18 Mart 2026 08:00
228
SİYASƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurun dirçəliş modeli

Qarabağ və Şərqi Zəngəzurun dirçəliş modeli


İşğaldan azad edilən ərazilər dünya miqyasında analoqu olmayan bərpa və quruculuq mərhələsini yaşayır


Qarabağ və Şərqi Zəngəzur bu gün dünya miqyasında analoqu olmayan bərpa və quruculuq mərhələsini yaşayır. Otuz illik işğal dövründə tamamilə dağıdılan, infrastrukturu məhv edilən ərazilərimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən müasir standartlar əsasında yenidən qurulur. Vətən müharibəsində Qələbədən dərhal sonra dövlət başçısının "Biz Qarabağı cənnətə çevirəcəyik" vədi artıq bu gün həmin bölgələrin real mənzərəsinə çevrilib. Bölgəyə səfər edən yerli və əcnəbi vətəndaşlar da bu gerçəkliyi böyük heyrətlə dilə gətirirlər. 

Bu ərazilərin bərpası ölkəmizin daxili siyasətinin ən mühüm prioritetidir. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində qəbul edilmiş Böyük Qayıdışa dair Dövlət Proqramı bu nəhəng işlərin yol xəritəsidir. Dövlət büdcəsinin əsas xərclərinin məhz bu istiqamətə yönəldilməsi  Azərbaycanın öz daxili imkanları ilə yenidənqurma modeli yaratdığını sübut edir.

Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən layihələr, işğaldan azad edilmiş əraziləri müasir infra-struktur, "ağıllı texnologiya"lar və "yaşıl enerji" zonası ilə zənginləşdirir. Daşı daş üstündə qalmayan ərazilərimizdə beynəlxalq hava limanları tikilir, nəhəng tunellər, magistral yollar çəkilir və müasir yaşayış kompleksləri inşa edilir. 


Mərkəzləşdirilmiş idarəetmə və yerində nəzarət


Azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyası həm də yüksəksəviyyəli koordinasiya və mütəşəkkil idarəetmə tələb edir. Bu baxımdan, bərpa və quruculuq işlərinin birbaşa yerində, ərazidə təhlili xüsusi əhəmiyyət kəsb edir. Elə martın 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində keçirilən növbəti iclas bu sistemli yanaşmanın bariz nümunəsidir.

İclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. O deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Samir Nuriyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.


"Böyük qayıdış" proqramının miqyası genişlənəcək


2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinin sakinlərinin yurda dönüşü ilə start verilən Böyük qayıdış uğurla davam etdirilir.

Xocavənddə keçirilən sözügedən iclasda qərargah rəhbəri məlumat verdi ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və bərpa edilərək istifadəyə verilib, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. O, görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük qayıdış proqramının miqyası genişlənəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur. Bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.

Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhəri və Hadrut qəsəbəsinin Baş planları ilə tanış olublar. Xocavənd şəhərində təmir olunmuş fərdi evlərə, Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinə və Quzeyxırman kəndində aparılan təmir-bərpa işlərinə əyani baxış keçirilib. Həmçinin Hadrutda turizm inkişaf konsepsiyası təqdim olunub, təmir edilməsi nəzərdə tutulan mehmanxana layihəsi ilə bağlı məlumat təqdim edilib.

Xocavənd rayonunda bağçılıq təsərrüfatına və Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib, müəssisənin fəaliyyəti və yerli iqtisadiyyata verdiyi töhfə haqqında məlumat dinlənilib.

Xocavənddə baş tutan müzakirələr bir daha göstərir ki, hər bir yaşayış məntəqəsinin bərpası, infrastrukturun qurulması və sakinlərin geri qayıdışı üçün lazımi şəraitin yaradılması dövlətin ən yüksəksəviyyəli nəzarəti altındadır. Dövlət rəsmilərinin bu səfəri və qəbul edilən qərarlar, işğaldan azad edilən ərazilərin hər bir guşəsində işlərin keyfiyyət və sürət baxımından ən yüksək standartlara cavab verməsini hədəfləyir.

Bütün bunlardan da göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa prosesi həm də milli qürurun və tarixi ədalətin təntənəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. "Ağıllı kənd"lərdən başlanan bu yol, Qarabağ və Şərqi Zəngəzuru yaxın gələcəkdə dünyanın ən gözəl, ən müasir və ən rahat yaşayış məkanlarından birinə çevirəcək.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!