02 Fevral 2022 00:55
1741
CƏMİYYƏT
A- A+

Ən gənc QƏHRƏMAN

 

Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubovun fəxarətli və örnək dolu döyüş gündəliyi

 

O, həyatda heç zaman yadından çıxmayacaq, ölümün bir addımlığında olduğu və döyüşçü kimi taleyinin dəyişdiyi savaş səhnəsini Xocalının Sığnaq kəndində yaşamışdı...

O gün gənc əsgər heç bilmirdi ki, neçə saatdır sayıqlıqla meşənin ortasından  qıvrıla-qıvrıla uzanan yolun mühafizəsini çəkir. Bircə onu bilirdi ki, artıq günəş əyilir, axşamın toranı çökür, amma ondan arxa mövqedə olan döyüşçü yoldaşlarının düşmənlə günortadan başlayan atışması hələ də davam edir...

Qəfildən başını çevirəndə isə üzərində iriçaplı pulemyot olan ağ rəngli bir “Pikap”ın meşənin içərisindən arxa-arxaya yola çıxdığını görür. Amma maşının üzərindəki döyüşçünün geyiminin oxşarlığından bir anlıq tərəddüdə düşür, gələnlərin özününkülərmi, düşmənmi olmasını dəqiq kəsdirə bilmir. Və elə o bir anda beynindən minlərlə güman keçir, şübhə yaranır: ya bilmədən öz döyüşçülərini vuraraq, Vətən xaini olacaqdı, ya da vurmayaraq onlardan arxada vuruşan döyüş yoldaşlarının düşmən tərəfindən qırılmasına zəmin yaradacaqdı...

İki çıxılmaz yol arasında çırpındığı bu anda maşındakı silahlının gözünü nişangaha qoyub onu vurmaq istəməsi bütün tərəddüdlərinə son qoyur...

Bununla da gənc əsgər saniyələr içərisində düşməndən cəld davranaraq pulemyotla düz onun alnından vurmuş, həm özünün, həm də digər döyüş yoldaşlarının həyatını xilas etmişdi...

Və elə 44 günlük Vətən müharibəmizin həmin günündə göstərdiyi müstəsna cəsarətə, qorxmazlığa, igidliyə görə cəmi 20 yaşı olan gənc əsgər Vüsal Elşən oğlu Yaqubov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdü...

 

Vətən həsrəti ilə böyümüşdü

 

2001-ci il martın 2-də Bakının Əhmədli qəsəbəsində məcburi köçkün ailəsində dünyaya göz açıb Vüsal. Anası Füzulidən, atası Qubadlı rayonunun Yusifbəyli kəndindəndir. O, lap kiçik yaşlarından valideynlərinin bu illər ərzində doğma ocaqlarından ötrü necə həsrət çəkdiklərinin şahidi olmuşdu. Eşitmişdi ki, işğal zamanı Qubadlını ən son tərk edənlərdən biri də Vüsalın atası olmuşdu və o, evlərindən çıxanda qohumlarını ermənilərin necə öldürməsini gözləri ilə görmüşdü. Elə atası da öldürülməkdən, düşmənə əsir düşməkdən birtəhər canını qurtararaq təkbaşına Cəbrayıl rayonuna qədər gələ bilmişdi...

Vüsal daim o dəhşətli anları gözünün önündə canlandırır, ürəyində düşməndən qisas almaq hissi coşurdu...

- Bütün bu yaşananlar ta uşaq yaşlarımdan məndə döyüşçü, hərbçi olmaq arzusu oyadırdı. Məktəbdə oxuduğum dövrdə “Şahin” hərbi oyunları keçirilirdi. Mən məktəbimizdə şagirdlər arasında taqım komandiri kimi seçilirdim və o oyunlarda həvəslə iştirak edirdim. Dərslərlə paralel idmanın cüdo növü üzrə də məşğul olurdum. Yəni hələ erkən yaşlarımdam fiziki hazırlığımı artırır, gələcəkdə yaxşı döyüşçü olmaq üçün bacarıqlarımı inkişaf etdirirdim.

2016-cı il Aprel döyüşləri vaxtı məktəbli idim, amma çox istəyirdim ki, mən də o zaman döyüşçülərimizlə çiyin-çiyinə vuruşum. Ancaq bu, mümkün deyildi. O zaman Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı ordumuz üzərinə düşən şərəfli missiyanı müvəffəqiyyətlə yerinə yetirdi. Cəmi bir neçə gün ərzində düşməni ərazilərimizdən qovaraq, Azərbaycan xalqına böyük zəfərin başlanğıc müjdəsini verdilər. Ali Baş Komandan Aprel zəfəri ilə işğalda qalan digər Vətən torpaqlarımızın da tezliklə azad olunacağının mesajını verdi.

 

Düşmənin bir tabor döyüşçüsünü pusquya salıb məhv etdik

 

2019-cu ildə Vüsal hərbiyə olan hədsiz istəyinə görə, oxuduğu kollecdə (Göyçay rayon İdarəetmə və Texnologiya Kolleci) könüllü olaraq təhsilini dayandırıb hərbi xidmətə yollanır. Bir aydan sonra o, Xüsusi Təyinatlı Qüvvələrin seçimi ilə Cəlilabadda yerləşən N saylı hərbi hissəyə yollanır və əsgəri xidmətini orada davam etdirir. Çox ciddi təlimlərdən keçir, İkinci Qarabağ müharibəsindən 8 ay əvvəl isə, sanki həqiqi döyüşün içərisindədir kimi,  durmadan dağ təlimlərində olur. Amma Vüsal özü də bilmir ki, hələ əsl müharibə onu qarşıda gözləyir...

- Tərxis müddətimə cəmi 4 gün qalmışdı, evə getməyə hazırlaşırdım. Amma qəfildən Vətən müharibəsi başladı və Ali Baş Komandanın “İrəli!” əmri ilə Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölməsinin əsgəri kimi döyüşə yollandım.

Əvvəlcə Goranboy rayonunun Buzluq kəndinə yollandıq, oradan isə istiqamətimiz Kəlbəcərə doğru oldu. 4 gün Kəlbəcər dağlarında yerləşdik, sonra isə yuxarı komandanlıq tərəfindən taktiki dəyişiklik oldu və biz təcili surətdə oradan çıxaraq Beyləqan rayonuna qayıtdıq.

Daha sonra Füzulinin Horadiz qəsəbəsinin postlarından başlayaraq rayonun bir çox kəndini azad etdik. Bu ərazilərdə minalanmış sahələr, düşmən postları çox idi. Bütün çətinliklərə baxmayaraq irəliləyirdik. Adsız yüksəkliklərin birində yarımçıq səngərin içində dincəlmək məqsədi ilə dayandıq. Həmin vaxt gizirimiz dedi ki, tank səsi gəlir, qumbaraatanlar mövqe tutsunlar. Bir qədər sonra qumbaraatanlarımız yaxınlaşan düşmən “Kamaz”ını vurdular. Biz onun sürücüsünü susdurduq, bundan sonra düşmənə sursat və təminat aparan daha iki “Kamaz” gəldi. Bir az ara sakitləşdi, biz mərmilərimizi doldurmağa başladıq. Bu zaman snayperçimiz dedi ki, soldan düşmənin şəxsi heyəti gəlir. Haradasa məsafəmiz 350 metr olardı. Düşmənin döyüşçüləri yol döngəsindən dönürdülər, öndə isə komandirləri irəliləyirdi. Taqım komandirimiz fənd işlədib düşməni “ölü bölgə”yə salmaq üçün pusquya çəkdi və uzaqdan gülləni onların komandirlərinin başına vurdu. Biz isə şəxsi heyətin arxaya qaçmasına imkan vermədik. Minaatanlarımız məsafəni hesablayıb mərmiləri elə atdılar ki, ortalarına düşdü və bir taborun əsgəri məhv oldu.

 

Döyüş gündəliyimin ən qürurlu anı

 

Bu uğurlu döyüşdən sonra Vüsalgilin taqımı xüsusilə seçilir və elə Şuşaya kimi də dəstənin önündə gedir. Füzulinin bir çox kəndini azad edərək rayonun özünə girmədən, əks tərəfdən iki gün palçıqlı sahələrlə yol qət edərək Cəbrayıla çatırlar. Burada da Silahlı Qüvvələrimiz düşməni darmadağın edərək qaçmağa məcbur edir və bayrağımızı Cəbrayıl rayonunun girişində dalğalandırırlar. Daha sonra 14 gün Füzuli uğrunda ölüm-dirim savaşı apararaq rayonun mərkəzini tam azad edirlər və bundan sonra Xocavənd rayonuna doğru istiqamət alırlar.

Vüsalın həyatda heç zaman yadından çıxmayacaq savaş səhnəsi isə Xocalının Sığnaq kəndində olur.

- Həmin kənddə tutduğumuz mövqenin arxasında döyüşçülərimiz düşmənlə atışırdı. Mən isə yolun mühafizəsində idim. Birdən əsgər yoldaşım dedi ki, Yaqubov, bizim formada şəxsi heyət görünür. Dedim ola bilsin ki, bizə kömək gəlir. Sonra isə düşündüm ki, bizə kömək gecə saat birdə gəlib çatacaq, indi o vaxt deyil, saat 17-18 radələridi. Amma yenə də dedim ki, get bax.

Bu zaman başımı sağa çevirəndə gördüm ki, palçıqlı, ağ rəngli bir “Pikap” meşənin içərisindən yola çıxır. Maşının arxasında da iriçaplı pulemyot var idi. Aramızda 40 metr məsafə olardı. Arxadan baxanda üzərindəki döyüşçünün kaskası bizim milli ordunun kaskasına oxşayırdı. Bir anlıq tərəddüd etdim ki, birdən öz döyüşçümüz olar, amma aramızdakı məsafə bir az da azalanda o, məni gördü və dərhal gözünü nişangaha qoydu ki, vursun. Mən ondan cəld davranaraq pulemyotla onun alnından vurdum.

Bu vaxt onun başı pulemyotun üzərinə əyildi, sadəcə əli tətikdə olduğu üçün güllələr gəlib yanıma mövqe üçün qoyduğum dəmirə dəydi, amma qəlpələri məni də tutdu. Buna baxmayaraq silahı susdurmadım, atış vəziyyətində saxladım, düşmənin maşınının içərisindəkilərə xəsarət yetirdim. Daha sonra əl qumbarasını çəkib maşının arxasına atdım və bundan istifadə edib yerdəyişmə etdim, haradasa 10 saniyə sonra onlar mənim çıxdığım yeri RQB qumbaraatanla vurdular.

Sonra bildik ki, məni vuran “Pikap”dan əlavə daha bir “Pikap” da var imiş, onların arxasında isə 11 nəfər şəxsi heyət dayanırmış. Hamısı xüsusi təyinatlılar idi. Mən birinci maşındakıları vurandan sonra digərləri qorxaraq dərəyə qaçmışlar və oradakı taqımımızla atışmışdılar.

Həmin vaxt düşmənin xüsusi təyinatlı alayının 20-yə yaxın döyüşçüsü ilə təkbaşına döyüşdüyümə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüm.

 

“Ölümsüzlər dəstəsi”nin “Amansızlar taqım”ı

 

Vüsalgilin taqımı qəhrəmanlıqla Sığnaq kəndini də azad etdikdən və 4 gün mühafizəsini saxlayıb qüvvələrimizə təhvil verdikdən sonra üz tuturlar Qarabağın baş tacı Şuşanı azad etməyə...

- Daşaltı kəndi istiqamətinə getdik, amma Daşaltıya girmədik və yolun solu ilə gedib meşənin içindən yoldaşlarımla birgə iki gün Laçın dəhlizini müşahidə etdik. O zaman erməni mülki əhalisi Şuşadan çıxırdı, təkər dolu “Kamaz”larsa ora daxil olurdu. Dəhlizin sağından isə torpaq yolla ekskavator səngər qaza-qaza gedirdi. Yol boyu ancaq səngər idi və düşmən onların içində pulemyotçularla qumbaraatanlar yerləşdirmişdi.

Düşmənin ağlına gəlməmişdi ki, biz sıldırımlardan çıxaraq gələ bilərik. Ona görə də ancaq yolu tutmuşdular.

Bir müddətdən sonra Laçın dəhlizindən sol döngəyə hərəkət edəndə düşmən bizi gördü. Onlar bizə artilleriya ilə yaylım atəşi açmağa başladılar. Məcbur olub sıldırımla qalxmağa başladıq. Bu zaman onlar bizi vurmağa başladılar. Amma Allah bizi qorudu, yaralılarımız olsa da, dayanmadıq, üzü Şuşaya doğru qalxdıq.

Şuşaya az qalmış iki təpə var idi, biri alçaq, digəri nisbətən hündür idi. Noyabrın 4-də orada atışma oldu, birinci təpəni götürdük. İkinci təpənin üstü erməni ilə dolu idi. Sonradan onların çoxu Şuşanın mərkəzinə hərəkət etdiyi üçün orada cəmi 4 erməni qaldı, onlar da qumbaraatanlardan atəş açırdılar. Daxili Qoşunlarımızın snayperçisi onları zərərsizləşdirəndən sonra 4 taqım hücum edib təpəni aldıq. Bir taqımımız burada  yerləşdi, qalanlarımız vaxt itirmədən Şuşanın içinə doğru istiqamətləndik.

Noyabrın 6-da biz Şuşaya girəndə əvvəlki bölmələrimiz orada ermənilərin axırına çıxmışdılar. Yolların ətrafı onların cəsədləri ilə dolu idi, amma tək-tük sağ qalan ermənilər də vardı. Biz Bülbülün evinə qədər getdik. Ondan sonra döyüşçülərimiz qalada mövqe tutmaq istəyirdilər ki, tankla oranı vurdular. Əsgər yoldaşlarım yaralansalar da, qətiyyətlə təxliyə olunmaq istəmədilər və döyüşü davam etdirdilər.

Mən özüm də Xocavəndin Böyük Tağlar kəndində yaralanmışdım, lakin bir an da döyüşü dayandırmaq fikrində olmamışdım. Hətta yaralı halda həmin kəndə bayrağımızı özüm sancmışdım.

Qürur mənbəyimiz Şuşanı azad etdikdən sonra istiqamətimiz Şuşakənd, oradan da Xankəndi idi. Amma ermənilər aqibətlərinin çox pis olacağını, tamamilə məhv ediləcəklərini bildikləri üçün kapitulyasiya aktına imza atdılar.

Beləliklə, taqımımız hünərli döyüş yolu keçib sona qədər cəsarətlə çarpışdı, vuruşdu, qazanılan böyük qələbədə payı oldu.

Hələ döyüşə girməmişdən əvvəl təlimdə taqım komandiri bizə ad qoymuşdu - “Ölümsüzlər dəstəsi”nin “Amansızlar taqım”ı. O, bizə demişdi ki, bu taqım döyüşdə öz sözünü deyəcək və doğrudan da dedi.

 

Erməni barbarları əmimi şəhid etdilər

 

5 həftə Şuşada qalan, sonra Cəlilabada qayıdan Vüsal evə gələndə atasının, anasının saçlarının ağardığını görüb, ermənilərin daha bir vəhşiliyinin üzücü xəbərini eşidir. Əmisi Fəxrəddin Yaqubov müharibə bitəndən sonra, 22 noyabrda barbar düşmən tərəfindən vəhşicəsinə öldürülmüşdü.

- Əmim Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlər zamanı ölən və yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını döyüş meydanından çıxaran təcili tibbi yardım avtomobilinin sürücüsü olub. O, noyabrın 22-də Laçın rayonu ərazisində azaraq Ermənistan Ordusunun olduğu əraziyə daxil olub və ermənilər tərəfindən əsir götürülərək öldürülüb. Nəşi noyabrın 30-da Azərbaycan tərəfinə təhvil verilib. Hərbi xidmətdə olduğum üçün ailəm əmimin ölümünü məndən gizlətmişdi.

Hələ də düşmənə qarşı ürəyimdə olan nifrət hissi soyumayıb. Hər an Ali Baş Komandanın əmrini gözləyirəm ki, tarix boyu ermənilərin qəsb etdikləri torpaqlarımızı tam azad etmək üçün döyüşə atılım...

 

Qarabağ zəfərini bizə Ali Baş Komandan qazandırdı

 

- Müharibənin qələbə ilə başa çatması təkcə döyüşçülərin rəşadətinə görə deyil, müdrik rəhbərin, qətiyyətli sərkərdənin bacarığı sayəsində mümkün olur. Qarabağ zəfərini bizə Ali Baş Komandan İlham Əliyevin yüksək komandanlıq qabiliyyəti, səriştəsi qazandırdı.

Hələ Vətən müharibəsinə qədərki müddətdə Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunun inkişafına böyük töhfə verdi, istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir, yüksək döyüş ruhlu şəxsi heyətə malik güclü Silahlı Qüvvələr yaratdı.

Cənab İlham Əliyev tərəfindən orduya göstərilən yüksək diqqət və qayğının təzahürü idi ki, qəhrəman döyüşçülərimiz cəmi 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxardı. O cümlədən də döyüş üçün yüksək səviyyədə yetişdirilən Xüsusi Təyinatli Qüvvələrin döyüşçüləri hərb meydanında öz sözlərini dedilər. Düşmən bizdən çox qorxurdu, xüsusi təyinatlılarımızı görəndə bilirdilər ki, artıq ölümdən başqa yolları yoxdur...

44 günlük Vətən müharibəsində “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Vüsal Yaqubov deyir ki, bu gün bir döyüşçü kimi fəxarətlidir ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi təyinatlılara, ümumilikdə Azərbaycan Ordusuna göstərdiyi yüksək etimadı doğruldublar və burada onun da payı olub.

Gənc əsgər həm də o baxımdan özünü qürurlu hiss edir ki, Ali Baş Komandan əsgər olaraq onu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüb.

Yeganə hüznü isə çiyin-çiyinə vuruşduğu bəzi döyüşçü yoldaşlarının şəhid olmasıdır. Və hesab edir ki, bu gün o sağ-salamat evinə, ata-anasının yanına dönübsə, bu, məhz həmin şəhadətə ucalan qardaşlarının qəhrəmanlığı, sinəsini düşmənə sipər etmələri sayəsində mümkün olub...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video