BÖYÜK ŞƏXSİYYƏTLƏRİN DOSTLUĞU DA BÖYÜK OLUR
Dostluq böyük hissdir.
Əslində bu hissə insanları bir-birinə bağlayan gözəgörünməz tellər də demək olar!
Bu hiss, duyğu, tel həm də müqəddəsdir, safdır, ülvidir!
Çünki onun mayasında paklıq, təmizlik, təmənnasızlıq dayanır!
Dostluğun mahiyyətində dostlar arasında bir düşüncə bənzərliyi, əməl eyniliyi, həyata baxışda oxşarlıq da müşahidə olunur.
Bütövlükdə dostluq mənəvi keyfiyyətdir, mənəvi dəyərdir.
Həm də hər adamın bacarmadığı işdir!
Görünür, bu nəcib duyğunu Allah-Təala hamıya qismət etmir!
Edəndə də birinə az, digərinə çox pay düşür!
Əslində dostluq etməyi bacarmaq özü bir istedaddır, vergidir!
Çoxlu dostu olmaq, bəlkə də çoxlu var-dövlət sahibi olmaq deməkdir!
Dostun böyüyü, kiçiyi, varlısı və kasıbı, imkanlısı və imkansızı olmur!
Necə deyərlər, dost elə dostdur!
Amma böyük şəxsiyyətlərin dostluğu da böyük olur!
Çünki bu dostluqdan çoxlarına, hətta minlərə və milyonlara belə pay düşə bilir.
Təmiz, pak və təmənnasız pay!
Bəzən dostluq o qədər mehribanlaşır, sıxlaşır ki, qardaşlığa çevrilir.
Dövlət başçılarının dostluğu isə xalqlar arasında münasibətləri ən yüksək səviyyəyə qaldıra bilir!
***
Adətən qardaşlar doğma olurlar.
Amma nadir hallarda xasiyyətcə bir-birlərinə bənzəyirlər!
Qardaşların bir-birlərilə dostluq etməsi də az təsadüf olunandır.
Dostların qardaş, yaxud qardaşların dost olması insanı məmnun və xoşbəxt edən haldır.
Belə insanlara, onların yaxın, isti münasibətlərinə həsəd aparmağa dəyər!
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq kimi yüksək mənəvi bağlılıq da artıq çoxları üçün yüksək nümunəyə çevrilib.
***
Həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin “Tanrı variantı” ilə həll ediləcəyinə inanmışam.
Xeyr, elə düşünməmişəm ki, Tanrımız uca göylərdən enərək bizim yerimizə müharibə aparacaq, erməniləri Qarabağdan qovaraq torpaqları düşməndən təmizləyəcəkdir.
İnanmışam ki, Allah-Təala düşməni elə vəziyyətə salacaq, havadarlarının başını elə qarışdıracaq ki, biz öz gücümüzlə, həm də düşməndən qisasımızı alaraq mənfur ermənini məğlub və məhv edəcəyik!
Əslində belə də oldu!
Bu işdə Allah özü bizə kömək etdi!
Eyni zamanda qəti əminəm: əgər Azərbaycana cənab İlham Əliyev, qardaş Türkiyəyə isə hörmətli Rəcəb Tayyib Ərdoğan rəhbərlik etməsəydi, biz XXI əsrin ən yeni müharibəsini apararaq 44 gündə möhtəşəm zəfərə imza ata bilməzdik!
Bu dostluq, qardaşlıq və birlik Azərbaycan Ordusunu belə qüdrətli etdi!
Həm də təkcə ordumuzu yox!
Ermənilərin açıq və gizli müdafiəçiləri, dəstəkçiləri çox idi!
Elə müharibə davam edən müddətdə bəzi dövlət başçılarının, beynəlxalq qurumların, bir sıra dünya KİV-inin mövqeyini, çıxardıqları oyunları yada salaq...
Türkiyə ilə Azərbaycan birlikdə, bir yerdə olmasaydı, hərbi əməliyyatların və sonrakı hadisələrin hansı məcrada inkişaf edəcəyini, hansı nəticəyə gətirəcəyini bilmək olmazdı!
Dostluğun da tarixi olur
SSRİ-nin görmək istəmədiyi dövlətlərdən biri qardaş Türkiyə idi!
Bəlkə bu, Rusiyanın Türkiyənin sələfi olan Osmanlı İmperiyası ilə dəfələrlə müharibə etməsi, yaxud SSRİ-də çoxsaylı türk kökənli xalqların yaşamasından doğan “ehtiyatlı davranmaqla” bağlı idi?
Qəti nəsə söyləməkdə çətinlik çəkirəm...
Gördüyümüz və bildiyimiz o olub ki, Türkiyəyə yolumuzu həmişə bağlı saxlamağa çalışıblar!
Qardaş ölkəyə kimsə gedərdisə, Moskva
nın icazəsi ilə və Mockvadan keçməklə gedə bilərdi!
Doğmalarından kimsənin Türkiyədə yaşaması isə həmin adamın Sov.İKP üzvlüyünə qəbulu yolunu bağlayardı...
Bu gün isə ən çox aviareyslər Türkiyə ilə Azərbaycan arasındadır, üstəlik hər iki dövlətin vətəndaşları adi şəxsiyyət vəsiqələri ilə bir-birlərinə qonaq gedirlər...
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında və möhkəmlənməsində hər iki xalqdan olan görkəmli şəxsiyyətlərin böyük rolu olmuşdur.
Dünyada baş verən bir sıra proseslərin təsirindən bu dostluq əlaqələri daim düz xətlə inkişaf etməmiş, dövrün müəyyən sınaqlarına sinə gərmişdir.
Bu dostluğun təməlini iki dahinin söylədiyi əbədi fikirlər təşkil edir!
Və hamı dönə-dönə, sevə-sevə həmin müdrik kəlamları məhəbbət və qürurla səsləndirir:
* Mustafa Kamal Atatürk: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”.
* Ulu Öndər Heydər Əliyev: “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir”.
Tarixin iki sınağını da xatırlatmaq istəyirik:
* 1915-1916-cı illərdə baş verən Çanaqqala savaşında Türkiyənin ölüm-dirim məsələsi həll olunurdu. Həmin döyüşlərdə üç minə yaxın həmvətənimiz Osmanlı imperatorluğunun ordusu sıralarında könüllü olaraq döyüşmüş, Türkiyənin ərazi bütövlüyü uğrunda gedən bu qanlı döyüşlərdə şəhid olmuşdur!
* 1918-ci ilin martında daşnak S.Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı soyqırımı torədilmiş, 30 mindən çox həmvətənimiz Bakı, Quba, Şamaxı və digər ərazilərdə qətlə yetirilmişdir!
Nuru Paşanın rəhbərliyi ilə köməyə gələn türk qardaşlarımız Qafqaz İslam Ordusunun vasitəsilə paytaxt Bakını erməni-bolşevik işğalından azad etmiş, düşmənə sarsıdıcı zərbələr vurmuş, Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin Gəncədən Bakıya köçməsinə şərait yaratmışdır.
Bu dostluğun təmizliyini və dürüstlüyünü sübut edən daha bir maraqlı fakt:
1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər Azərbaycan hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.
Qardaş müraciətinə cavab verən Nəriman Nərimanov borc kimi yox, Azərbaycan xalqının yardımı kimi ilk olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərir.
1921-ci ildə Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəliyi götürmüşdü.
1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən 9 min tondan çox kerosin və 350 ton benzin yardımı edilib.
Həmçinin 1921-ci ildə Nərimanov Azərbaycan xalqı adından Türkiyəyə 500 kq qızıl göndərmişdi. Türkiyədə bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi.
Daha sonra Nərimanov 10 milyon qızıl pulu Ankaraya göndərmişdi. Bu yardımlar sayəsində Türkiyədə döyüş içində olan ölkənin vəziyyəti xeyli düzəlmişdi.
Azərbaycanın Qurtuluş savaşı aparan qardaşına göndərdiyi bütün bu pul, yanacaq və digər ləvazimatlar borc yox, yardım idi!
...Mustafa Kamal Paşa Nəriman Nərimanova məktub yazaraq, yardımlarına görə təşəkkürünü bildirir, amma bu dəfə borc kimi yenə də pul və yanacaq istəyir. Nəriman Nərimanov isə ona belə cavab verir: “Paşam, türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir”.
Dövlətlərini yüksəldənlər və gücləndirənlər
Dünya gücləri heç zaman nə Türkiyənin güclənməsini, nə də Azərbaycanın bir dövlət kimi müstəqilliyini istəmiş, imkanları çatan yerə qədər buna mane olmağa çalışmışlar.
Hərdən buna nail ola bilmişlər.
Kənardan gücləri çatmadıqda isə ölkəni içəridən qarışdırmış, “parçala, hökm sür” siyasəti yeritmiş, dövləti özlərindən asılı vəziyyətdə saxlamağa çalışmışlar.
Kədərli bir fakt.
Ötən əsrin doxsanıncı illərində, AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Azərbaycan özünün ən ağır günlərini yaşayırdı. Ölkə xaos və anarxiya bataqlığında boğulur, Ermənistan vəziyyətdən istifadə edərək ərazilərimizi işğal edirdi. Ağdərə-Kəlbəcər yolunun bağlanması ciddi təhlükə yaratmışdı. Prezident Ə.Elçibəy dinc əhalinin çıxarılması üçün Süleyman Dəmirəldən iki mülki vertolyot istəsə də, ala bilməmişdi...
NATO üzvü olan Türkiyə müstəqil addım ata bilmədiyindən Ə.Elçibəyin xahişi yerinə yetirilməmişdi.
Biz buna görə türk qardaşlarımızdan incimirik...
Ərdoğan Türkiyəsi isə bambaşqadır!
Müasir Türkiyə Azərbaycanın, bütün türk dünyasının sevdiyi, qürur duyduğu dövlət olub!
Bəli, məhz cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə tam müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib!
Lakin bu, asanlıqla başa gəlməyib.
Az vaxtda keçilən yola nəzər salaq.
Hörmətli Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası 2002-ci ildə seçkilərdə qələbə qazanaraq, o vaxtdan Türkiyədə təkbaşına hakimiyyət qurub.
O zamandan indiyədək bütün seçkilərin - 6 parlament, 3 prezident, 4 bələdiyyə seçkilərinin birmənalı qalibi olub. Onun təşəbbüsü ilə keçirilən Konstitusiyaya dəyişikliklə bağlı 3 referendum xalq tərəfindən dəstəklənib.
Ərdoğanın 19 illik hakimiyyəti dövründə Türkiyə:
* güclü iqtisadiyyata, yüksələn rifaha, artan beynəlxalq nüfuza sahib olub;
* dövlətin büdcəsi, xalqın yaşayış səviyyəsi dəfələrlə artıb;
* dünyanın ən güclü 20 iqtisadiyyatına malik ölkələr sırasına qoşulub;
* regional gücdən tədricən qlobal proseslərin təsiredici ölkəsinə çevrilib;
* İraq, Liviya, Suriya, Yaxın Şərq, Aralıq dənizi hövzəsi, son olaraq da Qafqazdakı proseslərdə əsas faktorlardan biri kimi yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayıb;
* dünyanın ən güclü turizm ölkələrindən biri olub;
* hazırda ordusu, hərbi sənayesi dünyanın ən yaxşıları sırasındadır;
* daxili separatizm meyillərinə, PKK terror təşkilatlarına qarşı uğurlu savaş aparır;
* böyük risq və fədakarlıq sayəsində FETO terrorçu şəbəkəsinin “paralel dövləti”ni ləğv edib!
İlham Əliyevin 18 illik prezidentliyi də asan və rahat keçməyib!
Bir yandan erməni işğalı, müxtəlif təhdid və təhlükələr, digər tərəfdən az vaxtda görüləsi çoxsaylı və böyükmiqyaslı işlər...
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müqəddəs vəsiyyətini yerinə yetirərək İlham Əliyevə böyük etimad göstərdi.
Doğrudur, Ümummilli Liderimiz ölkəni məhvolmadan xilas etmiş, ən doğru və etibarlı siyasi inkişaf kursu müəyyən edərək əbədiyyətə qovuşmuşdu.
Lakin...
İlham Əliyev yarımçıq qalan işləri uğurla başa çatdırmalı idi!
Elə ilk sınaq prezident seçkilərinin gecəsi və sonrakı günü - 15-16 oktyabr 2003-cü ildə baş verdi.
Azərbaycanın müstəqilliyini, bir dövlət kimi mövcudluğunu istəməyən qüvvələr “5-ci kolon”un köməyi ilə yenidən ölkədə sabitliyi pozmaq, özbaşınalıq və qanunsuzluq dövrünü geriyə qaytarmaq üçün əməli işə keçdilər!
İlk gündən İlham Əliyev qətiyyətli, cəsarətli, müdrik və uzaqgörən dövlət başçısı olduğunu sübuta yetirdi, daxili və xarici düşmənləri yerlərində oturtdu!
Otuz ildən yuxarı bir dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin “Axilles dabanı” sayılıb, xarici siyasətimizin əsas istiqamətini müəyyən edib.
Prezident İlham Əliyev daim bu incə və həssas məqamı diqqət mərkəzində saxlayıb, gerçəkləşdirdiyi bütün layihələrdə, beynəlxalq miqyasda atdığı hər bir addımda başlıca hədəf kimi götürüb!
Sirr deyil ki, həm beynəlxalq qurum və təşkilatlar, həm də Azərbaycanda maraq güdən bəzi aparıcı dövlətlər bu zəif yerimizdən istifadə yolu ilə müəyyən təzyiq və təsir niyyətinə düşür, bu üsulla öz maraqlarını təmin etməyə çalışırdılar.
Digər bir xoşagəlməz məqam ikili standartların mövcudluğu sayılır.
Əslində buna ədalətin tapdalanması, beynəlxalq hüququn iflic edilərək arxa plana keçirilməsi də demək olar.
Lakin cənab İlham Əliyev iti zəkası, xarizmatik şəxsiyyəti, siyasi uzaqgörənliyi, cəsarət, qətiyyət və polad iradəsi sayəsində bütün çətinliklərə sinə gərməyi, maneələri uğurla dəf etməyi, qladiator kimi döyüşərək hədəf məqsədinə çatmağı bacardı!
İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə:
* milli maraqlara əsaslanan müstəqil siyasət yeridilib;
* Azərbaycan Avropanın enerji təchizatçılarından birinə çevrilib;
* Böyük İpək yolu ideyası gerçəkləşdirilib;
* Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri işə salınıb;
* okeana çıxışı olmayan Azərbaycan qlobal logistika mərkəzinə çevrilib;
* Azərbaycan Cənubi Qafqazın lider dövləti, söz sahibi statusuna yiyələnib;
* nüfuzlu beynəlxalq təşkilatlara sədrlik edən Azərbaycan dostlarının, haqq işinin müdafiəçilərinin sayını əhəmiyyətli dərəcədə artırıb;
* ən nəhayət, 44 günlük müharibə dövründə faşist xislətli düşmənin başını əzərək iki əsrlik münaqişəyə, 27 illik işğala son qoymaqla beş yüz il ərzində ilk dəfə olaraq itirilmiş torpaqları geri qaytarıb!
***
Bir canda iki ürək...
Bir-birinə yüksək məhəbbət və hörmət hissi ilə “Əziz qardaşım” deyə müraciət edən iki dövlət başçısı daim öz dövlətlərinin maraqlarını uca tutan siyasət yürüdür, müstəqil düşünüb, müstəqil qərarlar qəbul edir, heç bir təhdid və təzyiq cəhdi qarşısında geri durmurlar!
Kimsə biri olmayan yerdə digərinin yanında onun arxasınca danışmağa cəsarət etməz.
Belə hal baş verərsə, dərhal cavabını alar, ağzından vurular!
Azərbaycan daim Türkiyənin maraqlarını nəzərə alır, karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında, transmilli layihələrinin gerçəkləşdirilməsində üstünlüyü qardaş dövlətə verir.
Türkiyə isə ordu quruculuğunda ən müasir silahlarla təchizatda, hərbi kadrların hazırlanmasında Azərbaycana yaxından kömək göstərdi, Dağlıq Qarabağ münaqişəsinin həllində daima və bütün məsələlərdə yanımızda oldu, bunu bütün səviyyələrdə ucadan bəyan etdi, xəbərdarlıq mesajları ünvanladı.
Çox xoş və qürurdoğurucu haldır ki, 10 dekabr 2020-ci ildə Bakıda keçirilən möhtəşəm Zəfər paradında bir millət, iki dövlətin dost və qardaş rəhbəri təntənəli paradı tribunada yanaşı dayanaraq qəbul edirdilər!
***
İki dost, görkəmli dövlət xadimi bir-birləri haqqında da dəyərli fikirlər söyləmişlər.
İki nümunəni təqdim edirik:
Rəcəb Tayyib Ərdoğan:
* “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”.
* “Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər faciəyə baxmayaraq, dayanıqlı sabitlik üçün təqdirəlayiq bir mövqe ortaya qoymaqdadır. Cənab Prezidentin bu xoşniyyətli cəhdlərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini arzu edirik. Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.
İlham Əliyev:
* “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz Qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların maraqlarını müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir”.
* “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.
***
Müdrik atalar sözü var: dostunu mənə göstər, kim olduğunu sənə deyim!
Atanı, qardaşını, əmini, dayını... yox, məhz dostunu!
Maraqlıdır, deyilmi!
Yəqin ki, dostun kimdir deyəndə cənab İlham Əliyev birinci hörmətli Rəcəb Tayyib Ərdoğanı və ya əksinə, Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi göstərir!
Hər ikisi də doğrudur və haqlıdırlar!
Həm də bu dostluq və mehribanlıq təkcə bu iki görkəmli şəxsiyyətə deyil, Türkiyə və Azərbaycan xalqına da hava, su kimi gərəkdir!
Bu dostluq, qardaşlıq Şuşa səfərində daha da möhkəmlənəcək və müqəddəs örnəyə çevriləcəkdir!
Tanrı hər ikisini qorusun, bəd nəzərlərdən uzaq etsin!
Bəxtiyar SADIQOV