Prezident İlham Əliyevin Bişkekə səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti tədbirində iştirakı Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin getdikcə artan əhəmiyyətinin göstəricilərindən biridir. Səfər Azərbaycanın Mərkəzi Asiya, Avrasiya məkanı və daha geniş beynəlxalq əməkdaşlıq sistemində mövqelərini gücləndirmək siyasətinin tərkib hissəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, ŞƏT-in coğrafiyasına nəzər saldıqda bu istiqamətin Azərbaycan üçün əhəmiyyəti daha aydın görünür. Təşkilat Avrasiyanın böyük hissəsini əhatə edən, dünya iqtisadiyyatında, enerji sektorunda və beynəlxalq ticarətdə mühüm çəkisi olan dövlətləri bir araya gətirən çoxtərəfli platformadır. Çin, Hindistan, Rusiya, İran və Mərkəzi Asiya dövlətlərinin daxil olduğu bu məkan Azərbaycanın iqtisadi, nəqliyyat, enerji və geosiyasi maraqları baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan üçün burada əsas məsələ hər hansı siyasi blokun daxilində yer almaq deyil. Əsas məqsəd müxtəlif çoxtərəfli platformalarla əməkdaşlıq edərək milli maraqlara uyğun imkanları genişləndirmək, iqtisadi və siyasi əlaqələrin coğrafiyasını şaxələndirməkdir. Bu yanaşma Azərbaycanın xarici siyasətinin çevikliyini və çoxvektorlu xarakterini nümayiş etdirir.
Azərbaycan bir tərəfdən Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını inkişaf etdirir, digər tərəfdən Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə töhfə verir, İslam dünyası ilə münasibətləri genişləndirir və eyni zamanda ŞƏT kimi Avrasiya miqyaslı platformalarla əməkdaşlığını gücləndirir. Belə ki, ölkəmiz artıq orta güc dövlətinə çevrilib. Orta güc dövlətinin əsas üstünlüklərindən biri isə müxtəlif platformalar arasında əlaqələr yaratmaq, regional təşəbbüslər irəli sürmək və konkret məsələlər üzrə beynəlxalq gündəliyə təsir göstərə bilməkdir”, - deyə deputat bildirib.
Pərvanə Vəliyeva vurğulayıb ki, Azərbaycanın enerji və nəqliyyat layihələri, müxtəlif vasitəçilik təşəbbüsləri, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və çoxtərəfli platformalarda fəal iştirakı bu yanaşmanın müxtəlif nümunələridir. Bu istiqamətlərin bir-birinə alternativ kimi deyil, bir-birini tamamlayan xarici siyasət alətləri kimi nəzərdən keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir.