24 Oktyabr 2026 09:20
183
Mədəniyyət
A- A+
Dostluğu ruhunda yaşadan adam 

Dostluğu ruhunda yaşadan adam 


İnsan yaşlaşdıqca, zirvələrin soyuğunu daddıqca və yaxınlarını torpağa tapşırdıqca yalnız bircə sığınacaq axtarır: uşaqlığının saf, təmiz, heç nə ilə ləkələnməmiş ağuşunu…

Yadımdadır, bir dəfə öz həyat yolunu vərəqləyəndə olduqca kövrək, ürəyinin lap dərinliyindən süzülüb gələn o sözləri yazmışdın: balaca Veravul kəndindəki o daxmadan, gözünə bütöv bir kainat kimi görünən o kiçik həyətdən səni Lənkəranın böyük həyatına valideynlərin - xüsusilə anan, unudulmaz pedaqoq Firuzə xanım çıxarmışdı, Lənkərandan isə bütöv bir ölkəyə və dünyaya səni Ulu Öndər Heydər Əliyev kimi nəhəng bir şəxsiyyət bəxş etmişdi. 

Biri heç bir sözə ehtiyacı olmayan müqəddəs Ana, digəri isə bütöv bir nəslin çiynində mənəvi haqqı olan Böyük Öndər.

Firuzə müəllimə tək sənin anan deyildi, Hadı. Mənim anamla qarşılaşanda gülərək dediyi o söz bu gün də qulaqlarımda cingildəyir: "Elə bilirəm Hüseynbala sənin yox, mənim övladımdır. O, Hadının doğma qardaşıdır". Biz belə böyümüşük. İki ayrı evin çörəyini bir süfrədə böldük, iki ayrı ocağın istisində, amma birgə  qızındıq. Uşaqlıq elə bir sirli dünyadır ki, orada nə rütbə var, nə şöhrət həsrəti, nə də sabahın qorxusu. Bizim onda bütöv sərvətimiz Lənkəranın rütubətli doğma torpağı, Xəzərin duzlu mehi və 2 nömrəli şəhər məktəbinin taxta partaları idi…

Cəmi on iki yaşımız vardı. Hələ uşaq idik, amma içimizdəki qürur bizi vaxtından əvvəl böyütmüşdü. Ailəmizə yük olmamaq, dəftər-qələmimizi, məktəb ləvazimatlarımızı öz zəhmətimizlə almaq üçün kişi kimi işləyirdik. Dərsdən sonra gün-güzəran dalınca Lənkəranın çörək zavoduna qaçmağımız, isti çörək qoxusunun içində işləməyimiz dünənki kimi gözümün önündədir. O çörək zavodu təkcə bir müəssisə deyildi, bizim üçün həyatın ilk sərt, amma ən şərəfli akademiyası idi. Orada halal zəhmətin tamını daddıq, orda anladıq ki, tər tökmədən qazanılan çörəyin bərəkəti olmur.

Bəzən bərk küsərdik də. Uşaqlıq inadı, dəliqanlılıq... Bir dəfə "Spartak" kinoteatrının qabağındakı qələbəliyin içində nədənsə sözümüz çəp gəldi, bərk dalaşdıq. Amma sənin o böyük, dupduru ürəyində kin deyilən qara tikanın kök salması qeyri-mümkün idi. Cəmi bir saat keçməmişdi ki, küçənin o biri başında qarşılaşdıq, heç nə olmamış kimi qollarımızı bir-birimizin boynuna doladıq və Lənkəranın küçələrini yenə birgə addımlamağa başladıq. O kinoteatrın divarları, o daş döşənmiş küçələr bizim o saf addımlarımızın səsini hələ də öz yaddaşında saxlayır.

Hansı tədbirdə, hansı məclisdə olsaq, gözlərim qeyri-ixtiyari səni gəzir. Əsərlərim əsasında səhnələşdirilən  tamaşalarımın premyeralarında sən həmişə ön sırada oturardın, məni ilk təbrik edən sən olardın… 

Bizə əbəs yerə "qoşa qanad" demirdilər axı. Sənin dəfn günündə dostumuz Fəzail İbrahimlinin göz yaşları içində dediyi o söz ömrümün qalan hissəsinə vurulan bir möhür oldu: "Siz qoşa qanad idiniz, indi o qanadın biri qırıldı. Hüseynbala, bundan sonra o tək qanadı qorumaq sənin taleyinə düşür..." İnan, qanadı qırıq yaşamaq çox çətin, çox ağır  imiş, Hadı... 

Tez-tez yuxularıma gəlirsən, həmişə də gülər üzünlə, şirin zarafatlarınla… Bu yaxınlarda yenə səni yuxuda görmüşəm. Mənə deyirdin ki, sentyabrın 9-da evlilik ildönümümdü, gələrsən, gözləyəcəyəm… 

Sənin taleyində dönüş nöqtəsi olan o günü - 1972-ci ilin 4 iyul tarixini heç vaxt unuda bilmərəm. Bakıda, Mərkəzi Komitənin binasında Heydər Əliyevin qəbulunda idin. Biz hamımız - doğmaların, dostların intizarla səndən gələcək xəbəri gözləyirdik. Həmin gün sənə Lənkəran Şəhər Komsomol Təşkilatının rəhbərliyi kimi böyük bir etimad göstərildi. Ulu Öndərin həmin görüşdə dediyi "Sənə böyük etimad göstərilir, gərək düz olasan, təmiz olasan, halallıqla işləyəsən" nəsihəti sənin bütün ömrünün kompasına çevrildi. Qəbuldan çıxandan sonra gözlərində parlayan o işığı xatırlayıram. Və sən o gün halallıqla, təmizliklə bağlı Ulu Öndərə və özünə  verdiyin sözü ömrün boyu heç vaxt pozmadın.  

Mənim hər önəmli günümdə - sevincli-kədərli  anlarımda  tələm-tələsik özünü yanıma çatdırmağın, ən əziz qardaş kimi yanımda əyləşib duyğularımı bölüşdüyünü necə unuda bilərəm? Sən dostluğun nə olduğunu kitablardan əxz etməmişdin, dostluğu qanında-canında, ruhunda daşıyan, yaşadan doğma adam idin.

Sənin 15 yaşında çörək zavodunda fəhləlikdən başlayan yolun rəhbər vəzifələrə qədər davam etdi. Mərkəzi Komitədə məsul vəzifə, ardınca Şəki kimi qədim və mürəkkəb bir diyarda Şəhər Partiya Komitəsinin birinci katibi təyinatı, sonra Milli Məclisin deputatı… Bu gün də şəkililər sənin adını ehtiramla, minnətdarlıqla çəkirlər. Çünki getdiyin hər yerdə can yandırırdın, gördüyün hər işə ürəyini qoyurdun.

Sən təkcə böyük bir dövlət xadimi deyildin, sən həm də daxilən cəsarətli qələm adamı idin. Təhsilin, dünyagörüşün səni həmişə sözün məsuliyyətini dərk etməyə yönəldirdi. "Bakı", "Vışka" qəzetləri ilə əməkdaşlığın, Nəsir İmanquliyev kimi ustadlardan aldığın dərslər, 70-ci illərin sonunda "Bakinski raboçiy" qəzetinin bölgə müxbiri kimi fəaliyyətin sənin ictimai fəaliyyətinə xüsusi bir sanbal gətirmişdi. Sən Azərbaycanın ilk siyasi elmlər namizədi idin. Doqquz kitabın, yüzlərlə elmi və publisistik məqalən bu gün də tələbələrin masasındadır. "Günəş simamızı, elm isə ruhumuzu işıqlandırır" sözünü tez-tez təkrar edərdin və həqiqətən də, o elmin işığı sənin hər çıxışında, hər qərarında hiss olunurdu.

…Parlamentdə keçirdiyimiz o on beş ili xatırlayıram. Sən Milli Məclisdə qanunvericilik fəaliyyətinin mühərriki idin. Tribunaya qalxanda zalda tamamilə fərqli bir atmosfer yaranırdı. Bəzən reqlamenti unudurdun, çünki qəlbin dövlətçilik qayğıları ilə, sosial problemləri olan  insanların dərdiylə dolub-daşırdı. 1995-ci ildən 2020-ci ilə qədər parlamentin ən işgüzar, ən prinsipial simalarından biri idin.  

Təsadüfi deyil ki, Vətən qarşısındakı bu fədakarlığın dövlətimiz tərəfindən "Şərəf", "Şöhrət" və "Vətənə xidmətə görə" kimi ən ali təltiflərlə qiymətləndirilmişdi.

…1990-cı illərin əvvəllərində respublikamızın başı üstünü qara buludlar alanda, torpaqlarımız işğala məruz qalanda sən yenə yükün ağırını çiyninə götürmüşdün. Nazirlər Kabinetində qaçqınların və məcburi köçkünlərin dərdləri, sosial qayğıları ilə birbaşa məşğul olurdun. Hər gün neçə-neçə yurd-yuvasız qalmış, gözü yaşlı insanın dərdini dinləyib onların fəryadını beynəlxalq təşkilatların kürsülərinə daşımaq böyük ürək istəyirdi…  

Əziz dostum, sən başqalarının ağrısını öz ürəyinə yığan adam idin.

2024-cü ilin 17 aprel səhərində o böyük ürəyin tab gətirmədi.  O ürək yetmiş altı il boyunca dostların sevinci, millətin qayğısı, didərginlərin fəryadı üçün döyünmüşdü. O qədər yükə hansı ürək axıra qədər tab gətirə bilərdi?

Amma ən böyük təsəllin o oldu ki, sən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan o möhtəşəm Zəfəri gördün. İllərlə dərdini çəkdiyin, çadır şəhərciklərində əlini sıxdığın o köçkünlərin doğma Şuşaya, Laçına, Füzuliyə qürurla qayıdışına şahidlik etdin. Gözlərindəki o zəfər sevincini xatırlayıram; o anlarda sən sanki dünyadakı ən böyük mükafatını almışdın. Həyat missiyasının tamamlandığını hiss edən bir insanın dincliyi vardı simanda…

Vəfatından bir neçə gün əvvəlki o telefon danışığımız hələ də beynimdə əks-səda verir. Gülə-gülə, tükənməz şuxluğunla deyirdin: "Hüseynbala, şənbə günü hamını yığıram, gözəl bir məclis quracağıq. Özü də bu dəfə hər şey mənlikdir ha, heç kim əlini cibinə atmasın!"

Həmin şənbə günü doğrudan da hamı yığışdı, dostum... Amma sənin o bərəkətli süfrənin arxasına yox, dəfn mərasiminə…  

İndi də ailənlə - ağıllı, tərbiyəli övladlarınla tez-tez görüşürəm. Onların baxışlarında səni görürəm. Məni qucaqlayıb "Sən atamızın yadigarısan" deyəndə boğazımda düyünlənən qəhəri gizlətmək üçün üzümü yana çevirirəm. Onlara baxdıqca özündən sonra necə təmiz, necə şərəfli bir ad qoyub getdiyini bir daha dərk edirəm. 

Məzarını ziyarətə gedəndə başdaşından boylanan nurlu simana baxıram. O anlarda aramızda səssiz dialoq olur, sənin üçün necə darıxdığımı anlayıram…

Xalq şairi Zəlimxan Yaqubun vaxtilə əziz dostunun xatirəsini anarkən yazdığı şeir sanki bizim də mənəvi qardaşlığımıza, sarsılmaz dostluğumuza işıq tutur: 


Dost itirən fağırlardan, fağırdı.

Yetim qalan yoldu, izdi, cığırdı,

Sənsiz qaldı çölüm, düzüm, çəmənim… 

Dostum varsa, çoxdan çoxam dünyada,

Dost sarıdan nəfsi toxam dünyada.

Sən yoxsansa, mən də yoxam dünyada,

Nə ruhum var, nə canım var, nə tənim.


Sənsiz qeyd etdiyimiz doğum günündə 70 illik bir yol yoldaşın, qardaşın kimi sənə qəlbimdən qopanları ünvanlandırıram, inanıram ki, eşidirsən, çünki sənin ruhunun  təkcə yuxularda yox, həyatda da yanımda olduğuna əminəm.

Ruhun şad olsun, mənim dağ vüqarlı, bəyaz saçlı, işıqlı dostum. Sən şərəfli ömür sürdün, özündən sonra da heç vaxt unudulmayacaq insanlıq, mərdlik və sədaqət dastanı qoyub getdin. Və nə qədər ki mən varam, nə qədər ki səni sevən dostların bu həyatda nəfəs alır, o dastan vərəqlənəcək, nurlu xatirən qəlbimizdə daim əbədi bir məşəl kimi alovlanacaq. 


Hüseynbala MİRƏLƏMOV,

yazıçı-dramaturq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!