Prezident İlham Əliyevin Bişkek səfərini Azərbaycanın son illərdə Avrasiya məkanında artan siyasi və diplomatik çəkisinin növbəti göstəricisi kimi qiymətləndirmək olar. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələri kimi mühüm güc mərkəzlərini bir araya gətirən geniş platformadır. Bu təşkilat hərbi-siyasi blok deyil və onun gündəliyi təhlükəsizliklə yanaşı, nəqliyyat, ticarət, enerji, rəqəmsallaşma və digər əməkdaşlıq istiqamətlərini də əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.
O bildirib ki, Azərbaycanın ŞƏT platformasında yüksək səviyyədə fəal iştirakını məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Bu, Azərbaycanın hansısa geosiyasi blokun tərəfinə keçməsi deyil, əksinə, müxtəlif güc mərkəzləri ilə milli maraqlar əsasında münasibətləri inkişaf etdirmək imkanlarının genişlənməsi deməkdir. Bakı özünü təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının siyasi, iqtisadi və nəqliyyat proseslərində maraqlı tərəf kimi təqdim edir. Bişkek sammiti də bu çoxşaxəli diplomatiyanın yeni platformalarından biridir.
Burada Azərbaycanın əsas üstünlüklərindən biri onun geostrateji mövqeyidir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşir. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda ölkəmizin əhəmiyyəti daha da artır. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizindən Azərbaycan, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırılması Azərbaycanın tranzit imkanlarını və geoiqtisadi əhəmiyyətini gücləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər infrastruktur layihələri bu baxımdan Azərbaycanın yalnız tranzit ölkə deyil, regional logistika mərkəzinə çevrilməsi strategiyasının mühüm elementləridir.
"Bişkek sammitində nəqliyyat dəhlizləri ilə bağlı müzakirələrə Azərbaycan üçün yalnız siyasi deyil, konkret iqtisadi məzmun da vermək mümkündür. Məqsəd Orta Dəhlizin yükdaşıma imkanlarının artırılması, marşrutun səmərəliliyinin yüksəldilməsi, yeni logistika və investisiya layihələrinin cəlb olunması və Azərbaycanın bu sistemdə əsas qovşaq kimi mövqeyinin möhkəmləndirilməsidir.
Azərbaycanın regional siyasi çəkisi artdıqca onun nəqliyyat və iqtisadi layihələrdə imkanları genişlənir, nəqliyyat bağlantıları genişləndikcə isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın iqtisadi əsası möhkəmlənir. Bişkek sammitinin Azərbaycan üçün əsas strateji əhəmiyyəti də məhz bu siyasi, geoiqtisadi və regional təhlükəsizlik gündəliklərinin eyni platformada kəsişməsindədir",- deyə K.Əliyeva vurğulayıb.