Respublikamızın yürütdüyü siyasət həm də iqtisadi inteqrasiya proseslərini dərinləşdirir
Azərbaycanı Cənubi Qafqazda aparıcı mövqeyə çıxaran, eyni zamanda geoisiyasi və geoiqtisadi səviyyədə söz sahibinə çevirən faktorların əhatə dairəsi genişdir. Bu sırada respublikamızın müəllifliyi və təşəbbüsləri ilə ərsəyə gətirilən enerji və nəqliyyat dəhlizlərinin rolu xüsusi qeyd edilməlidir. Bu gün Azərbaycan regionda və Avropada enerji təhlükəsizliyinin əsas təminatçılarından biri, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi unikal coğrafi ünvandır.
Strateji və uzaqgörən yanaşma
Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Cənub qaz dəhlizi" kimi mühüm ixrac marşrutlarına nail olmaqla ölkəmiz özünün karbohidrogen ehtiyatlarını uzun illərdir ki, dünya bazarlarına çıxarır. Bu marşrutlar regionun və Avropanın enerji xəritəsinə çox mühüm dəyişikliklər etməklə, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji siyasətinin nə qədər mükəmməl və uzaqgörən olduğunu təsdiq edir. Təsadüfi deyil ki, Avropa İttifaqı enerji dəhlizlərinin şaxələndirilməsi məsələsində hər zaman Azərbaycanın təşəbbüslərinə dəstək verib. Ən mühümü odur ki, sözügedən enerji marşrutları Azərbaycanın mənafelərinə uyğun reallaşıb, kənar maraqlar bu dəhlizlərdə rol almayıb.
Eyni fikirləri nəqliyyat dəhlizləri barədə də demək olar. Vaxtilə Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əsasının qoyulması və inşasının başa çatdırılması bir daha Prezident İlham Əliyevin ilk növbədə Azərbaycanın milli maraqlarının təmin olunması baxımından nə qədər uzaqgörən və strateji yanaşma nümayiş etdirdiyini göstərdi.
Bu infrastrukturlar Azərbaycanın Cənubi Qafqazda regional iqtisadi proseslərin gedişatını müəyyən edən aparıcı dövlət kimi statusa malik olmasını şərtləndirir. Eyni zamanda Azərbaycanın təşəbbüsləri ilə reallaşan nəqliyyat və enerji layihələri Ukraynada davam edən müharibənin fonunda bütün Avrasiya regionu üçün həyati əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Müharibə səbəbindən enerji ilə təminatında ciddi problemlər yaşayan Avropanın bu gün Azərbaycanın təbii qazına tarixdə görünməmiş qədər ehtiyacı var. Eyni zamanda yalnız Şimalda deyil, Cənubda da alovlanan yeni savaşlar Azərbaycandan keçən Orta dəhlizi həm Avropa, həm də Asiya üçün daha cəlbedici edir. Bu reallıqlar bir daha Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətindən xəbər verir.
Azərbaycanın yaratdığı tərəfdaşlıq körpüləri
Azərbaycan regionun orta güc kimi həm də regional iqtisadi tərəfdaşlıqların genişlənməsində, qlobal maraqların uzlaşmasında aparıcı rol oynayır. Təsadüfi deyil ki, respublikamızın təşəbbüsləri ilə ərsəyə gələn enerji və nəqliyyat dəhlizləri regional və dövlətlərarası əməkdaşlığı, onlar arasındakı xüsusən iqtisadi tərəfdaşlığı əhəmiyyətli şəkildə inkişaf etdirir. Məsələn, Azərbaycanın yaratdığı enerji layihələri həm də dövlətlərarası həmrəyliyin nümunələridir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən polad körpüdür. BTC üç ölkə arasında enerji sferasında əməkdaşlıq formatı deməkdir. Hansı ki, bu əməkdaşlıq onlar arasında digər sahələrdə, o cümlədən siyasi sferada münasibətlərin daha güclü səviyyədə qurulmasına təsirsiz ötüşmür.
Respublikamızın təşəbbüsü ilə reallaşan "Cənub qaz dəhlizi"nin isə dövlətlər arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa töhfəsi daha böyükdür. Avropaya qədər uzanan bu dəhliz öz ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Rumıniya, Macarıstan kimi dövlətləri, o cümlədən Avropa İttifaqını birləşdirir. Bu baxımdan "Cənub qaz dəhlizi"ni ərsəyə gətirməklə Azərbaycan dövləti beynəlxalq əməkdaşlığın unikal bir formatını yaradıb. "Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki "Cənub qaz dəhlizi"nin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı", - deyə Prezident İlham Əliyev bildirib.
Eyni fikirləri respublikamızın böyük töhfələri ilə reallaşan nəqliyyat dəhlizləri barədə də söyləmək mümkündür. Azərbaycanın da böyüməsində yaxından iştirak etdiyi Orta dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Bu dəhlizin qlobal rəqabətdə fərqlənməsi, özünü çevik nəqliyyat marşrutu kimi göstərməsi məhz Azərbaycanın sayəsində mümkün olmuşdur. Həm Azərbaycanın daxildə yaratdığı mükəmməl yollar, logistika və digər nəqliyyat imkanları, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi Orta dəhlizin tranzit rəqabətində imkanlarını daha da artırıb. Orta dəhliz də enerji dəhlizləri kimi dövlətlərarası əməkdaşlığın mükəmməl əməkdaşlıq vasitəsidir. Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi isə bu əməkdaşlığı daha da gücləndirəcək.
Xüsusilə qeyd edilməlidir ki, qlobal səviyyədə maraqları toqquşan, aralarında dərin siyasi və iqtisadi ziddiyətlər olan ABŞ və Çin Azərbaycanın müəllifliyi ilə reallaşan nəqliyyat dəhlizlərində eyni mövqedən çıxış edirlər. Orta Dəhlizə Çinin verdiyi böyük dəstək əvvəldən məlumdur. Çin rəhbərliyi tərəfindən dəfələrlə Azərbaycanın regionda reallaşdırdığı nəqliyyat layihələrinin önəmi xüsusi qeyd edilib. Bu məsələ iki dövlət arasındakı strateji tərəfdaşlığın da mühüm elementini təşkil edir. Eyni zamanda ABŞ-nin Zəngəzur dəhlizinə (TRIPP) dəstək nümayiş etdirməsi Azərbaycanın yürütlüyü düşünülmüş siyasətin mühüm təzahürlərindən biridir.
Azərbaycanın müəllifliyi və təşəbbüskarlığı ilə reallaşan enerji və nəqliyyat layihələrinin regional iqtisadi inteqrasiya proseslərinə və dövlətlərarası əməkdaşlığa verdiyi töhfələr bütün siyasi və iqtisadi səviyyələrdə rəğbətlə qarşılanır. Görünən həm də odur ki, Azərbaycanın həyata keçirdiyi fəal siyasi diplomatiyanın nəticəsi olaraq aralarında ziddiyətlər yaşanan siyasi qütblərin belə, Cənubi Qafqazdakı maraqları üst-üstə düşür. Bunun da sayəsində Cənubi Qafqaz regionu qlobal müstəvidə əməkdaşlıq meydanı kimi diqqəti çəkir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"