalq gəmiçiliyə və regional sabitliyə ciddi təhdid yaratdığını vurğulayıb. O bildirib ki, bu hücumlar ölkənin suverenliyinin və ərazi bütövlüyünün, o cümlədən ərazi sularının kobud şəkildə pozulmasıdır və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
Bir neçə ölkə münaqişə zonasına düşmüş dənizçilərin vəziyyəti ilə bağlı narahatlıqlığını ifadə edib. Bu ölkələr arasında İsveç, Niderland və Çin də var.
ABŞ isə öz növbəsində bazarda etimadın bərpasına və enerji, eləcə də kommersiya məqsədli daşımaların yenidən başlamasına kömək edəcəyi gözlənilən “təkrar sığortalama mexanizmi”nin yaradıldığını bildirib.