Qazaxıstanın Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru Kanat Musinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramını bildirib. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını və Zəfər abidəsini ziyarət edib.
Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Azərbaycan ədliyyə sistemi ilə yaxından tanışlığı məqsədilə bir sıra görüş və tanışlıq tədbirləri təşkil olunub. Nümayəndə heyəti Azərbaycanın Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün keçirilən kursun gedişi ilə tanış olub, Akademiyada görüş keçirib.
Ədliyyə Nazirliyində nazir müavini Toğrul Hüseynovla keçirilən görüşdə ölkələr arasında hüquqi sahədə əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, müxtəlif istiqamətlərdə, o cümlədən ədliyyə akademiyaları arasında tədris sahəsində birgə tədbirlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi Türk Ədliyyə Təlim Şəbəkəsinin, habelə digər ixtisaslaşmış platformaların təcrübə mübadiləsi üçün mühüm imkanlar yaratdığından bəhs olunub.
Görüşün sonunda hüquqi təhsil, elmi-tədqiqat fəaliyyəti və ədliyyə sisteminin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qonaqlar Ədliyyə tarixi muzeyi ilə də tanış olublar. Bununla yanaşı, onların Azərbaycanın Ali Məhkəməsində görüşü, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə səfəri də planlaşdırılıb.