24 Oktyabr 2026 09:40
195
İQTİSADİYYAT
A- A+
Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  


İqlim dəyişmələri, su ehtiyatlarının azalması, ətraf mühitin çirklənməsi və təbii resursların səmərəli idarə olunmaması müasir dünyanı ən çox rahatsız edən problemlərdəndir. Süni intellekt isə bu problemlərin həllində çox mühüm vasitəyə çevrilir. Bu baxımdan Azərbaycan üçün "yaşıl transformasiya" ilə rəqəmsal inkişaf istiqamətlərinin birləşdirilməsi yeni imkanlar açır.

Uzun illər ətraf mühitin mühafizəsi əsasən insan müşahidələrinə, laboratoriya tədqiqatlarına və ənənəvi monitorinq üsullarına əsaslanırdı. Lakin iqlim dəyişmələrinin sürətlənməsi və ekoloji proseslərin mürəkkəbləşməsi daha çevik, dəqiq və qabaqlayıcı həllərə ehtiyacı artırır. Məhz burada süni intellektin imkanları ön plana çıxır. Böyük həcmdə məlumatların qısa müddətdə təhlilini aparmaq, mürəkkəb proseslər arasında əlaqələri müəyyənləşdirmək, gələcək dəyişiklikləri proqnozlaşdırmaq və mümkün risklər barədə əvvəlcədən xəbərdarlıq etmək süni intellektin mühüm üstünlüklərindəndir. Məsələn, peyk görüntülərini, meteoroloji göstəriciləri və torpaq sensorlarından alınan məlumatları birlikdə təhlil edən süni intellekt sistemləri meşə yanğınları riskini qiymətləndirə, quraqlıq ehtimalını proqnozlaşdıra, torpağın deqradasiyasını izləyə və kənd təsərrüfatında su sərfiyyatını optimallaşdıra bilir.

Ekoloji idarəetmənin xarakterində də mühüm hadisələr baş verir: süni intellekt sayəsində problemlərin nəticələrini aradan qaldırmağa yönəlmiş ənənəvi yanaşmadan riskləri əvvəlcədən müəyyənləşdirən və onların qarşısını almağa çalışan idarəetmə modelinə keçmək mümkün olur. Azərbaycan kimi müxtəlif iqlim zonalarına, zəngin biomüxtəlifliyə və fərqli təbii landşaftlara malik ölkələr üçün bu potensial xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın ekoloji gündəliyində su ehtiyatlarının qorunması, Xəzər dənizinin ekosistemi, atmosfer havasının keyfiyyəti, torpaq ehtiyatlarının idarə olunması və bərpaolunan enerjiyə keçid mühüm yer tutur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu il iyunun 5-də Dünya Ətraf Mühit Günü ilə bağlı rəsmi müraciətində ölkədə daşqın və quraqlıq hadisələrinin artması, su qıtlığının region üçün ciddi problemə çevrilməsi və Xəzər dənizinin səviyyəsinin minimuma yaxınlaşması xüsusi vurğulanıb. 

Bu problemlərin həllində süni intellekt bir neçə istiqamətdə praktik fayda verə bilər. Su ehtiyatlarının ağıllı idarə olunması, Azərbaycanda suyun kənd təsərrüfatı, sənaye və məişətdə səmərəli istifadəsi mühüm vəzifələrdəndir. Süni intellekt isə çayların axınını, yağıntı göstəricilərini, su anbarlarının doluluğunu və torpağın rütubətini təhlil edərək suya olan tələbatı daha dəqiq proqnozlaşdırır, "ağıllı suvarma sistemləri" bitkilərin real ehtiyaclarına uyğun su verilməsinə, israfın və əməliyyat xərclərinin azaldılmasına imkan yaradır.

Xəzərin səviyyə dəyişiklikləri, sahilyanı ərazilərin vəziyyəti, çirklənmə və biomüxtəlifliyə təsirlərin öyrənilməsi üçün peyk müşahidələri ilə süni intellekt modellərinin birləşdirilməsi perspektivli yanaşmadır. Bu texnologiyalar sahil xəttində dəyişiklikləri izləməyə, mümkün çirklənmə əlamətlərini aşkarlamağa və ekoloji risklərin qiymətləndirilməsini təkmilləşdirməyə kömək edəcək.

Sensorlar, meteoroloji məlumatlar və nəqliyyat axınları əsasında çalışan analitik modellər çirklənmənin yüksək olacağı əraziləri və vaxt intervallarını proqnozlaşdırmaq imkanına malikdir. Azərbaycanda artıq avtomatik hava monitorinqi stansiyalarından istifadə olunur. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 15 oktyabr 2026-cı ildə Bakıda və ümumilikdə Abşeronda transsərhəd tozlanma ilə bağlı məlumatı məhz bu stansiyalardan əldə edilmiş göstəricilərə əsasən açıqlamışdır. Növbəti mərhələdə belə məlumatların süni intellektlə təhlili xəbərdarlıq sistemlərinin imkanlarını genişləndirə bilər. 

Dronlardan və peyklərdən alınan təsvirlərin avtomatik emalı qanunsuz ağac kəsilməsinin, bitki örtüyündə dəyişikliklərin, yanğın risklərinin və ekosistemlərdə baş verən mənfi tendensiyaların daha operativ müəyyənləşdirilməsinə şərait yaradır. Günəş və külək-elektrik stansiyalarının səmərəliliyi isə hava şəraitindən birbaşa asılıdır. Süni intellekt hava proqnozlarını və enerji istehlakı göstəricilərini birləşdirərək elektrik istehsalının planlaşdırılmasını, enerji şəbəkəsində yüklərin balanslaşdırılmasını və texniki nasazlıqların qabaqcadan aşkarlanmasını dəstəkləyə bilər. Bu imkanların reallaşması keyfiyyətli məlumat bazalarının, elmi potensialın və uyğun idarəetmə mexanizmlərinin formalaşdırılmasından çox asılıdır.


Dövlət siyasətində "yaşıl" və rəqəmsal transformasiya


Son illər Azərbaycanda həm ekoloji dayanıqlılıq, həm də rəqəmsal texnologiyaların inkişafı dövlət siyasətinin strateji istiqamətləri kimi müəyyənləşdirilib. 2021-ci ildə qəbul edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində beş əsas prioritetdən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi təsbit olunub. Burada təbii resurslardan səmərəli istifadə, ətraf mühitin qorunması və "yaşıl enerji" istehsalının genişləndirilməsi əsas hədəflər sırasındadır. 

Bu siyasətin davamı olaraq 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Həmin il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi etməsi ölkədə iqlim gündəliyinin beynəlxalq müzakirələrlə əlaqələndirilməsinə əlavə imkanlar yaradıb. 

Rəqəmsal inkişaf istiqamətində mühüm addımlardan biri də 19 mart 2025-ci ildə "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsidir. Strategiya süni intellekt ekosisteminin inkişafını, məlumatların idarə edilməsinin təkmilləşdirilməsini, bu sahədə yüksək hesablama infrastrukturunun qurulmasını, ixtisaslı kadrların hazırlanmasını və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Sənəddə süni intellektdən məsuliyyətli istifadə, fərdi məlumatların qorunması və müvafiq hüquqi mexanizmlərin hazırlanması da diqqət mərkəzindədir. 

Bu iki strateji istiqamətin əlaqələndirilməsi Azərbaycanda ekoloji idarəetmənin yeni texnoloji mərhələyə keçməsi üçün əsas yaradır. Məsələn, süni intellekt üzrə yaradılan hesablama infrastrukturu və milli tədqiqat potensialı gələcəkdə iqlim modelləşdirilməsi, enerji səmərəliliyi, su resurslarının proqnozlaşdırılması və ekoloji monitorinq həllərinin inkişaf etdirilməsinə yönəlir. Burada vacib məqam ondan ibarətdir ki, ümumi süni intellekt strategiyasının qəbul edilməsi ekoloji sahədə bütün tətbiqlərin həyata keçirilməsi demək deyil. Növbəti vəzifə mövcud strateji çərçivənin konkret sahəvi layihələrə və ölçülə bilən ekoloji nəticələrə çevrilməsidir.

Hazırda Azərbaycan hökuməti müvafiq strategiyanın icrası çərçivəsində məsuliyyətli və etik süni intellekt, risklərin idarə olunması, fərdi məlumatların mühafizəsi və yüksək hesablama infrastrukturu istiqamətində sənədlər hazırlayır. Bu, süni intellektin müxtəlif sahələrdə tətbiqi üçün institusional bazanın formalaşdırılması baxımından əhəmiyyətlidir. 


Azərbaycanın "yaşıl rəqəmsallaşma" təşəbbüsü


Azərbaycanın ekologiya ilə rəqəmsal texnologiyalar arasında əlaqəni beynəlxalq səviyyədə gündəmə gətirməsinin mühüm nümunələrindən biri COP29 çərçivəsində həyata keçirilən təşəbbüslərdir. 2024-cü il noyabrın 16-da Bakıda COP tarixində ilk dəfə Rəqəmsallaşma Günü təşkil edildi. Azərbaycan sədrliyinin təşəbbüsü və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçirilən tədbirdə "Yaşıl Rəqəmsal Fəaliyyət haqqında Bəyannamə" (Declaration on Green Digital Action) qəbul olundu.

Bəyannamə rəqəmsal texnologiyalardan iqlim dəyişmələrinə qarşı mübarizədə istifadəni, enerji səmərəliliyinin artırılmasını, dayanıqlı rəqəmsal infrastrukturun qurulmasını, ekoloji məlumatlara əsaslanan qərarların qəbulunu və texnologiyaların özünün ətraf mühitə mənfi təsirlərinin azaldılmasını təşviq edir. COP29-un yekununda bəyannamə 75 ölkə və 1170-dən çox qeyri-dövlət qurumu tərəfindən dəstəkləndi. Bu təşəbbüsün əhəmiyyəti ondadır ki, o, rəqəmsallaşmanı və ekoloji dayanıqlılığı bir-birindən ayrılmış proseslər kimi deyil, qarşılıqlı əlaqədə olan inkişaf istiqamətləri kimi təqdim edir. Azərbaycan üçün COP29-un bu irsinin davam etdirilməsi "yaşıl texnologiya"lar üzrə beynəlxalq tərəfdaşlıqların, elmi əməkdaşlığın və yerli innovasiya layihələrinin inkişafına yol açır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın "yaşıl" və rəqəmsal transformasiyasının birləşdirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası kimi inkişaf etdirilməsi, "ağıllı şəhər" və "ağıllı kənd" yanaşmalarından istifadə, enerji səmərəliliyi infrastrukturunun qurulması bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır.

Gələcəkdə süni intellektin bu infrastruktura daha geniş inteqrasiyası yaşayış məntəqələrində elektrik enerjisinin tələbat əsasında paylanmasına, su itkilərinin müəyyənləşdirilməsinə, tullantıların toplanma marşrutlarının optimallaşdırılmasına və ətraf mühitin real vaxt rejimində monitorinqinə xidmət edəcək. Beləliklə, "ağıllı şəhər" konsepsiyası resursların daha qənaətli istifadəsini əhatə edən kompleks idarəetmə modelinə çevrilə bilər. Burada əsas məqsəd texnologiya vasitəsilə insanların həyat keyfiyyətinin yüksəldilməsi və təbiətə mənfi təsirlərin azaldılması olmalıdır.


Süni intellektin ekoloji paradoksu


Süni intellektin ekologiya sektoruna gətirdiyi misilsiz imkanlarla yanaşı, onun yaratdığı yeni çağırışları da nəzərə almaq zəruridir. Süni intellektin işləməsi üçün istifadə olunan məlumat mərkəzləri, yüksək hesablama gücünə malik serverlər və digər rəqəmsal infrastrukturlar böyük həcmdə enerji tələb edir. Bundan əlavə, bəzi məlumat mərkəzlərində avadanlığın soyudulması üçün sudan istifadə olunur. Elektron avadanlıqların istehsalı üçün tələb olunan xammal, onların istismar müddətinin başa çatmasından sonra yaranan elektron tullantılar və təchizat zəncirindəki emissiyalar da ekoloji təsir yaradır. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) süni intellektin ekoloji təsirlərinin yalnız onun istifadəsi zamanı deyil, məlumatların hazırlanmasından avadanlıqların istehsalına və utilizasiyasına qədər bütün həyat dövrü üzrə qiymətləndirilməsinin vacibliyini vurğulayır. 

Digər çağırış məlumatların keyfiyyəti ilə bağlıdır. Süni intellekt sistemlərinin natamam, köhnəlmiş və ya qeyri-dəqiq ekoloji məlumatlar əsasında hazırlandıqda yanlış proqnozlar verməsi mümkündür. Bu isə su ehtiyatlarının bölüşdürülməsi, təbii fəlakətlərə hazırlıq və digər həssas istiqamətlərdə ciddi nəticələr doğurar. Buna görə də süni intellekt elmi qərarların qəbulunu dəstəkləyən vasitə kimi tətbiq edilməlidir.

Azərbaycanın mövcud strateji sənədləri, rəqəmsal inkişaf gündəliyi və ekoloji prioritetləri bu sahədə daha sistemli fəaliyyət üçün ilkin əsaslar yaradır. Lakin süni intellektin potensialının real ekoloji nəticələrə çevrilməsi üçün dövlət qurumlarının, universitetlərin, elmi-tədqiqat institutlarının, texnologiya şirkətlərinin və özəl sektorun birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər söyləyirlər ki, gələcəyin dayanıqlı inkişaf modeli "ağıllı texnologiyalar"ın yaradılması və həmin texnologiyalardan təbiətin və insanın rifahı naminə daha məsuliyyətlə istifadə üzərində formalaşacaq. Süni intellektin ən böyük uğuru isə insan kimi düşünməsindən daha çox insanın təbiət haqqında daha düzgün qərarlar qəbul etməsinə kömək etməsindən ibarət olacaq. Azərbaycan dövlətinin müvafiq sahədə həyata keçirdiyi inkişaf tədbirləri də bu məqsədə xidmət edir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!