"Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" rəsmi olaraq qüvvəyə minib və bu, iki dost ölkə arasında ticarət və investisiya münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələni ifadə edir.
AZƏRTAC BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadla bildirir ki, saziş ikitərəfli ticarət axınlarının sürətlənməsinə, yeni investisiya və birgə layihə imkanlarının yaradılmasına töhfə verir.
Saziş çərçivəsində əksər mal və xidmətlər üzrə gömrük rüsumlarının ləğvi və ya azaldılması vasitəsilə hər iki ölkənin ixracatçıları üçün bazarlara daha geniş çıxış və qlobal imkanlar təmin olunacaq. Bununla yanaşı, özəl sektor daxilində əməkdaşlıq gücləndiriləcək, sahibkarlar və kiçik və orta bizneslər dəstəklənəcək. Saziş Azərbaycanın istehsal, emal, nəqliyyat və logistika sahələrində BƏƏ üçün sənaye və logistika tərəfdaşı kimi çıxış etməsinə imkan yaradır.
Azərbaycan ilə BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq maliyyə, konsultasiya xidmətləri, tikinti və peşəkar xidmətlər kimi müxtəlif sahələrdə böyük imkanlar yaradacağı gözlənilir.
Xarici ticarət naziri Sani bin Əhməd əl-Zeyudi bildirib ki, bu saziş BƏƏ ilə Azərbaycan arasında strateji münasibətlərin inkişafında mühüm mərhələdir. O qeyd edib ki, saziş ticarət axınlarının artırılmasına, yeni investisiya imkanlarının açılmasına və əsas sahələrdə, xüsusilə logistika, bərpaolunan enerji və qabaqcıl istehsalat sektorlarında özəl sektor əməkdaşlığının gücləndirilməsinə xidmət edir.
Nazir əlavə edib ki, bu saziş BƏƏ biznes dairələri üçün dünyanın ən mühüm inkişaf regionlarından birində yerləşən perspektivli iqtisadiyyatla ticarət və investisiya fəaliyyətini genişləndirmək baxımından yeni imkanlar açacaq.
Xatırladaq ki, sazişin imzalanması 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində baş tutub. 2025-ci il noyabrın 4-də Prezident İlham Əliyev “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanunu imzalayıb.