17 Aprel 2024 08:50
199
SİYASƏT
A- A+

Dünyada münaqişə ocaqlarının sayı artır

 

Bu münaqişəni Cənubi Qafqaza köçürmək istəyən qüvvələr də var

 

Gündən-günə dünya düzəninə yeni gərginliklər əlavə olunur. Məlum ölkələr arasında bu vaxtadək aparılan diplomatik danışıqlar heç bir nəticə vermir. Danışıqlar dalana dirənir və proseslər hərb meydanına keçir. Nəticədə Rusiya-Ukrayna, HƏMAS-İsrail, indi isə İran-İsrail münaqişələri getdikcə alovlanır.
Bu hərbi qarşıdurmalar göstərir ki, hadisələr biz fikirləşdiyimizdən daha ciddidir. İranın İsrailin Suriyadakı konsulluğuna endirdiyi zərbəyə cavab olaraq İsrailə qarşı qisas əməliyyatı keçirməsi, Qərb və Avropa İttifaqının bəyanat verərək İsrailin yanında olduğunu bəyan etməsi, buna cavab olaraq Rusiya və Çinin açıq şəkildə münaqişəyə digərlərinin müdaxilə etdikləri halda İrana lazım olan dəstəyi verəcəklərini bildirmələri qorxulu mətləblərdən xəbər verir. Çünki  iki ölkə arasında baş verən hərbi toqquşma müharibəyə çevrilsə, bu, təkcə Yaxın Şərqlə məhdudlaşmayacaq. Hərbi ekspertlər belə bir hadisə baş verərsə, onun sonradan cilovlanmasının mümkün olmayacağı qənaətindədirlər. İndi bir çox siyasi ekspertlər irəlidə daha qorxulu ssenarilərin icra olunması ehtimalını irəli sürürlər.  Bildirirlər ki, qütbləşmə sayəsində Qərb cəbhəsi ilə Şərq cəbhəsi arasında heç bir dialoq yoxdur və tərəflər bir-birilərinə güzəştə getmək fikrində deyillər. Belə olan halda baş verə biləcək böyük savaşdan nəinki qarşıduran tərəflər, bütün dünya əziyyət çəkə bilər.
Bizim ölkəmizin də bu gərginlikdən rahatsızlığı var. Ən azından o səbəbə ki, bu müharibə Şimal və Cənub sərhədlərimizin yaxınlığında baş verir, üstəlik, savaşın coğrafiyasının genişlənmək ehtimalı yüksəkdir. Qərb, xüsusən Fransanın Ermənistanı ölkəmizə qarşı revanşist müharibəyə sürükləməsi çox narahatedici amildir, baxmayaraq ki, Ermənistanla münaqişə ərazi bütövlüyümüz təmin olunandan sonra bitmişdir. Ermənistan özü də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdir. Qonşu ölkədə sadə xalqın çoxu və ağlı başında olan siyasətçilər mövcud reallıqla barışırlar. Ancaq görünən odur ki, Fransa buna imkan vermək istəmir. Aprelin 5-də ABŞ-Aİ-Ermənistan arasında aparılan açıq və gizli danışıqlar da onu göstərdi ki, Qərb bölgəmizdə əbədi sülhün yaranmasına maraqlı deyil. Əks halda Ermənistana öldürücü hücum silahları ötürülməzdi. Bəli, bu silahlar satılmır, ötürülür, özü də pulsuz-parasız. Çünki qonşu ölkənin öz vəsaiti hesabına ordusunu silahlandırmaq imkanı yoxdur. Belə görünür, Qərb Ermənistanda genişmiqyaslı militarizasiya proqramının həyata keçirilməsinə başlayıb. Artıq bu istiqamətdə Ermənistan ordusunun yenidən qurulması, xüsusi xidmət orqanlarının fəaliyyətinin təşkili və yenidən hazırlanmasına da start verilib.
Sözsüz ki, bu, gələcəkdə Azərbaycana, Türkiyəyə və İrana qarşı yönələcək  hərbi təhdid törədə bilər. Heç kəsə gələcəkdə Ermənistanın İrana qarşı Qərblə birləşməsi məntiqsiz görünməsin. Ermənistanın ona dövlət yaratmağa imkan verən və kömək edən Rusiyaya qarşı tutduğu mövqe hamıya məlumdur. Həttta Ermənistanda elə siyasətçilər peyda olub ki, erməni xalqının başına gələn faciələrdə Rusiyanı günahlandırırlar. Əvəzində Qərbi seçən Hayastan ağaları ilə çox məkrli bir oyuna qoşulub. Yəni regionda böyük siyasi, iqtisadi və hərbi güc olan dövlətlərlə özünü qarşı-qarşıya qoyub. 
Bununla belə, N.Paşinyan son bəyanatında vurğuladı ki, Qərb onlara real təhlükəsizlik təminatı vermir və çıxış yolu Azərbaycanla sülh danışıqları aparıb razılığa gəlməkdir. Bunu bacaracaqmı? Təəssüf ki, Ermənistanın Qərbin ciddi təzyiqi altında  belə bir addım atacağı inandırıcı görünmür. Üstəlik də, bu dövlət yarandığı andan müstəqil siyasət aparmayıb, daha doğrusu, öz günahları ucbatından aparmasına imkan verilməyib.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan tərəfindən Ermənistana heç bir təhlükə, təhdid yoxdur. Ancaq Qərb hər vəchlə özlərinin uydurduğu saxta tezislə bölgədə gərginliyi saxlamaq istəyir. Ermənistan bir məsələni unutmamalıdır ki, əgər Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyata başlasa, onun nəticələri qonşu ölkə üçün çox acınacaqlı olacaq və güvəndiyi Qərb bizi haqlı mövqeyimizdən çəkindirə bilməyəcək, 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirində olduğu kimi.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video