16 Aprel 2024 08:35
149
CƏMİYYƏT
A- A+

Bahar ovqatlı səfər

 

Hacıqabullular Prezidentin rayona növbəti səfərini belə dəyərləndirirlər

 

Bahar özü ilə Hacıqabula da yeni ahəng gətirmişdir. Təbiətlə bərabər, ruhlar, arzular da təzələnmişdir. Hər yerdə ağaclar əkilir, təmizlik, səliqə-sahman yaradılır. İnsanlar günəşlə bir oyanıb iş başına tələsirlər. 
Belə bir vaxtda dövlət  başçısı İlham Əliyevin Hacıqabula səfəri rayon əhalisinin bahar ovqatını birəbeş artırmış, insanlarda ruh yüksəkliyi yaratmışdır. Necə deyərlər, bayram bayrama qarışmışdır. 
Hacıqabul rayonuna əvvəlki səfərlərində də Prezident neçə-neçə istehsal sahələrinin, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, digər mühüm əhəmiyyətli obyektlərin açılışında, yenilərinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Onu da qeyd etmək lazımdır ki, Prezident erməni daşnaklarının tapdağından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini prioritet məsələ kimi ön plana çəkdiyi üçün tez-tez həmin regionlarda olur, görülən işlərə nəzarət edir, göstərişlərini verir. Bununla belə, Prezident digər bölgələrin də inkişafını, problemlərini diqqətdən kənarda saxlamır. Bunu dövlət başçısının regionlara növbəti səfərləri də sübut etdi. 
"Yol iqtisadiyyat, mədəniyyət - bir sözlə, həyat deməkdir". Ulu Öndərin bu müdrik kəlamı artıq bir fəaliyyət devizidir və o, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın bütün istiqamətlərdə dünya standartları səviyyəsində çəkilən beynəlxalq əhəmiyyətli, habelə ölkənin rayon, qəsəbə və kəndlərini birləşdirən yeni avtomobil yolları buna əyani misaldır. Hacıqabul rayonunun ən ucqar kəndlərinə çəkilən yollar da bu sıradandır. Təsadüfi deyil ki, Prezidentin Hacıqabul rayonuna növbəti səfəri də yol açılışından başladı. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlət başçısına məruzə etdi ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsalı şəkildə yenidən qurulan yol rayonun 8 kəndini - Muğanlı-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udulu-Tağılı-İkinci Udulu-Qubalı kəndlərini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilmişdir. Avtomobil yolunun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılmış, torpaq yatağı qaldırılmış, genişləndirilmiş və  kipləşdirilmiş, müəyyən hissələrdə 10 metrə qədər genişləndirilmişdir. Yolboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilmiş və lazımi yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılmışdır. Bunlarla yanaşı, Udulu kəndi ərazisindəki Pirsaat çayı üzərində yerləşən körpü istismar müddəti başa çatdığından sökülmüş, yerində yeni dəmir-beton körpü inşa edilmişdir. Bütün bu işlərin sayəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunmuş, yük və sərnişin daşınması asanlaşmışdır. 
Daha çox və daha keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, idxalı minimuma endirmək, bununla xarici ölkələrə valyuta axınını azaltmaq,  ekoloji cəhətdən təmiz məhsullar yetişdirmək, məhsul ixracına nail olmaq, yeni iş yerləri açmaq - aqrar sahədə Prezidentin qarşıya qoyduğu hədəflərdir. Onların həyata keçirilməsi üçün ardıcıllıqla bir sıra mühüm işlər görülməkdədir. Femerlərə, sahibkarlara subsidiyaların, güzəştli kreditlərin verilməsi, lizinq yolu ilə texnikaların satışı, yeni texnologiyaların tətbiqi, ölkədə mineral gübrələrin istehsalı və güzəştli qiymətlərlə satışı, daha məhsuldar bitki sortlarının, cins mal-qaranın ölkəmizə gətirilməsi, savadlı mütəxəssislərin hazırlanması sahəsində həyata keçirilən tədbirlər nəticəsiz qalmır. Götürək Hacıqabul rayonu ərazisindəki "Aqro Dairy" MMC-ni. Yeri gəlmişkən bildirək ki, Prezident İlham Əliyev Hacıqabula səfəri çərçivəsində müəssisədə olmuş, işlərin gedişi ilə maraqlanmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, "Aqro Dairy" MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov dövlət başçısına görülən işlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb edilməsinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da Prezident sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində "Aqro Dairy" MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının tikintisinə başlanılmışdır. Prezidentin 2022-ci il fevralın 10-da imzaladığı sərəncama əsasən isə üzən nasos stansiyası uzunluğu 4 min 350 paqon metr olan basqılı metal boru kəməri, uzunluğu 7 min 12 paqon metr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın axırında sututumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan stasionar nasos stansiyası və uzunluğu 6 min 918 paqon metr olan basqılı metal boru kəməri tikilmiş və nasos stansiyasının xarici elektrik təchizatı işləri görülmüşdür. Layihə çərçivəsində 2022-ci ilə 2 min 555 hektar sahənin suvarılması təmin olunmuşdur. Gələn il daha 1225 hektar sahədə lazımi işlərin görülməsi nəzərdə tutulur. Həyata keçirilən layihələr rayonun hər bir sakinində məmnunluq hissi yaradır. 
Prezidentin Hacıqabula növbəti səfəri də rayon sakinləri tərəfindən məmnunluqla qarşılanmışdır. Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov deyir ki, Prezident İlham Əliyevin rayona hər səfəri bayrama çevrilir: "Bu dəfə də belə oldu. Prezident yolun açılışını etdi, ictimaiyyətin nümayəndələri ilə görüşdü, rayonda görülən işlərin gedişatı ilə tanış oldu, öz tapşırıq və tövsiyələrini verdi. Məlumdur ki, Hacıqabul kənd təsərrüfatı rayonudur. Hər kəs öz pay torpağını əkib-becərərək müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğuldur. Hər bir fermer istəyir ki, daha yüksək nəticə əldə etsin. Bununla həm öz dolanışığını, məğulluğunu təmin etsin, həm də ölkədə ərzaq bolluğunun yaradılmasına töhfə versin. Onu da deyim ki, Hacıqabul respublikamızın iqtisadi-siyasi coğrafiyasında özünəməxsus yeri olan rayonlardandır. O, 1990-cı ildə Salyan, Sabirabad, Şamaxı rayonlarının və Şirvan şəhərinə məxsus bir neçə kəndin bazasında yaradılıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin  həyata keçirilməsi sayəsində əvvəllər kiçik bir qəsəbə olan Hacıqabul böyüyüb inkişaf etmiş, abadlaşmış, müasir şəhərə çevrilmişdir. Neçə-neçə müəssisə, məktəb, səhiyyə, mədəniyyət ocaqları, digər sosial və xidmət təyinatlı obyektlər istifadəyə verilmişdir. Sevinirik ki, quruculuq işləri bu gün də davam edir. Prezidentin səfərləri isə həmin işlərə sürət və stimul verir.
 
Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video