Regiona böyük fayda gətirəcək yeni imkanlar erası başlayır
Müharibə sonrası inkişaf və dövlətlərarası əməkdaşlığın davam etdirilməsi regionda uzunmüddətli sülhün təmin olunması üçün vacib addımlardır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda start verdiyi iqtisadi inkişaf, regional iqtisadiyyatı gücləndirən layihələr, eləcə də qonşu dövlətlərlə olan ticarət əlaqələri sabitliyin zəmanəti ola bilər.
Ermənistanın daxili islahatlar həyata keçirməsi və sosial-siyasi sabitliyi təmin etməsi, o cümlədən Azərbaycana qarşı sərt mövqedən geri çəkilməsi bölgədəki gərginliyin azalmasına və dövlətlər-arası münasibətlərin müsbətə doğru inkişaf etməsinə kömək edəcək.
Siyasi ekspertlər hesab edirlər ki, Cənubi Qafqazın gələcəyi yalnız regional oyunçuların deyil, həm də beynəlxalq güclərin müdaxiləsi ilə formalaşacaq. Azərbaycanın strateji siyasəti yalnız ərazi bütövlüyünün təmin olunması ilə məhdudlaşmamalıdır, həm də bölgənin iqtisadi və mədəni inkişafına, eləcə də daha geniş regional əməkdaşlığa doğru yönəlməlidir. Bu, Cənubi Qafqazın gələcək inkişafını, sabitliyini və münaqişələrin aradan qaldırılmasını təmin edəcək.
Artıq demək olar ki, Cənubi Qafqaz regionunda gərginlik dövrü bitməkdədir, amma bu heç də əbədi sabitlik anlamına gəlmir. Bütün tərəflər, qarşılıqlı maraqları və təhlükəsizlik məsələlərini ön planda tutaraq, daha sülhsevər və konstruktiv yanaşmalar seriyasını həyata keçirməlidirlər. Azərbaycan öz gücünü və təsirini artırmaqla, həm regionda, həm də beynəlxalq aləmdə daha böyük rol oynaya bilər. Yalnız davamlı diplomatik səylər ilə Cənubi Qafqazda real sülhün və sabitliyin təmin olunması mümkündür.
Noyabrın 28-də Qəbələ şəhərində Baş nazirin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 12-ci görüşü keçirilib.
Görüş zamanı tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.
Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələrini müzakirə ediblər.
Şahin Mustafayev və Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistanın şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər.
Dekabrın 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan da sülh danışıqları ilə bağlı aparılan danışıqların son durumunu dəyərləndirib: "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub. Bizim vəzifəmiz bu sülhü qorumaq, gücləndirmək və institutlaşdırmaqdır. Son zamanlar görülən işləri təhlil edərkən aşağıdakıları qeyd etmək vacibdir: çox kobud desək, Ermənistan və Azərbaycan arasındakı etimad hətta 1 millimetr artdıqda 10 santimetr praktik irəliləyiş əldə edir…
Bu məsələ ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Və demək istəyirəm ki, bu gün sülh perspektivləri ilə bağlı, məsələn, 15-20 avqust 2025-ci il tarixlərindən daha nikbinəm, baxmayaraq ki, o zaman əvvəlkindən daha nikbin idim", - deyə o bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Tbilisi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə sülh danışıqlarından söz açıb. O qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında Vaşinqtonda başlanmış sülh danışıqları artıq bir sıra praktiki nəticələr verib və sülh sazişinin yekun imzalanması ilə bağlı danışıqlar aparılır. XİN başçısının sözlərinə görə, Cənubi Qafqaz regionunda gərginlik dövrü başa çatıb və regiona böyük fayda gətirəcək yeni imkanlar erası başlayır.
Baş verən proseslərə və Ermənistan tərəfindən verilən açıqlamalara etibar etsək, iki ölkənin sülh sazişini imzalamağa bir qədər də yaxınlaşdığını söyləyə bilərik.
Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi, hər iki ölkənin və bütövlükdə Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək. Bu, siyasi, hərbi və iqtisadi sahələrdə yeni bir başlanğıc yarada bilər, amma bu prosesin tam olaraq müsbət nəticələnməsindən, hər iki tərəfin sülhə və qarşılıqlı əməkdaşlığa doğru atacağı davamlı və inamlı addımlardan asılı olacaq. Gələcəkdə sülh sazişi həm də beynəlxalq güclərin regionda daha aktiv rol almasına, iqtisadi inkişafın sürətlənməsinə və yeni əməkdaşlıq formatlarının yaranmasına yol aça bilər.
Bir sözlə, Cənubi Qafqazda sülhün qorunması, həm də ümumilikdə Qafqazın təhlükəsizliyini və inkişafını təmin edəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"