Naxçıvan Azərbaycan xalqının tarixini əks
etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox
dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər
biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini
göstərən abidələrdir.
Heydər ƏLİYEV
Naxçıvan ərazisi antik, orta əsrlər, yeni
və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələri ilə təkcə Azərbaycanın,
türk-islam aləminin deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindəndir. Aparılmış
elmi tədqiqatlar sübut edir ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi
bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olmuşdur. Bu ərazi antik, orta əsrlər
və müasir dövr mədəniyyət nümunələri və tarixi abidələrlə - ilk insanların yaşadığı
mağaralar, qədim yaşayış yerləri, qədim şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının
ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.
VII yüzillikdən etibarən müsəlman Şərqində
təşəkkül tapan sufi təriqətləri Azərbaycanda və eləcə də Naxçıvanda geniş yayılmışdı.
Bu təriqətlərə rəhbərlik edən şeyxlər bir sıra yaşayış məskənlərində öz yaşayış,
ibadət, zikr və təhsil mərkəzlərini qurur, ətraflarına müridlər toplayır, ideyalarını
mənimsədir, onlar vasitəsilə yerli əhali arasında və ətraf ölkələrdə yayırdılar.
Orta əsrlərdə Naxçıvanda çoxlu belə xanəgahlar yaradılmışdı. Bunlardan Naxçıvan
və Ordubad şəhərlərindəki xanəgahları, Culfa bölgəsindəki Əlincəçay xanəgahını və
başqalarını misal göstərmək olar. Məşhur sufi şeyxlərinin rəhbərliyi altında fəaliyyət
göstərən bu xanəgahlar müsəlman Şərqinin böyük xanəgahları ilə sıx əlaqədə olmuş,
Azərbaycanın və qonşu ölkələrin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışlar.
Naxçıvanın tarix-memarlıq və mədəniyyət abidələri
arasında Eldənizlər dövrü tikintilərin özünəməxsus yeri vardır. Azərbaycan Atabəyləri
dövlətinin yaranması Eldənizlər sülaləsinin banisi Atabəy Şəmsəddin Eldənizin adı
ilə bağlıdır. II Toğrulun ölumündən sonra hakimiyyətə gəlmiş Sultan Məsud
(1135-1152) Eldənizi mərhum sultanın dul qalmış arvadı Mömünə xatınla evləndirir,
1136-cı ildə isə Arranı iqta kimi ona verib Bərdəyə yola salır. Şəmsəddin Eldəniz
Naxçıvan vilayətini öz mülklərinə birləşdirir və iqamətgahını Bərdədən Naxçıvana
köçürür. O, sultan sarayından iqta aldığı Arrandan başqa Azərbaycanın bütün cənub
rayonlarını, habelə Naxçıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdirməyə
başlayır. 1146-cı ildə atabəy Naxçıvan vilayətini öz torpaqlarına birləşdirir və
həmin dövrdən başlayaraq Naxçıvan şəhəri və vilayəti Eldəniz nəslinin irsi iqtasına
çevrilir. XI əsrin II yarısından başlayaraq Naxçıvan şəhəri səlcuq əmirlərinin əsas
iqamətgahlarından biri idi. Yaqut əl-Həməvinin Azərbaycanın böyük şəhəri adlandırdığı
"Naxçıvan (Nəşavə)” şəhəri artıq XII əsrin 40-cı illərindən başlayaraq Eldənizlər
sülaləsinin nümayəndələri olan Azərbaycan atabəylərinin doğma (xass) mülk-tac şəhərinə
çevrilir. Şəmsəddin Eldəniz ailəsi Mömünə xatın və övladları ilə birlikdə burada
yaşayır.
Mənbələrdən bu da məlumdur ki, sultanın anası
və atabəyin arvadı olan Mömünə xatının əsas iqamətgahı Naxçıvan şəhəri olmuşdur.
1175-ci ilin noyabrında Şəmsəddin Eldənizin arvadı və Səlcuqlu tarixinin ən məşhur
xatınlarından olan Mömünə xatın Naxçıvanda vəfat etmişdir. Azərbaycan Atabəyləri
dövlətinin siyasi həyatında mühüm rol oynayan bu ağıllı qadın Naxçıvanda torpağa
tapşırıldı. Atabəy Eldəniz onun qəbri üzərində məqbərə tikdirməyə başladı. Lakin
Mömünə xatından bir ay sonra zəmanəsinin böyük siyasi xadimi, Azərbaycan Atabəyləri
dövlətinin yaradıcısı, bu dövlətin, eləcə də Naxçıvanın ictimai-siyasi həyatında
mühüm rol oynamış Şəmsəddin Eldəniz özü də vəfat etdi. Məqbərənin tikintisi Atabəy
Cahan Pəhləvanın vaxtında başa çatdırıldı. Türbənin uca gövdəsini yuxarıda qapayan
yazı qurşağında - abidənin baş kitabəsində yazılmışdır: "...Bu məqbərəni dünyanın
elmli adil məliki, böyük qalib Şəmsəddin Nusrət əl-islam və vəl-müslimin Cahan Pəhləvan
Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz... dünyanın və dinin calalı, islamın
və müsəlmanların namusu Mömünə xatının xatirinə tikməyi əmr etdi!..” Baştağ çərçivəsinin
üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582” (1186)-ci ilin yaz cağı olduğunu
aydınlaşdıran Ə.Ələsgərzadə türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata,
eləcə də tarixi qaynaqlara əsaslanaraq belə bir məntiqi nəticəyə gəlmişdir ki,
"...türbə Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən
sonra tikilmişdir. Şübhəsiz ki, Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir”.
IX-XII əsrlərdə Azərbaycanda memarlıq sahəsində
intibah baş verdi. İslam dini Azərbaycan memarlığına yeni üslub gətirdi. Tarixi
qaynaqlara əsasən, bu dövrdə Azərbaycanın bir sıra şəhərlərində olduğu kimi, Naxçıvan,
Ordubad və Culfa şəhərlərində, iri yaşayış məntəqələrində gözəl imarətlər, məscidlər,
minarələr, türbələr ucaldılmışdır. XII əsrdə Naxçıvanda memarlıq özünün inkişaf
mərhələsinə qədəm qoyub, dövrünün "şeyxül-mühəndisi” adlanan Əcəmi Naxçıvani yaradıcılığı
ilə yalnız Azərbaycan memarlığına deyil, Yaxın Şərq memarlığına da güclü təsir göstərib.
Əcəmi Naxçıvani o dövrdə Yusif Küseyir oğlu türbəsi, Mömünə xatın türbəsi, Qoşaminarə,
Cümə məscidi, Darülmülk və başqa nadir memarlıq inciləri yaratmışdır ki, onlardan
yalnız ikisi günümüzə qədər gəlib çatıb. Memarın ilk əsəri olan Yüsif Küseyir oğlu
türbəsinin qapısı üstündəki kitabədə yazılır: "Bu türbə xacə, şanlı rəis, dinin
zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunun sərdabasıdır”. Dünya
memarlığının nadir incilərindən olan və Naxçıvanın simvoluna çevrilən Mömünə xatın
türbəsinin xarici səthləri müxtəlif ölçülü kərpiclərdən qurulmuş ərəb əlifbasından
ibarət kitabələr, həndəsi ornamentlər və gəc üzərində nəbati təsvirlərlə bəzədilib.
Onüzlü türbənin bütün üzləri kənarlardan "Yasin” surəsinin ayələri ilə haşiyələnib.
Türbənin daxilində günbəzin iç tərəfində yerləşdirilmiş dörd medalyon nəbati ornamentlərlə
bəzədilmiş, onların içərisində kufi xətlə kitabələr yerləşdirilmişdir. Daha çox
dövrümüzə çata bilmiş xatirə abidələrində - türbələrdə qalmış məhz bu nümunələr
yeni dövrün mədəniyyətində xalqın əski adət-ənənələrindən, zəngin mənəvi dünyasından
doğan elementləri özündə yaşadır. Müqayisələr göstərir ki, memar Əcəminin bizə məlum
ilk abidələrindən olan, xalq arasında "Atababa günbəzi” adı ilə tanınan Yusif Küseyir
oğlu türbəsinin gövdə hissəsinin səkkizüzlü inşa edilməsi, Xaraba Gilandan
1980-ci ildə açılmış sərdabanın xaricdən kubşəkilli, daxildən isə səkkizbucaqlı
tikilməsi (5, s. 394), vaxtı ilə Aza şəhərinin bir məhəlləsi olmuş Der kəndi yaxınlığındakı
"Der günbəzi” adlanan türbənin səkkizguşəli olması (4, s. 308) və nəhayət, Əcəminin
şah əsəri Mömünə xatın türbəsindəki ulduzların 8 və 12 guşəli olması heç də təsadüfi
deyildi.
Bu kitabələri oxumuş Ə.Ələsgərzadə belə nəticəyə
gəlmişdir: "Onüzlü türbənin bütün üzləri kənarlardan "Yasin” surəsinin mətni ilə
haşiyələnmişdir. İki dəfə təkrar olunmaqla bu surə bir dəfə I üzdən V-yə, o biri
dəfə VI-dan X üzədək davam edir. Hər üzdə yazı sağda aşağıdan başlayıb yuxarı qalxır,
sonra yuxarıda üfüqi davam edir və soldan aşağı enir”. "Yasin” surəsi ilə haşiyələnmiş
üzləri lap yuxarıda başqa bir yazı qurşağı birləşdirir. Bu, türbənin sifarişçisini
(...Şəmsəddin Eldəniz) və kimin xatirəsinə (Mömünə xatın) ucaldıldığını bildirən
baş kitabədir.
Mömünə xatın türbəsi yüksək sənət əsəri,
orta əsr Azərbaycan memarlığının şah əsəridir. Məşhur sənətşünas, akademik M.V.Alpatov
Mömünə xatın türbəsi haqqında yazır: "Belə yüksək memarlıq forması duyğusuna, kompozisiyanın
belə klassik kamilliyinə və mükəmməl işlənməsinə
bu zamanlar Orta Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan türbəsindən klassik
Şərq ədəbiyyatının ən yaxşı əsərləri Firdovsinin "Şahnamə” (X-XI) və yaxud Nizaminin
"Leyli və Məcnun” (XII əsr) poemasında olduğu kimi, insanpərvərlik nəfəsi gəlir”.
XII əsr Azərbaycan mədəniyyətinin "intibah
dövrü” hesab edilir. Məxəzlərdən məlumdur ki, Eldənizlər ölkədə və eləcə də dövlətin
mərkəzi olmuş Naxçıvanda mədəniyyətin müxtəlif sahələrinin inkişafına qayğı göstərmişlər.
Şəmsəddin Eldəniz Naxçıvanda məktəblər açdırmış, mədrəsələr, məscidlər tikdirmişdi.
Bu dövrdə həmçinin Azərbaycan elmi vahid islam mədəniyyəti adlanan mədəniyyətin
tərkib hissəsi kimi inkişaf edirdi.
Culfa yaxınlığındakı xalq arasında "Gülüstan”
adlanan türbənin kitabəsi olmadığı üçün inşaat tarixi məlum deyildir. Üslub xüsusiyyətlərinə
əsasən türbənin XIII əsrdə tikildiyi ehtimal edilir. İki mərtəbədən ibarət olan
"Gülüstan” türbəsinin aşağı mərtəbəsi sərdaba vəzifəsini görürmüş, yuxarı mərtəbə
əsas etibarilə binaya memorial tikinti mahiyyəti verməyə məxsus bir quruluşdur.
Başqa oxşar türbələrdən fərqli olaraq, "Gülüstan” türbəsinin əsas xüsusiyyəti ondadır
ki, burada sərdaba yerin səthindən yuxarıda yerləşir. Türbənin xarici həcmi də başqa
türbələrdən fərqlənir: aşağı hissəsi kvadrat, yuxarı hissəsi on iki bucaqlıdır.
Yuxarı on iki səthli prizma ilə kürsülük vəzifəsini görən aşağı hissəni bir-birindən
geniş bir stalaktit qurşağı ayırır. Stalaktit qurşağından yuxarı hissəni təşkil
edən on iki səthinin şimala yönəlmiş giriş səthindən başqa bütün səthləri daşdan
oyulmuş həndəsi naxışlarla örtülmüşdür. Memar üç müxtəlif şəkilli həndəsi naxışları
səthlər üzərində elə sıralamışdır ki, tamaşaçı həmişə qonşu səthlərdə müxtəlif naxışlar
görür. Səthləri örtən həndəsi naxışlar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əsərlərindəki
həndəsi naxışlarla oxşardır. Öz monumental tikinti quruluşu və ecazkar görünüşü
ilə fərqlənən abidələrdən biri də Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq
kompleksidir. Kompleks türbədən, qoşa minarədən və bir dini binanın qalıqlarından
ibarətdir. Qoşa minarələrin XII əsrdə tikildiyi güman edilir. Qoşa minarələri birləşdirən
portalın isə daha sonra (XIV əsrdə) tikildiyi fikri irəli sürülür. Bürc tipli türbələrin
əsas xüsusiyyətləri Qarabağlar türbəsində də özünü göstərmişdir. Türbə aşağı sərdabadan
və yuxarı yerüstü hissədən ibarətdir. Abidənin indi dağılmış günbəzinin konus şəklində
olduğu müəyyən edilmişdir.
Ordubad rayonunun Aza kəndi yaxınlığında
yerləşən Darkənd türbəsi də maraqlı memarlıq quruluşu və dekorativ bəzək elementləri
ilə fərqlənir. Türbə bişmiş kərpicdən hörülmüş, orta hissəsi bürcvarı türbələr biçimində
olub, yuxarı hissədən sferik günbəzlə tamamlanmışdır. Abidənin dörd tərəfində yerləşdirilmiş
giriş portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ,
dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərində tünd-bənövşəyi
rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir.
Darkənd türbəsinin mürəkkəb kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi
abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra, XIV əsrin axırlarında və
ya XV əsrin əvvəllərində tikildiyinə ehtimal verir.
XIII-XV əsrlər üçün xarakterik olan memarlıq
abidələrindən biri də Naxçıvan buzxanalarıdır. Günümüzə qədər salamat gəlib çatmış
Naxçıvan və Ordubad buzxanaları daha maraqlıdır.
Memar Naxçıvandakı binanın üstünü bağlayan örtüyün sadə tağtavan formasında adi
həllindən imtina etmiş, yüngüllüyü və dinamikliyi ilə fərqlənən konstruktiv sxem
yaratmışdır. Belə konstruksiyaya respublikamızın ərazisində çox nadir hallarda təsadüf
edilir. Buna müəyyən dərəcədə oxşar konstruksiyaya yalnız Ordubad buzxanasında rast
gəlinir. Hər iki buzxananın XIII-XIV əsrlərdə tikildiyi ehtimal olunur.
Gənzə kəndində günümüzə qədər gəlib çatmış
maraqlı tarixi-memarlıq abidələrindən biri də Hacı Hüseynqulu məscididir. Naxçıvan
bölgəsinin ən qədim məscidlərindən biri hesab edilən abidənin daxili böyük salondan
ibarətdir. Sonrakı əsrlərdə qadınların sərbəst ibadəti üçün qərb tərəfdən əlavə
bina tikilib kişilərə aid salona birləşdirilmişdir. Məscidin əsas qədim hissəsi
daşdan tikilmiş və tavanı üç böyük daş sütun üzərində dayanır. Həm sütunların, həm
də sütunla divarların arası tağtavanla birləşdirilib. Divarların qalınlığı bir metrdir.
Salonda 5 divar tağçası düzəldilib. Məscidin 12 tağlı eyvanı və əlavə qonaq otağı
vardır. Məscid XV əsrdə yaşamış çox nüfuzlu el ağsaqqalı Hacı Hüseynqulu tərəfindən
tikdirilmişdir.
Səfəvilər dövrünə aid abidələr içərisində
dini mahiyyət daşıyan binalardan məscid, təkyə, zaviyə, minarə və mədrəsələr əsas
yer tutur. Belə binalardan biri də XVII əsrdə inşa edilmiş Ordubaddakı mədrəsədir.
Bu bina Azərbaycanda zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik
mədrəsə nümunəsidir. Mədrəsə ikimərtəbəli olub, tələbələrin yaşaması üçün hücrələr,
dərs otaqları, onların qarşısında kiçik eyvanlardan və bir necə təsərrüfat binalarından
ibarətdir. Baş şimal fasadı tərəfdən yeganə giriş yolu həyətə aparır. Fasada çatmatağlı
tağçaların aramlı cərgəsi bir-birindən bəsit çıxıntılarla - kürələrlə ayrılmış fasad
mərkəzdə sadə baştağla bölünmüşdür. Burada başlıca kompozisiya vasitəsi nisbətən
kiçiktağlı tağçaları iri portalla təzadlı surətdə qarşılaşdırmaq olmuşdur. Bütün
bu xüsusiyyətlərinə görə Ordubad mədrəsəsi XVI-XVII əsrlər Azərbaycan karvansaralarına
çox oxşayır, lakin karvansaralardan fərqli olaraq, burada məscid mərkəzdə yerləşir.
Ordubad mədrəsəsində başqa mədrəsələrdə təsadüf edilən böyükhəcmli məscidin olmaması
yaxınlıqda Cümə məscidinin yerləşməsi ilə izah edilə bilər. Ordubad rayonunun Yuxarı
Əylis kəndindəki Şah Abbas məscid kompleksi Ordubad mədrəsəsindən sonra yanında
mədrəsə və hamam binası olmaqla indiyədək salamat gəlib çatmış ikinci məsciddir.
Ordubaddakı Mingis məscidinin kitabəsindən
aydın olur ki, məscid hicri-qəməri təqvimi ilə 1088-ci ildə (miladi 1677-ci il)
Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilmişdir. XVII
əsrin ikinci yarısında bərpa etdirilən məscidin inşa tarixi daha əvvəlki dövrlərə
aiddir. Ordubad mədrəsəsindəki məsciddən fərqli olaraq, Mingis məscidinin ibadət
salonu daha geniş və işıqlıdır. Abidənin düzxətli tavanı mərkəzdə qoyulmuş sütunlar
və salonun kənar divarlarının üstündə yerləşdirilmişdir. Yamacda tikildiyindən şimal
tərəfdən bir, cənub tərəfdən ikimərtəbəlidir. Məscidin əsas girişi şimal tərəfdəndir.
Sadə biçimdə tikilən abidədə dövrunun memarlıq üslubuna uyğun olaraq dekorativ elementlərdən
istifadə edilməmişdir.
Ordubad rayonunun Dırnıs kəndində tikildiyi
və XVII əsrə aid edilərək Böyük məscid adı ilə tanınan Came Naxçıvan memarlıq məktəbi
ənənələrini özündə yaşadan maraqlı tarixi-memarlıq abidələrindən biridir. İki girişi
olan məscidin əsas girişi qərbdəndir. Qadınlar üçün giriş isə şərq tərəfdəndir.
Tavan iki cərgə yerləşdirilmiş on dirəyin üzərində dayanıb. Şərq və şimal divarın
qarşısında qadınlar üçün ikinci mərtəbədə balkon düzəldilib. XX əsrdə iki dəfə bərpa
və təmir olunan məscidə giriş dəhlizi və minarə əlavə olunmuşdur.
Ordubadın mülki memarlıq abidələri içərisində
diqqəti daha çox cəlb edən tarixi-memarlıq abidələrindən biri də Qeysəriyyə binasıdır.
Qeysəriyyə binası XVII əsrə aid tarixi-memarlıq abidəsi olub şəhərin mərkəzində
yerləşir. Uzun muddət "Zorxana” adı ilə tanınan bu bina mərkəzi səkkizbucaqlı zaldan
və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu
dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən
ibarətdir. Qeysəriyyə sözünün mənası ləl-cavahirat satılması üçün nəzərdə tutulmuş
örtülü bazar deməkdir. Bu tip mülki memarlıq abidəsinə yalnız dünyanın üç yerində
- Səmərqənd, Təbriz və Ordubadda rast gəlinir. Ordubad Qeysəriyyəsi bunların ən
abad və görkəmlisidir.
Naxçıvan şəhərinin cənub hissəsində yerləşən
İmamzadə memarlıq kompleksinə daxil olan əsas türbə Səfəvilər dövrünə aid olan və
Naxçıvan memarlıq məktəbi ənənələrini özündə yaşadan maraqlı abidələrdən biridir.
Kompleksin əsasını zahiri kompozisiyasına görə günbəzli məqbərə ilə qülləvarı türbənin
birləşdirilməsindən ibarət olan kvadrat plana malik türbə təşkil edir. Türbənin
daxili quruluşu isə kvadrat özüllü sərdaba ilə stalaktitlərlə tamamlanmış sferik
günbəzlə örtülmüşdür. Türbənin qüllə hissəsinin silindrvarı gövdəsinin dekorativ
həlli naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən ucaldılmışdır. Bərdə türbəsi
ilə tam eyniyyət təşkil edir. Üfüqi düzülmüş qırmızı kərpiclər və şaquli qoyulmuş
göy-bənövşəyi rəngli kaşılı kərpiclər dönə-dönə təkrarlanan epiqrafik motivli bütöv
bir xalını xatırladan naxış kompozisiyası əmələ gətirir. Naxçıvan imamzadələrindən
bəhs edərkən Babək rayonunun Nehrəm kəndindəki Nehrəm imamzadəsi və Şərur rayonunun
Xanlıqlar kəndindəki Parcı imamzadəsini də yaddan çıxarmamalıyıq. Hər iki abidə
dövrünün memarlıq ənənələrini özündə əks etdirən maraqlı abidədir. Hər iki imamzadə
kompleksinin mərkəzində türbə və onun ətrafında digər yardımcı binalar yerləşdirilmişdir.
Türbələrin üstü günbəzlə örtülmüşdür. Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindən
biri olan Hacı Məhəmməd Nəqinin adı Ordubad rayonunun Dəstə kəndindəki Meydan məscidinin
kitabəsində çəkilir. Memarın XVII əsrin əvvəllərində yaşayıb-yaratdığı məlum olur.
O, Dəstə kəndindəki Meydan məscidini tikməklə bərabər eyni zamanda Vənəndçayın üzərində
salınmış və hal-hazırda qalıqları qalan və el arasında "Hacı Nağı körpüsü” adlanan
körpünü də inşa etmişdir.
XVI əsr Azərbaycan sənətkarlığı tarixində
ən zəngin dövrlərdən biri sayılır. Tarixdən məlumdur ki, Səfəvilər dövləti əmələ
gələndən sonra Azərbaycan mədəniyyəti çox yüksək bir səviyyəyə çatmışdır. Bu zaman
adları çox ölkələrdə məşhur olan zərgərlər, parça və xalça toxuyanlar və başqa sənətkarlar
meydana çıxmışdı. Bu dövrdə Naxçıvanın şəhər və kəndlərində çoxlu toxucu, zərgər,
misgər, duluscu, həkkak, dabbağ, parça rəngləyən və başqa sənətkarlar çalışırdı.
Onların hazırladıqları məmulatlar ölkədən çox-çox uzaqlarda şöhrət qazanmışdı. Hal-hazırda
XVI-XVII yüzilliklərə aid ən zərif və orijinal yonulmuş məzar daşlarına Naxçıvanda,
Ordubadda, Culfada, Şahbuzda və muxtar respublikanın digər rayonlarında rast gəlmək
olur. Bu məzar daşları üzərində böyük məharətlə yonulmuş həndəsi, nəbati ornamentlərlə
yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta əsl mənada süjet xarakteri daşıyan
kompozisiyalara da rast gəlirik. Bunlardan yalnız bəzək kimi deyil, həm də dəfn
olunmuş şəxsin cinsini, həyatını, peşəsini əks etdirən məzar daşları üzərində qılınc,
qalxan, at, qoc, qartal, təsbeh, qadınların məzar daşları üzərində iynə, sap, güzgü,
qayçı və s. təsvirlərə rast gəlirik. Məzar daşları üzərində, bundan əlavə, bir çox
simvolik mahiyyət daşıyan rəsmlərə də rast gəlinir. Bunlardan islamı təmsil edən
Ay-ulduz, Günəşi bildirən svastika və ya zolaqlı dairə naxışlarını göstərmək olar.
Naxçıvanın tarix-memarlıq və mədəniyyət abidələri
arasında Eldənizlər və Xan saraylarının, Qeysəriyyə, Səqqaxana və digər mülki tikintilərin
özünəməxsus yeri vardır. Tarixi qaynaqlar bu memarlıq abidələri haqqında da məlumat
verir. Naxçıvan şəhəri Azərbaycan Atabəylər dövlətinin paytaxtı olarkən
(1146-1175) görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Eldənizlər sarayı
("Darülmülk”) tikilmişdir. Azərbaycan Atabəylər dövlətinin idarə olunduğu dövrdə
saray-kompleksin ilk tikintisi olmuş, ətrafdakı digər abidələr sonradan inşa olunmuşdur.
"Əcaib əd-Dünya” əsərində adı çəkilən "Darülmülk”ün Eldənizlər sarayı olduğunu mənbələr
təsdiq edir. Naxçıvan şəhərində zəmanəmizədək yaxşı vəziyyətdə gəlib çatan tarix-memarlıq
abidələrindən biri də 1787-ci ildə Naxçıvan xanlığının ən görkəmli xanlarından olan
I Kalbalı xan Kəngərli tərəfindən inşa etdirilən Xan sarayıdır. Şərq memarlıq üslubunda
tikilmiş Xan sarayı XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur.
1834-cü ildə Naxçıvanda olmuş fransız səyyah Düba de Monpere Xan sarayını "bir neçə
həyət və çoxlu zəngin bəzədilmiş otaqdan ibarət saray” kimi dəyərləndirmişdir. Xan
sarayı ikimərtəbəli olmaqla, iki ayrı-ayrı bölmədən ibarət olmuşdur. Bölmənin biri
xan ailəsinin yaşayış yeri, digəri isə yüksək mənsəbli qonaqların qəbulu üçün nəzərdə
tutulmuşdu. I Kalbalı xan XIX əsrin əvvəllərində burada Rusiyadan İrana gedən rəsmi
nümayəndə heyətini qəbul etmişdir.
Həmin dövrdə Naxçıvan şəhərinin ən möhtəşəm
memarlıq abidəsi olan Cümə məscidi Mömünə xatın türbəsi yaxınlığında yerləşmişdir.
XVII əsrdə Naxçıvanda olmuş fransız səyyah Tavernye Naxçıvan abidələrinə heyranlığını
gizlətməmiş və Naxçıvan Cümə məscidini Asiyada ən möhtəşəm məscid kimi qiymətləndirmişdir.
Bu məscid haqqında V.Engelqardt (XIX əsr) "Qafqaz” qəzetində yazmışdır: "Bu, yonulmuş
daşdan hörülmüş tağlara malik nəhəng bir binadır. Onun daxilində hələ də gözəl işlənmiş
oyma qabartmaların izləri var. Binanın bir hissəsi uçub tökülmüş, qalan hissəsi
isə uçmaq təhlükəsi altındadır”. Biz bu abidənin XIX əsrdə çəkilmiş fotosundan həqiqətən
də təsvir olunduğu kimi möhtəşəm olduğunu görürük. Qeyri-adi quruluşa malik olmuş
bu məscid dövrünün ən böyük və yüksək memarlıq üslubu ilə tikilmiş abidəsi olduğu
ehtimalını irəli sürməyə imkan verir.
Orta əsrlər zamanı Naxçıvan ərazisində fəaliyyət
göstərən ən böyük və nüfuzlu xanəgahlardan biri Xanəgah Abidələr kompleksi olub.
Kompleksin əsasını təşkil edən türbənin içərisində XIV əsrdən etibarən Azərbaycanda
geniş yayılan hürufilik təliminin banisi Fəzlullah Nəimi dəfn olunub. Kompleks əsaslı
şəkildə bərpa olunaraq ziyarətçilərin istifadəsinə verilib. Bu gün də əhali müqəddəs
məkan kimi bu abidəni ziyarət edir, məkanın mənəvi saflıq və rahatlıq verdiyinə
inanır.
Qədim mədəniyyət mərkəzlərindən biri olan
Azərbaycan bütün dövrlərdə dünyanın diqqətində olub. Müxtəlif mədəniyyətlərin, dünyagörüşlərinin
vəhdət təşkil etdiyi ölkəmizdə islam mədəniyyətinin xüsusi yeri var. Azərbaycanda
bir sıra şəhərlər, eləcə də tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən
biri olan Naxçıvan bütün böyük keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin
layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Müəyyən səbəblərdən dağılmağa
məruz qalmış bəzi abidələr isə sonrakı illərdə, xüsusilə dövlət müstəqilliyi bərpa
edildikdən sonra təmir və bərpa olunmuş, onlara ikinci həyat verilmişdir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan
xalqının həm tarixinin, həm mədəniyyətinin, həm də adət-ənənələrinin milli-tarixi
kontekstdə elmi tədqiqinə ehtiyac olduğunu göstərmişdir. Belə ki, ulu öndər Milli
Elmlər Akademiyasının üzvləri ilə görüşündə XIX-XX yüzillərdə tariximizin obyektiv
yazılmasının, onun düzgün tədqiq edilməsinin zəruriliyini qeyd etmişdir.
Milli və mənəvi dəyərlərimizə qayıdışın və
tariximizin öyrənilməsi siyasətinin məntiqi davamı olaraq Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov mədəniyyət abidələrinin əsaslı şəkildə tədqiq
edilməsi, qeydə alınması, bərpa edilməsi və gələcək nəsillərə çatdırılması üçün
6 dekabr 2005-ci il tarixdə "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix-mədəniyyət
abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncam
imzalamışdır. Bu sərəncama əsasən muxtar respublika ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili məqsədilə komissiya
yaradılmışdır. İşçi qrupu muxtar respublika ərazisində 1218 abidəni qeydə almış
və pasportlaşdırmışdır. Qeydə alınaraq pasportlaşdırılan bu abidələrdən 841-i yeni
aşkar olunmuş və ilk dəfə elmi dövriyyəyə daxil edilmişdir.
Naxçıvanın müasir inkişafında milli və mənəvi
dəyərlərimizə qayıdış xüsusi yer tutur. Son illər muxtar respublikada 139 məscid
tikilmiş və yenidən qurulmuş, 70-dan artıq tarix və mədəniyyət abidəsi bərpa edilərək
dindarların və zəvvarların ixtiyarına verilmişdir.
Muxtar respublika ərazisində islam mədəniyyətinin
qiymətli abidələri sırasına İmamzadələr də daxildir. Müxtəlif bölgələrdə yerləşən,
milli ornamentlərə və yüksək memarlıq xüsusiyyətlərinə malik İmamzadələr bərpa olunub.
1200-dən artıq tarixi abidəyə malik olan Naxçıvan özündə 57 dünya əhəmiyyətli abidəni
hifz etməklə bəşər mədəniyyətini zənginləşdirir.
Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin
mühüm iqtisadi göstəricilərinə görə Azərbaycan Respublikasının regionları arasında
birincilik qazanması burada illərdən bəri aparılan ardıcıl quruculuq proseslərinin
qanunauyğun məntiqi nəticəsidir. Naxçıvanın 2018-ci ilin Gənclər Paytaxtı seçilməsi
burada insan resurslarının sürətli artımı ilə bərabər, həm də ölkəmizin yeni nəsillərinin
inkişafına yaradılan geniş imkanları da nümayiş etdirir. Eyni zamanda İslam Ölkələrinin
Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ISESCO) təklifi ilə İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində
keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün
İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Bu bir reallıqdır ki, bəşər sivilizasiyaları
arasında islam sivilizasiyasının daim xüsusi yeri olub. Ümumiyyətlə, islamın geniş
yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün olmazdı. İslamın yayılması
həm də mədəni ənənə və elmlə bağlıdır. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən
biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin
layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Naxçıvanın İslam Mədəniyyətinin
və Gənclərin Paytaxtı olması həm də keçmişlə gələcək arasında sağlam körpü, nəsillərarası
qırılmaz mənəvi bağlar deməkdir. Sağlam milli-mənəvi və dini dəyərlər, dövlətçilik
və vətənpərvərlik ideyaları əsasında yetişən gəncliyin formalaşdırılması baxımından
ali təhsil müəssisələrinin üzərinə də müəyyən öhdəliklər düşür. Bu istiqamətdə Naxçıvan
Dövlət Universitetində təşkil olunmuş "Tarixi abidələrimizi tanıyaq və tanıdaq”
adlı yaradıcılıq müsabiqəsinin özünəməxsus rolu olmuşdur.
Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvan
təkcə islam aləmi üçün deyil, bütün dünya xalqları üçün bəşəriyyətin ikinci yaradılış
yeri hesab edilir. Məhz buna görə də bu gün Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı
adına layiq olmaqla yanaşı, həm də sivilizasiyalararası dialoqun ideal mərkəzi kimi
çıxış etməyə, dünya mədəniyyətinin mərkəzi olmağa layiqdir.
Sevinc ABBASOVA,
Naxçıvan Dövlət Universitetinin Azərbaycan
tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru