14 Mart 2026 08:25
157
SİYASƏT
A- A+
Praqmatik qərar, qətiyyətli mövqe, qarşılıqlı maraq

Praqmatik qərar, qətiyyətli mövqe, qarşılıqlı maraq


Bunlar Azərbaycan liderinin xarici siyasətdə qazandığı uğurlarının açarıdır


İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq münasibətlər sovetlər birliyinin və sosialist düşərgəsinin dağılması ilə başa çatmış və bununla illərlə mövcud olmuş ikiqütblü dünya ömrünü başa vurmuşdur. İndi isə bunun fəsadını yaşayan dünyada dövlətlərarası və beynəlxalq münasibətlər yenidən qurulur. 

Bunun üçün təzə ittifaqlar formalaşmalı, yeni beynəlxalq qanunlar və təşkilatlar yaradılmalı, ya da köhnələr yenidən qurulmalıdır. Əks halda bugünkü qlobal xaosun hər an üçüncü dünya müharibəsinə çevrilmək təhlükəsi var. Buna heç kəsin şübhəsi olmasın. Beynəlxalq hüququn ayaqlar altına atılması, ciddi bir səbəb olmadan dövlətlərin bir-birilərinin ərazisinə təcavüz etməsi, güclünün zəifin ərazi bütövlüyünü və suverenliyini pozması nəhayətsiz davam edə bilməz ki... Əvvəl-axır bunun sonu olmalıdır, ya yox?!

Bax belə bir acınacaqlı geosiyasi və  hərbi qarşıdurmalar fonunda Prezident İlham Əliyevin apardığı xarici siyasət mükəmməlliyi ilə seçilir. Yalnız bu hesaba indiki qarşılıqlar içində dövlətimizin milli maraqlarını qətiyyətlə qoruya bilirik. Təsadüfi deyil ki, ölkəmizin bu gün apardığı çoxvektorlu xarici siyasət bizə bütün siyasi platformalarda iştirak etməyə imkan verir. Məsələn, Azərbaycan Avropanın 9 ölkəsi ilə strateji tərəfdaşlığa dair sənəd imzalayıb, "qoca qitə"nin 10-dan çox  ölkəsinə təbii qaz ixrac edir. Bu faktlar onu göstərir ki, ölkəmiz Avropa üçün  siyasi və iqtisadi sahədə etibarlı tərəfdaşdır, baxmayaraq ki, həmin əlaqələrin qurulmaması üçün "qoca qitə"də əleyhimizə çalışan qoca qüvvələr az deyil. 

Onların qarşısını almaq və Avropa ölkələri ilə qarşılıqlı faydalı mehriban münasibətlər qurmaq üçün Prezident İlham Əliyev uzun illər diplomatik gedişlər etmişdir. Dövlətimizin başçısı illər öncə görürdü ki, yeni dünya düzənində ölkələrarası münasibətlərdə iqtisadi maraqlar önə keçir. Xarici siyasətdə iqtisadi əməkdaşlığa üstünlük verilərsə, siyasi münasibətlər öz-özünə yaxşılığa doğru dəyişəcək. Belə də oldu. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyində ciddi payı olan  ölkədir. Üstəlik, yaxın gələcəkdə Azərbaycan Avropaya "yaşıl enerji" də ixrac edəcək. 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolunu biz dövlətimizin başçısı İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuata bəyanatının 9-cu bəndində də aydın görə bilərik: "Prezidentlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Onlar "Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" Məşvərət Şurasının əhəmiyyətini, külək və günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi potensialını, həmçinin Qara dəniz sualtı kabeli layihəsi kimi qarşılıqlı elektrik enerjisi bağlantısı təşəbbüslərini qeyd ediblər".

Məlumdur ki, uzun illər Avropadakı bir çox siyasətçinin qərəzi üzündən Azərbaycanın bəzi Avropa ölkələri ilə əlaqələri heç də istənilən səviyyədə  olmamışdır. Antonio Koştanın "Qlobal sabitlik fonunda aramızdakı əlaqələri gücləndirmək heç zaman olmadığı qədər vacibdir" deməsini məhz keçmiş səhvlərin etirafına və münasibətlərdə yeni səhifələrin açılmasının vacibliyinə işarə kimi qəbul etmək olar. İndi Avropanın təkcə Azərbaycan qazına yox, eləcə də qlobal logistik əlaqələrinə ehtiyacı var. Beynəlxalq ticarətdə logistikanın önəminin artdığı bir zamanda Orta dəhliz həm də Avropanın xilas yoludur. A.Koşta bununla bağlı mətbuata bəyanatında demişdir: "Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır".

Məlum olduğu kimi, ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının yanlış siyasəti nəticəsində Azərbaycanla Amerika arasında siyasi münasibətlərdə müəyyən gərginlik yaşanmışdır. Hələ həmin illər Prezident İlham Əliyev birbaşa bu ölkənin yüksəksəviyyəli dövlət adamları ilə görüşündə bildirmişdir ki, Azərbaycanla hədə və təzyiq dilində danışmaq olmaz, biz heç bir kənar təsirlərə boyun əyməyəcəyik. Bu gün isə Azərbaycanın dik duruşu, öz suveren haqlarını  qoruması ABŞ-nin yeni administrasiyası tərəfindən yüksək qiymətləndirilir. Hazırda bu ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. İki ölkə arasında yüksəksəviyyəli siyasi münasibətlərlə yanaşı, iqtisadi sahədə də geniş əməkdaşlıq əlaqələri qurulur. Ötən ilin avqustunda Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizinin (TRIPP) açılması barədə razılaşmanın Donald Trampın şahidliyi ilə əldə olunması bir çox mətləbdən xəbər verir. Üstəlik, Azərbaycanın Amerika və Mərkəzi Asiyadakı dövlətlərin xahişi ilə "5+1"ə qoşulması onu göstərir ki,  Asiya ilə Avropa arasında qurulacaq yeni geosiyasi proseslərdə Azərbaycan da söz sahibi olacaq. Başqa sözlə, ABŞ özünün Asiya ilə Avropa, həmçinin Cənubi Qafqaz siyasətində ölkəmizi əsas tərəfdaş kimi görür və qəbul edir. Bu isə bizə qlobal siyasətdə yeri və çəkisi olan ölkə statusunu qazandırır.

 Bu gün ölkəmizin bütün qitələrdə yerləşən dövlətlərlə normal siyasi və iqtisadi əlaqələri var. Azərbaycanın beynəlxalq aləmdə qazandığı bu uğur birbaşa dövlətimizin başçısının praqmatik fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin apardığı ölçülü-biçili xarici siyasət dünyada ona böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, biz bütün mötəbər tərbirlərdə dünya liderlərinin, iri biznes və kütləvi informasiya vasitələri nümayəndələrinin Prezident İlham Əliyevə xüsusi maraq göstərmələrinə dəfələrlə şahidlik etmişik.

Prezident İlham Əliyevin qətiyyətinin, qlobal səviyyədə qazandığı nüfuzun bir nümunəsini də İran tərəfindən Naxçıvan ərazisinə dron zərbələri endirildikdən sonra gördük. Bu hadisə ilə bağlı dünya liderlərinin Prezident İlham Əliyevə öz dəstəklərini ifadə etmələri heç də protokol qaydaları deyildi, dövlətimizin başçısına həmkarları tərəfindən  olan ehtiramın ifadəsi idi. Ehtiram isə heç vaxt səbəbsiz göstərilmir. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!