17 Aprel 2024 09:25
170
İQTİSADİYYAT
A- A+

Astaranı tanıdan təkcə çayı və sitrusu deyil

 

Rayon təbiəti və abadlığı ilə də məşhurdur

 

Azərbaycanın ayrı-ayrı bölgələri, o cümlədən Astara rayonu da görülən tikinti-quruculuq işləri sayəsində simasını xeyli dəyişmiş, abad bir məkana çevrilmişdir. Rayon sakinləri Astaranın gələcəkdə daha da inkişaf edib ölkənin abad bölgələrindən birinə çevrilməsi üçün əllərindən gələni əsirgəmirlər. 
Prezident İlham Əliyev Astaraya dəfələrlə səfər etmişdir. Həmin səfərlər çərçivəsində rayonda xüsusi əhəmiyyətə malik onlarca sosial obyektin təməli qoyulmuş, açılışlar edilmiş, rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar çoxsaylı sərəncamlar imzalanmışdır. Ayrılan vəsaitlər hesabına rayonun şəhər, qəsəbə və kəndlərində tikinti-quruculuq, abadlıq işləri görülmüş, yüzlərlə yeni iş yeri açılmışdır. 
Onlardan bir neçəsini sadalayaq. Bu illər ərzində Ərçivan kəndinə qəsəbə statusu verilmiş, orada Boks Mərkəzi inşa edilmişdir. Rayon mərkəzi xəstəxanası isə əsaslı təmir edilərək yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur. Bunlardan  savayı, şəhərdə ilk çoxmərtəbəli ictimai yaşayış binası, "Astaraçay" MMC-nin çay fabriki, onlarca məktəb binası, tibb müəssisəsi, inzibati binalar tikilmiş, çoxmənzilli ictimai yaşayış binaları əsaslı təmir olunmuş, Astara şəhərinin prospekt və küçələri yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilmiş, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Həmin sırada Xəzər dənizi sahilində müasir dizaynda park-bulvar kompleksinin salınması və şəhərə içməli su xəttinin çəkilməsini xüsusi qeyd etmək lazımdır. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Artupa-Səncərədi-İstisu, Siyaku-Rinə, Deqadi-Pəlikəş, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi, Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran, Kijəbə-Maşxan, Ojakəran-Tüləküvan-Təngərüd, ümumilikdə 150 km avtomobil yolunun asfaltlaşdırılması, bir neçə körpünün salınması da sıradan faktlar deyil. Mövcud olduğu dövrdə işığı və yolu olmayan Sekəşan, Dolu, Diqo, Şəvqo, Sibiyyət, Avyarud kəndlərinə avtomobil yolu və elektrik xəttinin çəkilməsi, 40-dan çox məktəb binasının tikilməsi və ya əsaslı təmir edilməsi, rayonun 52 yaşayış məntəqəsinin qazlaşdırılması, həmçinin elektrik təsərrüfatında təmir işlərinin aparılaraq əhaliyə fasiləsiz enerjinin verilməsinin təmin edilməsi də birbaşa dövlətin diqqət və qayğısının nəticəsidir.
Hazırda Prezidentin sərəncamları ilə ayrılan vəsait hesabına illərdir əhalini rahatsız edən 26 kilometrlik Çayoba-Astara magistral avtomobil yolu asfaltlaşdırılır. İndiyəcən yolu olmayan Dürriyə və Şümrüd kəndlərinə yeni avtomobil yolunun çəkilməsi isə başa çatmaq üzrədir. Dolu kəndindən Reqluba və Hamoşam kəndlərinə dairəvi yolun çəkilməsinin əhəmiyyəti nəzərə alınaraq hazırda burada da işlərə başlanmışdır. Paralel olaraq əhalinin məşğulluğunun təmin edilməsinə diqqət artırılmış, o cümlədən görülən tikinti-quruculuq işləri, aqrar sahənin inkişafı ilə əlaqədar rayonda yüzlərlə iş yeri açılmışdır.
Aqrar sahədən söz düşmüşkən. Prezidentin çayçılığın, çəltikçiliyin, sitrusçuluğun inkişafına dair imzaladığı sərəncamlardan sonra rayonda yeni innovativ üsullarla sitrus və subtropik meyvə bağlarının salınmasına maraq xeyli artmış, sitrus meyvə bağlarının sahəsi genişləndirilərək 4500 hektara çatdırılmışdır. Son illər kənd təsərrüfatının ən rentabelli sahələrindən biri olan çəltik əkini sahələri də aparılan maarifləndirmə işləri və verilən dəstək sayəsində 40 hektardan 240 hektaracan artmışdır. 
Dənizkənarı park-bulvarın salınması, gözəl və saf təbiətə malik dağ kəndlərinə asfalt yolların çəkilməsi ilə rayonda turizmin inkişafı üçün geniş imkanlar yaranmışdır. Nəticədə hər il Astaraya minlərlə turist səfər edir. Bu yerdə rayonda  keçirilən beynəlxalq tədbirləri də unutmaq olmaz. Məsələn, ötən ilin aprelində Astarada dünyanın bir neçə ölkəsindən, o cümlədən Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapurdan və təbii ki, Azərbaycandan olan məşhur tibb alimləri və həkimlərin iştirakı ilə Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilmişdir. Konqresdə 60-dan çox xarici məruzəçi, eyni zamanda Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar cəmiyyətlərinin rəsmiləri, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində çalışan tibb heyəti və digər qonaqlar iştirak etmişlər. Bu tədbirdən bir ay sonra isə dünyada ilk dəfə təşkil olunan 3x3 Basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarının bir mərhələsi Astarada keçirilmişdir. Yarışda Almaniya, Çin, Polşa, Rumıniya, Macarıstan, Çexiya, Misir, Ukrayna, Avstriya və Azərbaycan 3x3 qadın yığma komandaları, ümumilikdə 10 ölkənin 12 komandası mübarizə aparmışdır. 

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video