17 Aprel 2024 08:00
363
SİYASƏT
A- A+

Heydər Əliyev Fondu: 20 ilin reallıqları

 

Ümummilli Lider Heydər Əliyevin ideyalarını davam etdirən Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 20 il ötür. Ulu Öndərin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan fondun genişmiqyaslı fəaliyyəti Azərbaycanın hüdudlarından kənarda da dəyərləndirilir. 
Ötən 20 ildə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində və digər istiqamətlərdə Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atıb. Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali dəyərə söykənir. İllərdir yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın özünün vurğuladığı kimi, bu fəaliyyət sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir". 
Azərbaycan Prezidenti İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında etdiyi çıxışında bildirib ki, Azərbaycanın müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var: "Bu gün müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir". 
Dövlət başçısı bildirib ki, Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var: "Məhz fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün fond geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir".
Prezident İlham Əliyev eyni zamanda onu da bildirmişdir ki,  Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur: "Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".
Yarandığı gündən Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafına mühüm töhfələr verib. Mehriban xanım Əliyevanın irəli sürdüyü, böyük uğurla həyata keçirilməkdə olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının prioriteti də bundan ibarətdir. Bu proqram özündə təkcə respublikamızın ucqar əyalətlərində yeni məktəb binalarının tikilməsi, bu binaların ən müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz edilməsi məzmununu ehtiva etmir. Həm də insanlara qayğı, uşaqlara, yeniyetmə və gənc nəslə diqqət timsalında bütövlükdə ölkəmizin parlaq gələcəyə aparılması strategiyasını ehtiva edir. Bütün bunlar sübuta yetirir ki, aydın məqsəd xalqın rifahına söykənən amal, inam və iradə ilə birləşəndə hər bir çətinlik bu qüdrətin qarşısında geri çəkilir.
Təhsil sahəsində reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi fondun həyata keçirdiyi ən böyük layihələrdən biridir. Qısa müddət ərzində Azərbaycanın bütün regionlarında müasir tələblərə cavab verən məktəblərin inşası geniş vüsət aldı. Əgər bu gün biz ucqar dağ kəndində yaşayan məktəblinin internet vasitəsilə ümumrespublika olimpiadasında iştirakının şahidi oluruqsa, bu, artıq görülən işin parlaq təzahürüdür.
Fondun reallaşdırdığı layihələr Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı sayəsində peşəkarların birgə məhsulu olduğundan bənzərsizlikləri ilə diqqəti cəlb edir. Bu layihələr qlobal xarakteri və keyfiyyətinə görə hətta beynəlxalq layihələri üstələyir. Bu, qürurdoğuran reallıqdır. BMT, İslam Əməkdaşlığı Təşkilatı, ICESCO və onlarca mötəbər qurumun dünyanın dörd bir tərəfində çalışan, peşəkarcasına müqayisə aparmaq imkanına malik yüksəkvəzifəli şəxslərinin Heydər Əliyev Fondunun layihələrindən təsirlənərək gördüklərini sözə çevirməkdə çətinlik çəkdiklərinin dəfələrlə şahidi olmuşuq. Çoxlarının vurğuladığı kimi, bu layihələr mahiyyətcə yeni üslub, etalon xarakteri daşıyır və əksər hallarda beynəlxalq səviyyədə tətbiqini tapır. 
Fondun həyata keçirdiyi layihələr çərçivəsində artıq onlarca uşaq bağçası da istifadəyə verilib. Bu uşaq müəssisələri müasir avadanlıq, tədris vəsaiti, plakatlar, multimedia diskləri, oyunlar və digər vəsaitlərlə təmin olunub. Uşaqlara qayğı fondun prioritet istiqamətlərindən biridir. Bu baxımdan "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramını xüsusi qeyd etmək lazımdır. Bu proqram ata-ana qayğısından məhrum uşaqların həyatında ciddi dönüş yaratdı. 
Azərbaycan muğamının dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti ən yüksək qiymətə layiqdir. Azərbaycanın ənənəvi musiqisi olan muğam UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irs siyahısına daxil edilib. Mədəni irsin qorunması baxımından muğamın təbliği və inkişafına kömək Heydər Əliyev Fondunun aktiv fəaliyyət istiqamətidir. Gerçəkləşən layihələr milli mədəniyyətimizi qorumaq, inkişaf etdirməklə yanaşı, həm də sivil dünyada öz layiqli yerimizi tutmağa, xalqımızı tanıtmağa imkan yaradır. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə səhiyyə sisteminin müasirləşdirilməsi sahəsində də mühüm işlər həyata keçirilir, tibb ocaqlarında ən müasir avadanlıqlar quraşdırılır, əhaliyə göstərilən xidmətin səviyyəsi getdikcə yüksəlir. İlk layihələrdən biri kimi bu gün də davam edən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi 14 yaşına qədər qeydiyyatda olanların dərman preparatı ilə təmin olunmasına yönəlib.
Heydər Əliyev Fondunun və şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə "Qızıl ürək" və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeninə, 2009-cu ildə "XXI əsrin böyük qadını" laureatı adına, 2010-cu ildə isə Fransanın "Fəxri Legion" ordeninə, UNESCO-nun "Qızıl Motsart" medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına layiq görülmüşdür. Mehriban xanım Əliyeva türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə "Heydər Əliyev Mükafatı" ilə təltif edilib. Bütün bunlar Mehriban Əliyevanın Azərbaycan xalqı qarşısında xidmətlərinə verilən mükafat və qiymətdir. 2016-cı il yanvarın 21-də Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib. 2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban Əliyevaya II dərəcəli "Müqəddəs Mələksima Knyaginya Olqa" ordeni təqdim edilib. 2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və "Ədalətli oyunlar"ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə" medalı təqdim olunub. 2019-cu ildə Mehriban Əliyeva Prezident Vladimir Putinin fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub. 2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib.
Heydər Əliyev Fondu ölkəmizin çətin zamanında xalqımıza dəstək olub. Fond Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürüb. Bununla yanaşı, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib.
Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə fond Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası üzrə yeni layihələrin icrasına başlayıb. Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsindəki paylaşımında bildirmişdi ki, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürəkağrısı ilə seyr edirik: "Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır".
İşğaldan azad olunan ərazilərimizin, tarixi-dini, mədəni abidələrimizin təmir və bərpası uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Mehmandarovların da malikanəsi məhz ermənilərin çirkin niyyətlərinin qurbanı olmuşdu. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan bu malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir. Bəli, bu gün dağıdılmış ərazilərin bərpası və yenidən qurulması istiqamətində abadlıq-quruculuq işləri aparılır.
Fəaliyyətində Ulu Öndərin ideyalarına söykənən Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər onun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Və görülən işlər, həyata keçirilən layihələr, real nəticələr isə bir daha deməyə əsas verir ki, Heydər Əliyevin adını daşıyan fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. 

Həbib MİSİROV, 
YAP Kəlbəcər rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video