Futbol üzrə XXIII Dünya Çempionatı 11 iyun - 19 iyulda təşkil ediləcək. Yarış ABŞ-nin 11, Meksikanın 3 və Kanadanın 2 şəhəri olmaqla ümümilikdə 16 şəhərdə keçiriləcək.
ABŞ-də matçlar Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York, Filadelfiya, San-Fransisko və Sietldə təşkil olunacaq.
Meksika Dünya Çempionatında Qvadalaxara, Mexiko və Monterrey şəhərləri ilə təmsil edilir. Kanadada isə millilər Toronto və Vankuver şəhərlərində yarışacaqlar. Mundialda planlaşdırılmış 80 oyundan 60-ı ABŞ-də, digər 20 oyun isə Meksika və Kanadada baş tutacaq.
2026 FİFA Dünya Kuboku üç ölkə tərəfindən ortaq təşkil edilən və iştirakçı sayı 32 komandadan 48-ə yüksəldilən ilk turnir olacaq. Bu barədə qərarı FİFA prezidenti Canni İnfantino 2018-ci il iyunun 12-də təşkilatın Moskvada keçirilən konqresində elan etmişdi.
Dünya çempionatının Meksika ilə Cənubi Afrika Respublikası arasında keçiriləcək açılış oyunu iyunun 11- də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Final isə 19 iyulda Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək.
İyunun 14-də keçiriləcək Avstraliya – Türkiyə qarşılaşması Bakı vaxtı ilə 08:00-da başlayacaq. Türkiyə millisinin 2-ci turda Paraqvayla oyunu da səhər saat 08:00-da start götürəcək. 3-cü turdakı ABŞ-yə qarşı matç isə iyunun 26-da 06:00-da baş tutacaq.
Qruplarda birinci və ikinci yeri tutan komandalar, eləcə də üçüncü yeri tutan ən yaxşı 8 komanda (ümumilikdə isə 32 milli) 1/16 finala vəsiqə qazanacaq.
Hazırladı:
Rizvan CƏFƏROV,
“Azərbaycan”