17 İyul 2025 08:05
1660
SİYASƏT
A- A+
Azərbaycan-Türkmənistan: körpüsü Xəzər olan dost ölkələr

Azərbaycan-Türkmənistan: körpüsü Xəzər olan dost ölkələr


Xəzərin birləşdirdiyi dost ölkələr - Azərbaycan və Türkmənistan tarixi və mədəni əlaqələrlə bir-birinə sıx bağlıdır. Son illər bu münasibətlər təkcə dostluqla yox, iqtisadi əməkdaşlığın real nəticələri ilə də diqqət çəkir. Neft, qaz, nəqliyyat, logistika və kənd təsərrüfatı kimi sahələrdə ortaq layihələr, birgə təşəbbüslər və strateji əməkdaşlıq regionda sabitlik və inkişafın əsas dayaq nöqtələrindən birinə çevrilib. 

İki ölkə arasında iqtisadi əməkdaşlığın təməli Sovet İttifaqının dağılmasından sonra qoyulub. 1991-ci ildə müstəqillik qazanan respublikalar yeni geosiyasi reallıqlar qarşısında dayansa da, ortaq tarix, dil və mədəniyyət onların qarşılıqlı əlaqələrinin tez bir zamanda qurulmasına zəmin yaratdı. İlk illər münasibətlər əsasən diplomatik səviyyədə olsa da, çox keçmədi ki,  konkret iqtisadi addımlar atılmağa başladı. Azərbaycan və Türkmənistan arasında ilk ticarət sazişləri imzalandı, gömrük və nəqliyyat sahəsində qarşılıqlı razılaşmalar əldə edildi. Bu sənədlər ikitərəfli ticarətin hüquqi bazasını formalaşdırdı. Bu gün Azərbaycan Türkmənistandan əsasən karbamid (kimyəvi gübrə), pambıq,  neft  və tekstil məhsulları idxal edir. Türkmənistana isə qida məhsulları, tikinti materialları, avadanlıq və maşınlar ixrac olunur.  

Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin genişlənməsində Xəzər dənizi körpü rolunu oynayır. Dəniz üzərindən qurulan nəqliyyat və enerji marşrutları iki ölkəni ticarət və logistika sahəsində strateji tərəfdaşlara çevirib. Həm Azərbaycan, həm də Türkmənistan neft-qaz ehtiyatlarını Xəzər üzərindən dünya bazarlarına çatdırmaq üçün müxtəlif yollardan istifadə edirlər. Bu kontekstdə Xəzər həm resursların hasilatı, həm də onların tranziti baxımından həlledici əhəmiyyət kəsb edir. Türkmənistanın zəngin qaz ehtiyatlarını Azərbaycan üzərindən Avropa bazarına çatdırmaq arzusu, Azərbaycanın isə bu tranzitdən geosiyasi və iqtisadi fayda əldə etmək istəyi  hər iki ölkəni  ortaq maraqlar ətrafında birləşdirir. 

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan və Türkmənistan Xəzər dənizində yerləşən "Dostluq" yatağı üzərində ortaq işləməklə bağlı mühüm razılığa gəliblər. Əldə olunan razılıq iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Uzun illər mübahisə predmeti olmuş "Dostluq" yatağı status baxımından qeyri-müəyyən ərazi kimi tanınırdı. Lakin qeyd etdiyimiz razılaşma göstərdi ki, Azərbaycan və Türkmənistan qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əsasında səmərəli iqtisadi münasibətlər qurmaqda qərarlıdırlar. Yataq birgə istismar ediləcək ilk Xəzər qaz layihəsi olaraq, hasilat və resursların bölüşdürülməsi sahəsində birgə məsuliyyət daşıyacaq. 

Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan qaz kəməri illərdir gündəmdə olsa da, son dövrlər regionda yaranan reallıqlar, yəni Avropanın enerji təhlükəsizliyi, alternativ marşrutlara olan tələbat və Orta dəhlizin aktuallaşması  bu layihəyə yeni nəfəs verib. Azərbaycan artıq geniş qaz nəqli infrastrukturuna, o cümlədən "Cənub qaz dəhlizi" kimi mühüm enerji arteriyalarına sahibdir. Bu, Türkmənistan qazının dünya bazarlarına çıxarılmasında Bakının rolunu artırır. Eyni zamanda iki ölkə arasındakı neft məhsullarının emalı və tranziti sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Türkmənistan öz xam neftinin bir hissəsini Azərbaycan üzərindən Gürcüstana və daha sonra Qara dəniz limanlarına çatdırmaq üçün Bakı-Tbilisi dəmir yolu və Bakı limanından istifadə edir. Azərbaycan  da öz neft-kimya sənayesi və emal zavodları ilə Türkmənistan üçün mühüm tərəfdaş rolunu oynayır. Bu əməkdaşlıq həm iki ölkə üçün əlavə iqtisadi dividendlər yaradır, həm də Xəzər hövzəsində sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. 

Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənistanın Türkmənbaşı Limanı Xəzər hövzəsində ticarətin əsas tranzit nöqtələridir. Ölkələrimiz arasında müntəzəm bərə keçidləri və dəmiryolu daşımaları Orta dəhliz  layihəsinin vacib halqasıdır. Bu tranzit əlaqələri təkcə iki ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında uzanan strateji ticarət marşrutlarının qurulmasında mühüm rol oynayır. Xüsusən beynəlxalq nəqliyyat və logistika xətti olan  Çin, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropaya uzanan yol  Azərbaycan və Türkmənistan üçün yeni iqtisadi imkanlar açır. Bakı və Türkmənbaşı limanları bu dəhlizdə əsas logistik mərkəzlər kimi çıxış edir. Son illər hər iki limanda yeni terminal binalarının tikilməsi, yükləmə-boşaltma avadanlıqlarının yenilənməsi və rəqəmsallaşma tədbirləri  bu mərkəzlərin qlobal standartlara uyğunlaşmasına səbəb olub. Limanlarda  aparılan genişmiqyaslı modernizasiya işləri Xəzər üzərindən yüklərin daşınmasının daha sürətli və etibarlı şəkildə həyata keçirilməsinə zəmin yaradır. 

Xəzərdə  müntəzəm bərə keçidləri vasitəsilə həm konteyner daşınır, həm də avtomobil və dəmir yolu nəqliyyatı təşkil olunur. Bu nəqliyyat xəttinin etibarlılığı və çevikliyi Azərbaycan və Türkmənistanın beynəlxalq ticarətdə tranzit ölkə statusunu möhkəmləndirir. Hər gün həmin marşrutla onlarla konteyner, yük avtomobili və dəmir yolu vaqonları daşınır. Bu da Xəzərin təkcə enerji deyil, eyni zamanda logistika və ticarət arteriyası olduğunu göstərir. Xəzər dənizi Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin həm maddi əsası, həm də simvolik məzmunudur. Dəniz iki ölkəni ayırmır, əksinə, qovuşdurur, əməkdaşlığa təşviq edir və daha böyük regional inteqrasiyanın açarı kimi çıxış edir.

Hazırda iqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkmənistan yalnız ənənəvi sahələrlə kifayətlənməyib yeni perspektivli sahələrdə də birgə fəaliyyət göstərmək niyyətindədirlər. İki ölkə arasında sənaye parkları yaratmaq, bərpaolunan enerji sahəsində birgə layihələr hazırlamaq və qarşılıqlı investisiyalar qoymaq kimi təşəbbüslər gündəmdədir. Azərbaycan və Türkmənistan bu əməkdaşlıqla təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji güclərini artırırlar.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” qüvvəyə minib  

18:12
16 Aprel

Qazaxıstanın nümayəndə heyəti Azərbaycanın ədliyyə sistemi ilə tanış olur  

18:07
16 Aprel

AOA-nın 30 illiyi: Ombudsmanlar arasında beynəlxalq əməkdaşlıq güclənir

17:56
16 Aprel

Cənub Şərqi Asiya ölkələri də Avropa ilə ticarət əlaqələrini Orta Dəhliz ilə həyata keçirməyə çalışırlar  

17:21
16 Aprel

Pit Heqset: İrandakı yeni rejimi ağıllı seçim etməyə çağırırıq

17:18
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!