Şanxay Əməkdaşlıq Təşkilatının bu gün dünyanın ən böyük coğrafi və demoqrafik əhatəyə malik təşkilatlarından biridir və Azərbaycanın bu platformada iştirakı ölkəmizə və onun liderinə verilən yüksək siyasi qiymət kimi dəyərləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, ŞƏT sammitində iştirak təkcə ayrı-ayrı ölkələrlə münasibətlərin göstəricisi deyil, həm də Azərbaycanın Böyük Avrasiya məkanında mühüm güc mərkəzlərindən biri kimi qəbul edildiyini nümayiş etdirir.
“Şərqdən Qərbə uzanan nəqliyyat və logistika xətlərinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin geoiqtisadi əhəmiyyətini artırır. Bu baxımdan, ŞƏT ölkələrinin Avropa istiqamətində etibarlı, təhlükəsiz və sabit bağlantı imkanlarının genişləndirilməsində Azərbaycanın xüsusi rolu var. Coğrafiyaya daha geniş prizmadan yanaşdıqda, Sakit okean hövzəsindən başlayan, Böyük Avrasiya məkanını, Qafqazları, Xəzər hövzəsini, Qara və Aralıq dənizlərini, nəhayət Avropanı birləşdirən böyük bir geosiyasi və geoiqtisadi xəritə ortaya çıxır. Bu xəritədə Azərbaycan mühüm bağlantı nöqtələrindən biridir. Xəzər hövzəsinin Qafqazlara və Avropaya çıxışında Azərbaycanın mövqeyi bu ölkənin strateji əhəmiyyətini daha da artırır”, – deyə deputat vurğulayıb.
T.Gəncəliyev qeyd edib ki, ŞƏT-in əhəmiyyəti onun geniş coğrafiyası və böyük demoqrafik potensialı ilə də şərtlənir. Təşkilatın tərkibində Çin, Rusiya və Hindistan kimi nəhəng dövlətlərlə yanaşı, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan və digər mühüm regional aktorlar, eləcə də Pakistan təmsil olunur. Bu baxımdan Azərbaycanın ŞƏT platformasında tərəfdaş kimi qəbul edilməsi ölkəmizin Böyük Avrasiya məkanında artan çəkisinin göstəricisidir. Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız onun coğrafi mövqeyi və nəqliyyat-kommunikasiya imkanları ilə məhdudlaşmır. Azərbaycan Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda daha fəal və təsir imkanları genişlənən dövlət kimi beynəlxalq platformalarda özünü təsdiqləyib. Azərbaycan bu gün beynəlxalq təşkilatlara yalnız coğrafi üstünlüklərinə görə deyil, apardığı siyasət, siyasi iradəsi və regional proseslərə təsir imkanları ilə dəyər qatan ölkə kimi çıxış edir. ŞƏT-in Azərbaycanın bu potensialını nəzərə alması təsadüfi deyil. Hazırda dünya siyasətində çoxqütblülük meyilləri güclənir və ŞƏT, TDT və İƏT kimi platformaların rolu getdikcə artır. Bu proses beynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıq mexanizmlərinin və yeni güc mərkəzlərinin formalaşdığını göstərir.
“Bu gün Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük və nüfuzlu platformanın Azərbaycanı öz tərəfdaşı kimi görməsi məhz həmin siyasi, geosiyasi və diplomatik xəttin nəticələrindən biridir. Azərbaycanın ŞƏT məkanında iştirakı həm ölkəmizin, həm də təşkilatın imkanlarını genişləndirə biləcək mühüm amildir”, – deyə deputat əlavə edib.