17 Aprel 2024 09:00
194
SİYASƏT
A- A+

Azərbaycanın məqsədi regionda sabitliyin möhkəmləndirilməsidir

 

"Hazırda dünyada cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycan təhlükəsizlik adasını xatırladır. Lakin bir sıra qüvvələrin, eləcə də Ermənistanın fəaliyyəti bu sabitliyi pozmağa, faktiki olaraq Cənubi Qafqazı toqquşma meydanına çevirməyə yönəlib. Qərb siyasi dairələri də Ermənistan vasitəsilə regionu hərbi-siyasi kataklizmlər məkanına çevirmək üçün cəhdlər edirlər. Bu reallıq fonunda da Azərbaycan sabitləşdirici rol oynayır, regionda təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, dünyamız heç zaman indiki qədər təhlükəli hal almayıb: "Bunun səbəbləri bəllidir. Nəzərə almaq lazımdır ki, hətta soyuq müharibə dövründə belə beynəlxalq hüquqi sənədlər işləyirdi. İndiki dövrdə isə beynəlxalq hüquqi sənədlər işləmir, onların işləməsinə heç bir təminat yoxdur. Bu baxımdan dünyamız hazırda çox təhlükəli səviyyədədir və məşhur bir deyimdə deyildiyi kimi, təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir. Günümüzün reallığı məhz belədir".
Deputatın sözlərinə görə, bu gün artıq hərbi-siyasi toqquşmaların olmadığı məkan tapmaq müşkül məsələyə çevrilib. Dünyanın istənilən nöqtəsində münaqişə ocağı mövcuddur, onların bir çoxu yanan, bəziləri isə közərən vəziyyətdədir. Xüsusilə də regionumuzda və onun ətrafında qorxulu hərbi-siyasi proseslər gedir. Şimal qonşumuz Rusiyanın Ukrayna və kollektiv Qərblə olduğu müharibə vəziyyəti getdikcə şiddətlənir. Cənub qonşumuz İran isə İsraillə müharibə vəziyyətindədir və bu müharibənin hansı xətt üzrə inkişaf edəcəyini, hansı siyasi və hərbi kataklizmlərə yol açacağını proqnozlaşdırmaq çətindir. 
"Bu gün müstəqil siyasət həyata keçirən dövlətlər barmaqla sayılacaq qədər azdır. Azərbaycan da o ölkələrdəndir ki, dünyada və regionda sabitlik adası kimi qalır. Vətənimizdə ictimai-siyasi sabitlik hökm sürür, xalq-hakimiyyət birliyi müşahidə edilir. Ölkəmizdə həmçinin səfərbər olunmuş cəmiyyət mövcuddur. Vətəndaş həmrəyliyinin hökm sürdüyü Azərbaycanda xalq öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir", - deyə müsahibimiz əlavə edib.
Deputat söyləyib ki, Fransa və Ermənistanın digər havadarları isə çirkin planlarından əl çəkmirlər, İrəvanı silahlandırmaqla məşğuldurlar: "Parisin siyasəti ona yönəlib ki, növbəti Qarabağ müharibəsi baş versin və Rusiya ilə mübarizəni təkcə Ukraynada deyil, eyni zamanda Cənubi Qafqazda aparsın. Yəni Cənubi Qafqazı fəlakətlər zonasına çevirmək Fransanın əsas hədəflərindən biridir. Buna baxmayaraq, Rusiya Ermənistanın yeritdiyi bu iyrənc siyasətə hələ ki lazımi qədər kəskin reaksiya verməyib. Amma bu reaksiyanın veriləcəyi istisna deyil. Rusiya Cənubi Qafqazda onun maraqlarının tapdalanmasına və Ermənistanın onun təsir dairəsindən tamamilə çıxmasına qətiyyən razı ola bilməz".
 Elman Nəsirov sonda vurğulayıb ki, bizim gücümüz həmrəyliyimizdədir: "Həmçinin regionda sabitləşdirici rol oynayan Türkiyə ilə müttəfiqik. Ölkəmizi dəstəkləyən çox güclü tərəfdaşlarımız var. Bütün bu reallıqlar fonunda Azərbaycan gücünün və potensialının artırılması istiqamətində addımlarını daha da sürətləndirir".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video