Bu reallığın müəllifi İlham Əliyevdir
Bugünkü dünya tarixin ən dərin sarsıntılar dövrünü yaşayır. Geosiyasi qarşıdurmaların intensivləşməsi, regional münaqişələrin qlobal təhlükəsizlik sisteminə təsirinin artması və beynəlxalq hüququn selektiv tətbiqi XXI əsrin ciddi çağırışlarından birinə çevrilib. Planetin müxtəlif nöqtələrində baş verən müharibələr təkcə tərəfləri deyil, bütövlükdə dünya iqtisadiyyatını, enerji təhlükəsizliyini və humanitar mühiti sarsıdır. Belə mürəkkəb və qeyri-müəyyən şəraitdə hər hansı münaqişənin qısa müddətdə, qəti və siyasi nəticə ilə başa çatması nadir hadisə kimi qiymətləndirilir. Məhz bu baxımdan Azərbaycanın əldə etdiyi Zəfər təkcə regional deyil, həm də qlobal miqyasda xüsusi diqqətəlayiq nümunədir.
Son illərin geosiyasi mənzərəsi göstərir ki, müasir münaqişələr həm sürətli və qəti nəticələri, həm də uzunmüddətli və tükəndirici xarakteri ilə seçilir. Gözümüz önündə dağıdıcı və dəhşətli xarakteri və nəticələri ilə davam edən Rusiya-Ukrayna müharibəsi minlərlə insan itkisi, şəhərlərin viran qalması, iqtisadiyyatın zəifləməsi və infrastrukturun geniş miqyasda məhv edilməsi ilə müşayiət olunur. Savaşın ilk mərhələlərində qısa müddətdə yekunlaşacağına dair verilən proqnozlar özünü doğrultmadı və bu gün də onun nə vaxt hansı şərtlərlə başa çatacağı ilə bağlı perspektiv görünmür. Bu isə müasir müharibələrin qeyri-müəyyənlik və davamlı risk amili ilə xarakterizə olunduğunu bir daha təsdiqləyir.
Oxşar vəziyyət Yaxın Şərqdə də müşahidə olunur. Başlanğıcda lokal və qısamüddətli toqquşma kimi qiymətləndirilən İran-İsrail gərginliyi sonradan ABŞ faktorunun iştirakı ilə daha mürəkkəb və çoxşaxəli bir münaqişəyə çevrildi. 40 gün davam edən bu qarşıdurma yalnız hərbi müstəvidə deyil, həm də siyasi və iqtisadi müstəvidə ciddi təsirlər doğurdu. Atəşkəs elan olunsa da, onun hansı müddətə davam edəcəyinin qeyri-müəyyən qalması, tərəflər arasında etimadsızlığın davam etməsi və münaqişənin yenidən alovlanma ehtimalı qlobal sabitlik üçün ciddi risklər yaradır. Enerji bazarlarında dalğalanmalar, ticarət əlaqələrinin pozulması və investor etimadının azalması kimi amillər bu qarşıdurmanın təsir dairəsinin regional çərçivəni aşaraq dünya iqtisadiyyatına sirayət etdiyini açıq şəkildə nümayiş etdirir.
Dünyanın rənginin belə bir mürəkkəb çalarlarla qarışdığı zamanda Azərbaycanın 44 gün ərzində əldə etdiyi hərbi-siyasi Zəfər, sözün əsl mənasında, unikal presedent kimi özünü göstərir. İkinci Qarabağ müharibəsi təkcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, eyni zamanda müasir müharibə konsepsiyalarının effektiv tətbiqinin parlaq nümunəsinə çevrildi. Bu qələbə təsadüfi deyildi, onun arxasında uzun illər ərzində formalaşan strateji yanaşma, siyasi iradə və hərbi hazırlıq dayanırdı.
Azərbaycanın qələbəsini şərtləndirən əsas amillərdən biri dövlət başçısının qətiyyətli və prinsipial siyasəti idi. Prezident İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı gücləndirildi, ordu quruculuğu prioritet istiqamətə çevrildi və beynəlxalq arenada Azərbaycanın mövqeləri möhkəmləndirildi. Prezidentin dəfələrlə vurğuladığı kimi, "Qarabağ Azərbaycandır!" tezisi, sadəcə, siyasi bəyanat deyildi, həm də milli iradənin ifadəsi və strateji hədəfin konkret formulası idi.
Bu qələbənin digər mühüm komponenti Azərbaycan Ordusunun peşəkarlığı və döyüş qabiliyyəti oldu. Müasir texnologiyaların tətbiqi, yüksək koordinasiya və taktiki çeviklik 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, fədakarlıq, vətənə bağlılıq isə bu qələbəni mənəvi baxımdan daha da ucaltdı. O səbəbdən bu, hərbi uğurla yanaşı, həmçinin milli ruhun təntənəsi idi.
Postmünaqişə reallıqlarını dəyərləndirərkən qeyd etməliyik ki, Azərbaycanın əldə etdiyi qələbə eyni zamanda beynəlxalq hüququn bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Məhz bu kontekstdə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən səsləndirilən fikirlər qələbənin mahiyyətini dolğun şəkildə ifadə edir. Dövlətimizin başçısının vurğuladığı kimi, "Biz Qarabağı azad edərkən BMT-nin icra olunmamış 4 qətnaməsini təkbaşına icra etdik". Bu yanaşma Azərbaycanın öz gücünə əsaslanaraq beynəlxalq hüququn tələblərini təmin etməsi, illərlə kağız üzərində qalan qərarların real müstəviyə daşınması baxımından xüsusi əhəmiyyət kəsb edir və qələbəmizi həm hüquqi, həm də siyasi müstəvidə daha da legitimləşdirir.
2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycanın öz suverenliyini tam şəkildə təmin etmək istiqamətində növbəti qəti addımı oldu. Bu əməliyyatın qısa müddətdə və minimal itkilərlə nəticələnməsi bir daha göstərdi ki, Azərbaycan regionda yeni reallıqları diktə edən gücə malikdir.
Bütün bu reallıqların fonunda Azərbaycan modeli müasir münaqişələrin həlli üçün alternativ yanaşma kimi diqqət çəkir. Bu modelin əsas xüsusiyyətləri - güclü siyasi iradə, strateji səbir, müasir ordu quruculuğu, milli birlik və beynəlxalq hüquqa əsaslanan mövqedir. Elə onu digər münaqişələrdən fərqləndirən də bu xüsusiyyətlərdir. Ən vacib məqam isə odur ki, Azərbaycan öz məqsədinə çatmaq üçün həm diplomatik, həm də hərbi alətləri balanslı şəkildə istifadə etməyi bacardı.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın nümayiş etdirdiyi siyasi davranış modeli də müasir beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən praqmatik və uzaqgörən yanaşma kimi diqqəti cəlb edir. Müharibədən qalib çıxmasına baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanı klassik "qalib ölkə diktəsi" mövqeyində təqdim etmədi. Əksinə, dəfələrlə vurğuladı ki, ən böyük qələbə regionda davamlı sülhün və sabitliyin təmin olunmasıdır. Bu yanaşma Azərbaycanın strateji baxışında güc nümayişindən daha çox uzunmüddətli təhlükəsizlik və əməkdaşlıq mühitinin qurulmasına üstünlük verildiyini göstərdi.
Məhz bu kontekstdə Azərbaycanın Ermənistana ünvanladığı sülh təklifləri və normallaşma çağırışları xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı açıq bəyan etdi ki, münaqişə mərhələsi artıq arxada qalıb, regionun gələcəyi yalnız qarşılıqlı etimad və əməkdaşlıqdan asılıdır. Bu siyasətin praktik təzahürü kimi kommunikasiya xətlərinin açılması, o cümlədən nəqliyyat və dəmir yolu bağlantılarının bərpası istiqamətində atılan addımlar diqqət çəkir. Azərbaycanın bu istiqamətdə göstərdiyi təşəbbüslər, hətta Ermənistanla iqtisadi və ticarət əlaqələrinin bərpasına hazır olduğunu bildirməsi regionda yeni iqtisadi inteqrasiya mühitinin formalaşdırılmasına hesablanmış mühüm siyasi gediş kimi nəzərə alınmalıdır.
Nəticə etibarilə bu gün dünyanın müxtəlif bölgələrində uzanan və qeyri-müəyyən sonluğa malik münaqişələr fonunda Azərbaycanın əldə etdiyi qələbə yalnız regional uğur deyil, həm də qlobal dərs kimi qiymətləndirilməlidir. Bu dərs ondan ibarətdir ki, əgər dövlət güclü siyasi iradəyə, milli birliyə və düzgün strateji yanaşmaya sahibdirsə, ən mürəkkəb problemlərin belə qısa müddətdə və qəti həlli mümkündür.
Elşən QƏNİYEV,
"Azərbaycan"