Azərbaycanın geostrateji məkan olaraq Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Xəzər dənizinə çıxışı və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ölkəmizə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir. Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi də bu imkanların daha səmərəli reallaşdırılması ilə müşayiət olunur. Bu mənada, Azərbaycan – Şanxay Əməkdaşlıq Təşkilatı münasibətləri xüsusi vurğulanmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, ölkəmizin beynəlxalq platformalarda səmərəli təmsilçiliyində Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, ardıcıl və milli maraqlara əsaslanan xarici siyasət mühüm rol oynayır. Bu siyasət Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmasına, regional və qlobal proseslərdə fəal iştirakına imkan yaradıb. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə dövlətimizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən siyasətin mühüm nəticələrindən biridir. Son illərdə Azərbaycanın Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Bu proses ölkəmizin Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif çoxtərəfli platformalarla əməkdaşlığın əhəmiyyətini də artırıb. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın böyük önəm verdiyi mühüm beynəlxalq platformalardan biridir.
“Azərbaycanın ŞƏT-lə əməkdaşlığı siyasi dialoqla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələri də əhatə edir. Terrorçuluq, ekstremizm, separatçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə təhlükəsizlik gündəliyində mühüm yer tutur. İqtisadi sahədə isə ticarət və investisiyalarla yanaşı, energetika, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiyalar, telekommunikasiya, kiçik və orta biznes, multimodal dəhlizlər və tranzit imkanlarının inkişafı ön plana çıxır”, - deyən Samir Vəliyev əlavə edib ki, humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq sahələrində əlaqələr tərəfdaşlığın yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini göstərir.
“Ölkəmizin təşkilatla tərəfdaşlığının institusional baxımdan inkişafında 2025-ci ildə Tiencin Sammitində qəbul edilən qərar da mühüm mərhələ olub. Müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” statusunda birləşdirilməsi təşkilat daxilində əməkdaşlıq mexanizmlərinin yenilənməsinə şərait yaradıb və Azərbaycan da yeni tərəfdaşlıq formatına daxil olub. Prezident İlham Əliyevin ŞƏT-in Bişkekdə keçirilən sammitində iştirakı ölkəmizin bu mühüm platformada rolunun daha da gücləndiyini təsdiqləyir”, - deyə deputat vurğulayıb.