19 Mart 2026 09:05
131
Mədəniyyət
A- A+
Azərbaycanın taleyini yaşadı

Azərbaycanın taleyini yaşadı


Çünki həyatı da ikiyə bölünmüşdü


Uşaqlıq illəri yalnız zaman deyil, həm də məkan baxımından çox-çox uzaqlarda qalmışdı. Dünyaya göz açdığı yurda, isti ata ocağına həsrət idi. Könlü bitmək bilməyən ayrılığın qubar yeri olmuşdu. Bircə udum havası, bircə içim suyu üçün belə qəribsədiyi ata yurduna boylana-boylana qalmışdı.

Çoxları kimi onun da nisgilli baxışları tez-tez Arazın o tayını arayırdı, qəlbi hicran ağrısı ilə sızlayırdı. Ancaq dərd ortaqlarının çoxundan fərqli olaraq, ayrılıq dərdini, həsrətini misralara çevirirdi Hökumə Bülluri:


Mən də bir şairəm, sinəsi dağlı,

Ayrılıq nəfəsli, hicran soraqlı.

Vətənin qapısı üzümə bağlı,

Hər axşam bu dərddən alışır sinəm,

Vətən həsrətliyəm, el həsrətliyəm.


O, bir əsr öncə - 1926-cı il martın 3-də Zəncan şəhərində dəmirçi ailəsində dünyaya gəlib. Orta təhsilini 1933-1943-cü illərdə Zəncanda "Azəri" qızlar məktəbində alıb. Məktəbi bitirdikdən sonra elə həmin təhsil ocağında dərs deyib. Poeziyaya sevgisi utancaq bənövşə kimi könlündən erkən boy verib, ruhunu pərvazlandırıb. 

Bəlkə də ömrü elə beləcə davam edə bilərdi. Müəllimlik fəaliyyətini davam etdirər, balaca həmşəhərlilərinə dərs deyər, bilik öyrədərdi. Gənc Hökumə xanım həm də yurdunun istedadlı şair qızı kimi tanınar, dövri mətbuatda dərc olunan şeirləri ilə sevilərdi. Ancaq yurddaşlarının azadlıq uğrunda mücadiləsindən xalqın bu məğrur, vətənsevər qızı da kənarda qalmadı. Hökumə Bülluri qəlbinin hökmü ilə gənc yaşlarında Azərbaycan Demokrat Firqəsinə üzv olub və "21 Azər" hərəkatına qoşulub.

O, ictimai-siyasi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayıb. O zaman ki, sovet ordusu Cənubi Azərbaycana getmişdi. Hökumə Bülluri Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, Mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində işləyib. 

İlk şeir və məqalələri 1945-ci ildə "Azər" və "Vətən yolunda" qəzetlərində dərc edilib. 1946-cı ilin martında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub. 

Arzularının coşub-çağlayan vədəsində onun və məsləkdaşlarının başlarının üstünü qara buludlar alıb. 1946-cı il dekabrın 12-si həyatlarının ən ağır günü olub. Həmin gün Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilib, sovet qoşunları Cənubi Azərbaycandan çıxarılıb. Milli qüvvələr dəhşətli faciələrlə üzləşib, minlərlə nümayəndəsi dar ağacına çəkilib, güllələnib və ya sürgünə göndərilib. Amansızlıqla verilən cəzalar bununla da bitməyib. Mütərəqqi fikirli, demokratik ruhlu azərbaycanlılar təqib olunublar. Təqiblər səbəbindən mühacirət etmək məcburiyyətində qalıblar. İyirmi yaşlı Hökumə Bülluri də onların arasındaydı. Bakıya üz tutan Hökumə xanımın Cənubi Azərbaycanından nigaran qəlbi o zamandan heç zaman dinclik tapmayıb.

O, Bakıda ali təhsil almaq arzusunu gerçəkləşdirib. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə universitet təhsilini başa vurub. 1956-cı ildə Bakı Ali Partiya məktəbini bitirib. 

Hökumə Bülluri Bakıda da bədii yaradıcılığını davam etdirib. 1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar İttifaqının - Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Şeirləri dövri mətbuatda müntəzəm dərc olunub.

1952-1954-cü illərdə "Azərnəşr"də Bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. İctimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsinə təyin ediblər. 1956-1960-cı illərdə orada çalışıb. 1963-cü ildə Moskvada Sov.İKP yanında İctimai Elmlər Akademiyasını bitirib. Hökumə Bülluri təhsil illərində "İran Azərbaycanının realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. Bir il sonra - 1964-cü ildə  Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunub. Ömrünün sonuna qədər orada işləyib.

Hökumə Billuri məhsuldar şair və yorulmaz alim kimi tanınıb. Onun "Mənim arzum" (1949), "Ölməz qəhrəman" (1950), "Həyat yollarında" (1951), "Mübarizə illərində" (1954), "Şeirlər", (1954), "Şairin yadigarı" (1957), "Səhər günəşi" (1964), "Səndən uzaqlarda" (1961), "İstərəm", "Şeirlər" (1966), "Necə unudum" (1974), "Çinar gözləyir məni" (1976), "Apar məni o yerlərə" (1981), "Bir də bahar gəlsə" (1984), "Seçilmiş əsərləri" (1986), "Dünya belə dünyadır" (1989), "Nə qəribə dünya imiş" (1997), "Seçilmiş əsərləri" (2005) şeir kitabları, "1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya" (1972) və "Məhəmmədhüseyn Şəhriyar" (1984) monoqrafiyaları işıq üzü görüb. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində Moskvada çapdan çıxıb. O, özü də tərçüməçiliklə məşğul olub. Hökumə Bülluri Məhəmmədhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə tərcümə edib.

1984-cü ildə Əməkdar incəsənət xadimi, 1998-ci ildə Xalq şairi fəxri adına layiq görülüb.


Sinəmə ağır bir yükdü ayrılıq,

Belimi yay kimi bükdü ayrılıq...

Həyat gözlərimdə sönmədən qabaq,

Sizdən bir diləyim olacaq ancaq.

Tufana, küləyə döndərin məni,

Göndərin vətənə, göndərin məni!


deyən şairin arzusu ürəyində qalıb. Son nəfəsinədək "Vətən" deyib, Cənubi Azərbaycanın xiffətini çəkib. Bu xiffətlə də 2000-ci il noyabrın 22-də Bakıda dünyasını dəyişib. Vəfatından sonra da əsərləri ikiyə bölünmüş Vətənin bitməyən harayına çevrilib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 117 dolları ötüb 

10:34
19 Mart

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

Prezident İlham Əliyevin sülh diplomatiyası: Aİ və ABŞ ilə strateji tərəfdaşlıq

08:20
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!